Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1480/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarının iddiaçı və adları qeyd olunan şəxslər X32, X19, X15, X28, X20, X21, X33 və X36 ilə bağlı hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarını və həmin qərar əsasında verilmiş JN-036A KOD 80200016 saylı şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 01 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsi, X15, X28, X20, X21, X22, X33, X36, X23 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan məhkəmənin 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı iddia tələbi dəqiqləşdirilərək “Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarının iddiaçı və adları qeyd olunan şəxslər X32, X19, X15, X28, X20, X21, X33 və X36 ilə bağlı hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-1480/2023 nömrəli məktubla İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsi mərhum qardaşı X16 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında JN- 036A KOD 80200016 saylı şəhadətnamə X11, X9, X17, X12, X21, X33 və X29 verilmişdir ki, mərhum anası bu proseslərdən xəbərsiz olmuş və süni surətdə kənarda saxlanılmış, lakin son zamanlar ona qarşı irəli sürülmüş tələblərdən və ona qarşı qaldırılmış iddialarla əlaqədar ona məlum olmuşdur ki, sözügedən torpaq sahəsi tam qanunsuz şəkildə mərhum X16 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhz bu səbəbdən də və aşağıda qeyd etdiyi xüsusatlara əsasən həmin şəhadətnamə ləğv edilməlidir. Hazırki iş üzrə cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, aidiyyəti qurum olan Lənkəran Şəhər İcra Hakimiyyəti onun müraciətinə müsbət cavab vermədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona verilmiş cavab məktubunda araşdırma zamanı müəyyən edildi ki, Aqrar İslahat Komissiyası tərəfindən Lənkəran rayonunda vətəndaşlara torpaq sahəsinə dair şəhadətnamələrin verilməsindən ötrü torpaq islahatı aparıldığı zaman mənzil növbəsində olmaqla Lənkəran şəhərində qeydiyyatda olduğundan adı həmin şəhadətnamədə qeyd olunmamışdır. Mərhum X2 nə ev növbəsinə dayanmamışdır, nə də ki, şəhərdə qeydiyyatda olmamışdır. Tam əksinə o dünayasını dəyişənədək Lənkəran rayonunun keçmiş Kirov qəsəbəsində, yəni hazırda İstisu qəsəbəsi kimi tanınan və adlanan qəsəbədə qeydiyyatda olmuşdur və orada faktiki olaraq yaşamışdır. Bu fakt onu deməyə əsas verir ki, şəhadətnamə verilərkən saxtakarlığa yol verilmiş və bu hal ondan və anasından gizlədilmişdir. 1947-ci il tarixdən hal-hazırki dövrədək İstisu qəsəbəsində atası və anasının sağlığında əldə olunmuş və atasına məxsus olan evdə yaşamış və indi də yaşayır. Həmin faktı Lənkəran rayonunun İstisu qəsəbə İƏD nümayəndəsi tərəfindən verilmiş arayış da təsdiq edir. X2 2000-ci il tarixdə dünyasını dəyişmişdir. Dünyaya göz açandan hazırki dövrədək qəsəbələrində atasına verilən evdə ailəsi və onunla eyni gündə dünyaya gəlmiş əkiz bacısı X18 yaşayır. X8 xx.xx.1970-ci il tarixdə İstisu qəsəbəsində vəfat etmişdir və vəfat edən günə kimi İstisu qəsəbəsində yaşamışdır. Ona məxsus evdə hal-hazırda yaşayır. Onun mərhum atası dünyasını dəyişdikdən sonra ona məxsus olmuş 0.15 hektar torpaq sahəsi və eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbə kənd inzibati ərazi dairəsi nümayəndəliyinin təsərrüfatbaşına kitabından edilmiş 144 nömrəli çıxarışda qeyd olunur ki, Lənkəran rayonunun İstisu qəsəbə kənd inzibati ərazi dairəsində nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabın 94-cü səhifəsində İstisu qəsəbəsində 0.06 ha həyətyanı torpaq sahəsində 1964-cü ildə Kirov çay sovxozu tərəfindən inşa bir mərtəbəli 4 otaqlı ümumi sahəsi 50 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi barədə qeyd vardır. İddia ərizəsinə əlavə olunmuş həmin arayış da onu deməyə əsas verir ki, sözügedən torpaq sahəsi və ev mərhum atasına və anasına uzun müddət fəhlə işlədiklərinə görə Kirov çay sovxozu tərəfindən verilmişdir. Deməli miras əmlakda onun da payı vardır. Həmin miras əmlakdan qanunsuz şəkildə məhrum edilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2013-cü il tarixli arayışdan isə görünür ki, anası X1 rayonunun İstisu qəsəbəsində xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu fakt da onu deməyə əsas verir ki, anası Lənkəran rayonunun İstisu qəsəbəsində yaşamışdır və orada da qeydiyyatda olmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2015-ci il tarixli arayışdan görünür ki, X3 rayonunun Kirov (İstisu) qəsəbəsində vəfat etmişdir. İddia ərizəsinə əlavə olunmuş 11 fevral 2020-ci il tarixli arayışdan da görünür ki, həqiqətən X34 xx.xx.1970-ci ildə İstisu qəsəbəsində vəfat etmişdir və vəfat edən günə kimi İstisu qəsəbəsində yaşamışdır. Ona məxsus evdə hal-hazırda oğlu İddiaçı yaşayır. Lakin bu faktlar bir kənara qoyulmuş və onun qanuni mənafeyimə zidd olaraq JN-036A KOD 80200016 saylı şəhadətnamə tərtib olunmuşdur və bu barədə ona heç bir məlumat verilməmişdir. Hətta mübahisəli şəhadətnamə verildiyi zaman anası sağ-salamat olmuşdur. Belə olan təqdirdə onun şəhadətnamədə adının qeyd edilməməsi və payının müəyyən edilməməsi onu deməyə əsas verir ki, şəhadətnamə götürülərkən tamamilə qanunsuz hərəkətlərə yol verilmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”ndən mənə ünvanlanmış cavab məktubunda göstərilir ki, Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı Qərarın təqdim edilməsi qanunamüvafıq qaydada hüquq sahibləri, onlar tərəfindən vəkil edilmiş şəxslər, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslər və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanları və bələdiyyələrin müraciətləri əsasında aparılır. Hüquqmüəyyənedici sənəd barədə məlumatın verilməsi ilə bağlı etibarnamə və ya vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunarsa məktubda göstərilən məsələyə baxıla bilər. Məktubdan göründüyü kimi onun müraciətinə müsbət cavab verilməmişdir və Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarının əldə olunmasından ötrü məhkəmənin yardımına ehtiyacı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Sözügedən maddənin V hissəsində isə qeyd edilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Cavabdehlər onun mülkiyyət hüququnu pozmuş olduğundan Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəliklə bağlı normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin də mülkiyyətlə bağlı prinsipləri və normaları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqlann müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilnıəsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MM-in 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. İş materiallarından da məlum olur ki, mübahisəli torpaq sahəsi tərəflərin və maraqlı şəxslərin paylı mülkiyyətlərində olmuşdur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd olunan Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrinə istinad edərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs X15 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarının və həmin qərar əsasında verilmiş JN-036A kod 80200016 saylı artıq mövcud olmayan və hüquqi qüvvəsini itirmiş şəhadətnamənin ləğvi barədə heç bir dəlil-sübutu olmayan, tamamilə absurd, gülünc, əsassız, qeyri-qanuni və hüquqi cəhətdən əsaslandırılması tamamilə qeyri-mümkün olan iddiası ilə bağlı üçüncü şəxs qismində və həmçinin həmin şəhadətnamənin müvafiq ekspertizadan keçirilməklə ləğv edilərək hüquqi əsasında AR Mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq torpağa mülkiyyət hüququmuzu təsdiq edən torpağa dair ilkin mülkiyyət hüququ verən mövzu-bəhs şəhadətnamənin hüquqi qüvvəsini itirmiş sayılaraq yenə əsasında 25 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri "Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”(qeydiyyat nömrəsi **********) və müvafiq texniki pasport (reyestr nömrəsi 80201312 7374-10301) Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Əsas Qanunu-Konstitusiya ilə təsbit olunan və qorunan, həmçinin torpağa dair əsas mülkiyyət sahibi olduğunu təsdiq edən bu mötəbər dövlət sənədi əsasında hüquq sahibi olaraq iddiaçı tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq şübhə altına alınan və heç bir dəlil-sübut olmadan mübahisələndirilərək mübahisə predmeti olmasına cəhd edilən həmin torpaq mülkiyyətinin qanuni mülkiyyətçisi olaraq hüquqlarının qanuni, əsaslı, AR Mülki Məcəlləsi və AR Konstitusiyası ilə qorunduğunu təsdiq edən bütün təkzibedilməz dəlil və subutlarla ətraflı olaraq 25 fevral 2023-cü il tarixində və 20 may 2023-cü il tarixində Dövlət Poçt Xidmətindən istifadə edərək kağız daşıyıcı vasitəsi ilə rəsmi şəkildə şəxsən ona ünvanlanmış ərizə ilə müraciət etmişdir. İddiaçı 1930-cu illərdə fəhlə qəsəbəsi kimi yaradılmlş Lənkəran rayonunun Kirov (hazırda İsti-Su) qəsəbəsində sonrakı illər ərzində işləmək üçün müxtəlif yerlərdən buraya köçmüş ailələrə 1965-ci ildə dövlət tərəfindən yalnız dövlətin balansında saxlanmaqla tikilib yaşamaq üçün istifadəyə verilmiş həyətyanı sahələrdən biri olan yaşadığı həyəti və orada olan kommunal mənzili bilərək, qəsdən və aşkar şəkildə məhkəməni aldatmağa cəhd edərək ata mülkü kimi təqdim etməyə çalışır. Halbuki bu həyətyanı sahə və mənzil o zaman qəsəbədə mədəniyyət evinin müdiri vəzifəsində çalışmış mərhum həyat yoldaşıma dövlət tərəfindən verilmişdir. Həyat yoldaşının valideynləri təqaüdçü idilər və dünyadan köçənə qədər həyat yoldaşının himayəsində yaşamışlar. Həyət isə işləyən adamlara verilirmiş və bunun üçün "həyət pulu" adlanan dövlət ödənişi hər ay həyat yoldaşının maaşından tutulurdu. 1998-ci ildə isə orada yaşayan bütün ailələr kimi onlara da Respublika Aqrar İslahat Komissiyasl tərəfindən torpağa ilkin mülkiyyət hüququnu təsdiq edən heç bir zaman mübahisə predmeti olması mümkünsüz qanuni sənəd olan şəhadətnamə təqdim edilərək yaşadığı həyətyanı sahə dövlət balansından çıxarılaraq ailələrinə verilmişdir. Onun hazırda 74 yaşı var və ahıl bir qadındır. Psixopat bir şəxs olan İddiaçı və onun oğlu olan (əslində müvafiq məhkəmə qərarı ilə Məhkəmə Psixoloji Ekspertizası keçirilməklə Ruhi-Əsəb Dispanserinə yerləşdirilməli olan) ruhi xəstə X13 ona və ailə üzvlərinə qarşı mütəmadi olaraq davam edən və dillərinin leksionunda olmayan ən ədəbsiz və aşkar böhtan xarakterli söyüşlər və təhqirlərlə müşayiət olunan şəxsiyyətə qarşı təhrikçi və zorakı davranışları, qanunsuz əməlləri və həddini aşan anormal hərəkətləri nəticəsində sinir iflici keçirmişdir. Ata-oğul psixopatlar tərəfindən ağbirçək bir qadın olaraq şərəf və ləyaqətinin davamlı olaraq alçaldılması və təhqir edilməsi səbəbində bir neçə dəfə infarkt keçirmiş, davamlı keçirmiş olduğu əsəb gərginliyi və stress nəticəsində ayaqları tutularaq hərəkət məhdudiyyətinə səbəb olmuşdur. Ondan başqa 2 oğlu və qızı da bu səbəbdən hal-hazırda ciddi ürək-damar problemləri yaşayır. Müraciət etdiyi aidiyyəti üzrə dövlət qurumları isə həyətlərində qanunsuz yaşadıqları halda mülk sahibi olaraq qanunla qorunan mülkiyyətlərinə qarşı qanunsuz təcavüz edərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmaları azmış kimi ailələrinə qarşı mütəmadi təxribat xarakterli hücumlar edərək onlara daim stress və əsəb gərginliyi yaşadan bu psixopatların qarşısında acizlik nümayiş etdirir. Bu səbəbdən dincliyi və rahat yaşama hüquqları da pozularaq stress və əsəb gərginliyi az qala onlar üçün gündəlik həyat ritminə çevrilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin nümayəndəsi, X32, X19, X15, X28, X20, X21, X33 və X36 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin nümayəndəsi, X32, X19, X15, X28, X20, X21, X33 və X24 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-036A KOD 80200016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin tısdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən 0,15 ha. torpaq sahəsi X16, onun ailə üzvləri X15, X28, X20, X21, X22, X33, X36, X23 və X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin 15 avqust 2013-cü il tarixli, 3172 nömrəli arayışından görünür ki, X1 rayonunun İstisu qəsəbəsində xx.xx.2000-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2000-ci il tarixli kitabın 351 saylı səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin 28 yanvar 2015-ci il tarixli, 338 nömrəli arayışından görünür ki, X3 rayonunun Kirov qəsəbəsində xx.xx.1970-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.1970-ci il tarixli kitabın 4 saylı səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsində nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 12-27/378 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən onun X2 xx.xx.2000-ci ildə İstisu qəsəbəsində vəfat etmişdir və vəfat edən günə kimi İstisu qəsəbəsində yaşamışdır. Ona məxsus evdə hal-hazırda oğlu- İddiaçı yaşayır. İş materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsində nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 12-27/71 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən onun X8 xx.xx.1970 ci ildə İstisu qəsəbəsində vəfat etmişdir və vəfat edən günə kimi İstisu qəsəbəsində yaşamışdır. Ona məxsus evdə hal-hazırda oğlu İddiaçı yaşayır. İş materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsində nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 12-27/158 nömrəli təsərrüfat kitabının çıxarışından görünür ki, İddiaçı İstisu qəsəbəsində fərdi yaşayış evi və ya mənzil vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. 27 aprel 2022-ci il tarixdən Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-22/09 nömrəli məktubundan görünür ki, İddiaçı 10 oktyabr 1949-cu ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 1998-ci ildə İstisu qəsəbəsində islahat aparılan zaman İstisu qəsəbəsində qeydiyyatda olmadığına görə ona pay və həyətyanı torpaq sahəsinə aid şəhadətnamə verilməmişdir. JN-36 A KOD 80200016 saylı şəhadətnamə onun qardaşı mərhum X25 məxsusdur. İddiaçı hal-hazırda həmin həyətdə atasına məxsus,1940 cı ildə tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-7320/2023 nömrəli məktubundan görünür ki, yaranmış zərurətlə əlaqədar, İddiaçı və ailə üzvlərinə ayrılmış torpaq sahəsinə dair Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 nömrəli qərarının, X4 adına verilmiş JN-036A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və onun verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, "xxxx" MMC-nin arxivində Lənkəran rayonu, İstisu qəsəbəsi üzrə mövcud olan subyektlərin siyahılarında İddiaçı və X4 adları aşkar edilməmişdir. O cümlədən X4 adı JN-036 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş sənədlərin surəti təqdim edilir. İş materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-22/41 nömrəli məktubundan görünür ki, Mirzəyev X31 rayonu İstisu qəsəbəsində Aqrar İslahat aparılan zaman qeydiyyatda olmadığına görə ona pay torpağı verilməmişdir. O, X2na məxsus İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 94cü səhifəsində 0,06 ha həyətyanı torpaq sahəsində Kirov çay sovxozu tərəfindən inşa edilmiş, 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 80,0 kv.m, yaşayış sahəsi 60,0 kv.m olan fərdi yaşayış evində yaşamış və hal-hazırda da həmin evdə yaşayır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, İddiaçı Mirzəyev X31 Rayon X14 30 may 1998ci il tarixli 10 saylı qərarını mübahisələndirir və iddia ərizəsində cavabdeh qismində Lənkəran rayon İcra Hakimiyyətini qeyd edərək Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarının X32, X19, X15, X28, X20, X21, X33 və X36 ilə bağlı hissədə ləğv edilməsini xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əsasən Lənkəran rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-22/41 nömrəli məktubundan görünür ki, Mirzəyev X31 rayonu İstisu qəsəbəsində Aqrar İslahat aparılan zaman qeydiyyatda olmadığına görə ona pay torpağı verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə predmet olan Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarı iddiaçı tərəfindən qanunvericilikdə qeyd edilən müddətlə bağlı şərtlər pozulmaqla 2022-ci ilin dekabr ayında (məhkəməyə daxil olduğu vaxt), yəni uzun müddətdən sonra mübahisələndirmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3005/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X15 və digərlərinin iddiası üzrə Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Lənkəran rayonu İstiu kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən edilən maneələrin aradan qaldıılması və İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnamədən və iş materiallarına əlavə edilən digər sənədlərdən iddiaçı ilə üçüncü şəxslər arasında artıq uzun müddətdir ki, torpaq sahəsi üzrə mübahisələrin olduğu və tərəflərə qeyd edilən Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarından məlumatlarının olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Lənkəran rayon Aqrar İslahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərardan narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1 (102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 02 may 2023-cü il tarixli, 2-1(120)-1480/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı ilə müddətin bərpası ilə bağlı ərizəsinin müzakirəsi aparılmışdır. Belə ki, hazırkı halda müddətin ötürülməsi aşkardır ki, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas qismində iddiaçının müddət bərpa barədə ərizə verilməsi ilə əlaqədar ola bilər. İddiaçı da həmin ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan sərəncamlar barədə iddiaçı məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları qeyd edilən iddiaçıya 2021-ci il tarixində məlum olması və mülkiyyətlə bağlı mübahisələrə iddia müddətin şamil edilmədiyi ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb mülkiyyətlə bağlı deyil inzibati orqanın qərarının ləğvi ilə, eləcə də təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran Rayon X14 30 may 1998-ci il tarixli 10 saylı qərarının iddiaçı və adları qeyd olunan şəxslər X32, X19, X15, X28, X20, X21, X33 və X36 ilə bağlı hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1480/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1480/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver