Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1480/2021 21.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olan) cavabdehin nümayəndəsi X4 (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 126, mənzil 191-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin 4 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Sabirabad rayonu, Nərimankənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 23 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.03.1999- 02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsinin rəisi vəzifəsində işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsinin rəisi vəzifəsində işlədiyi iş illəri sosial sığorta stajı kimi nəzərə alaraq 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21.10.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür, istehsalatın müxtəlif sahələrində işləmiş, həmin dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə X9 şəxsinin 4 saylı regional ərazi filialına yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin filialın 23.06.2021ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Sabirabad rayonu Qaratəpə kəndində X2 Suvarma və Meliorasiya müəssisəsinin rəisi vəzifəsində işlədiyi dövrlər əmək kitabçasında qeyd olunsada, hesablaşma kitabında 01.03.1999-02.01.2004-cü illər üzrə (4 il 10 ay 1 gün) məcburi dövlət sığorta haqqı köçürülmədiyi əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əmək kitabçasına əsasən ümumi iş stajı 25 ildə çoxdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı 21.06.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün filiala müraciət etmişdir. İddiaçı əlilliyinin müddəti 06.04.2021-ci il tarixdə bitdiyi üçün ikinci dərəcəli əlilliyə görə əmək pensiyası müddəti 30.04.2021-ci il tarixdən dayandırılmışdır. Yaşa görə pensiya hüququ 01.05.2021-ci il tarixdən yaranır. İddiaçı təqdim etdiyi sənədlər araşdırılarkən ümumilikdə 28 il 5 ay 7 gün sığorta stajı hesablanmışdır. Lakin 01.12.1992-ci ildən 02.01.2004-cü ilədək (11 il 1 ay 1 gün) Sabirabad rayonu Qaratəpə kəndində X2 Suvarma və Meliorasiya müəssisəsində işləməyinə dair sosial sığorta stajı araşdırılarkən müəyyən edildi ki, müəssisənin əmr kitabında işə girmə və işdən azad olunma əmrləri qeyd edilsədə müəssisə 01.03.1999-02.01.2004-cü illərdə məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. Belə olduğu halda 01.03.1999-02.01.2004-cü illərin (4 il 10 ay 1 gün) sosial sığorta stajı nəzərə alınmadıqda 23 il 7 ay 6 gün sosial sığorta stajı müəyyən edilir. 01.12.1992-01.03.1999-cu illər mübahisəsiz, 01.03.1999-02.01.2004-cü illər mübahisəli sosial sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivindən daxil olmuş 29 sentyabr 2021-ci il tarixli, 99 nömrəli cavab məktubunda müəssisənin sənədlərinin mühafizə üçün arxivə təhvil verilmədiyi bildirilmişdir. Odur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (4 saylı regional ərazi filialı) Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Nərimankənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 23.05.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23.05.1974-13.05.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan 03.05.1979-cu il tarixli, 023177 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-ci ildə X5 Texnikumuna daxil olmuş və 1979-cu ildə Sənaye Tikintisi və Mülki Tikinti ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 02.10.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki İddiaçı 25.05.1979-cu il tarixdən 02.01.2004-cü il tarixədək əmək fəaliyyətində olmuş, 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsinin rəisi vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 4 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 23.06.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçının ümumilikdə 28 il 5 ay 7 gün sığorta stajı müəyyən olunmuşdur. Lakin 01.12.1992-ci ildən 02.01.2004-cü ilədək (11 il 1 ay 1 gün) Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsinin rəisi vəzifəsində işləməyinə dair sığorta stajı araşdırılarkən müəssisənin əmr kitabında işə girmə və işdən azad olunma əmrləri qeyd edilsədə, müəssisə 01.03.1999-02.01.2004-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. Belə olduğu halda 01.03.1999-02.01.2004-cü illərin (4 il 10 ay 1 gün) sığorta stajı kimi nəzərə alınmasına imtina olunduğu üçün 23 il 7 ay 6 gün sığorta stajı müəyyən edilir ki, buda yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan staja kifayət etmir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 25.08.2021-ci il tarixli, **********436400 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən 18.12.1997-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə “Sabirabad rayon X1 Suvarma və Meliorasiya” müəssisəsinin vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. “Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya” müəssisəsinin vergi orqanında 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 02.10.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası 01.05.2021-ci il tarixdən təyin edilməlidir. Belə ki, o, 01.05.2021-ci il tarixədək 2 qrup əlil kimi əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.03.1999-02.01.2004-cü illərdə Sabirabad rayonu Qaratəpə kəndində X1 Suvarma və Meliorasiya müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1480/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1480/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver