Məhkəmə qərarları › İş №2-1(120)-1484/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1484/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1484/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “son haqq hesabın və işlədiyi illərə görə istifadə etmədiyi məzuniyyət pulunun alınıb verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “son haqq hesabın və işlədiyi illərə görə istifadə etmədiyi məzuniyyət pulunun alınıb verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı son haqq hesabın və işlədiyi illərə görə istifadə etmədiyi məzuniyyət pulunun alınıb verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh X4 idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 idarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia tələbi “işdən çıxmağı ilə əlaqədar son haq hesabın aparılaraq ödənilməsi və xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi işlədiyi illərə görə məzuniyyətə çıxmadığı nəzərə alınaraq ümumi məzuniyyət pulunun alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-531/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-531/2024 nömrəli qərardadı ləğv edilərək inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il tarixli, 220 nömrəli əmrlə İmişli rayon Mədəniyyət Şöbəsində baş mühasib vəzifəsinə təyin olunmuş, İmişli rayon İcra Hakimiyyəti başcısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, öz ərizəsinə əsasən İmişli rayon İcra Hakimiyyəti başcısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmri ilə tutduğu vəzifədən azad olmuşdur. İşlədiyi dövr ərzində məzuniyyətdən istifadə etməmiş, işdən azad olunandan sonra dəfələrlə İmişli rayon Mədəniyyət şöbəsinə müraciət etmişdir ki, onunla son haqq hesab edilsin, lakin ona son haq hesabın aparılması ücün pul vəsaiti olmadığı bildirilmişdir. İndiyə qədər məhkəməyə müraciət etməməyinin səbəbi xx.xx.2016cı il tarixdə Maliyyə Nazirliyinin Ağcabədi X11 İdarəsi tərəfindən mədəniyyət və turizm şöbəsinin maliyyə təsərrüfat fəaliyəti yoxlanılıb və yoxlamanın nəticəsində CM-nin 179.2.3-cu maddəsi ilə onun barəsində cinayət işi acılıb və bundan sonra istintaq araşdırması aparılıb və o, iki ay iyrimi gun Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilmişdir. 19 dekabr 2017-ci il tarixdən Lənkəran şəhər Agır Cinayətlər məkəməsində onun məhkəmə prosesi başlayıb, 2018-ci ilin sonlarina qədər məhkəmə prosesi davam etmişdir. Ağır açıq ürək əməliyyatı keçirmiş, İİİ-cü funksional xroniki ürək catışmamazlıgından əziyyət çəkir, ikinci qurup əlil, çox vaxt xəstə olmuş, hal-hazırda da xəsdədir. (hal-hazırda müalicə olunur, ömürlük ambulator müalicədə) Sonrakı ildə yəni, 2020-ci ildə məlum pandemiya infeksyasının ölkədə geniş yayılması və 27 sentyabr tarixindən torpaqların azadlığı uğrunda gedən müharibə və sairə bu kimi səbəblərdən vaxtında müraciət edə bilməmişdir. 18 dekabr 2020-ci il tarixdən Kürdəmir rayon məkəməsinə müraciət etmiş, Kürdəmir rayon məhkəməsi apardığı araşdrmalardan və qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən xx.xx.2022-ci il tarixdə 2(041)- 960/2022 nömrəli işlə ona çatası son hesabın ödənilməsi barədə qərar qəbul olunmuşdur. Qarşı tərəf ona çatası son hesabı ödəməkdən imtina etmiş və işə yenidən baxılması ücün Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsi 03 noyabr 2022-ci il tarixli, 2(106)-2039/2022 saylı qərarla işə xitam vermiş və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyev məhkəmə zalında ona çatası son hesabın ödənilməsi üçün X4 idarəsinə ərizə ilə müraciət etməyi bildirmişdir. Ona çatası son hesabın ödənilməsinə dair işə Kürdəmir rayon Məhkəməsi yox, Şirvan İnzibati Məhkəməsi baxmalı olduğunu ona şifahi izah etmişdir. Yenə X4 idarəsinə 12 dekabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və bir nəticə olmamışdır. Belə ki, Əmək Məcələsinin 139-cu maddəsinin 1-ci və 2-ci bəndinə əsasən məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri və Əmək Məcələsinin 140-cı maddəsinin 1, 2, 3-cü bəndlərini rəhbər tutaraq məzuniyyət vaxtı ücün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, Əmək Məcələsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, ona catası əmək haqqı göstərilən maddələrə əsasən 24556.60 manat təşkil edir. 2018-ci ilin mart ayında dövlət quluqcularının əmək haqqı 10% artaraq 27012.26 manat olmuş, 2019cu ilin sentyabr ayında dövlət qulluqçularının əmək haqqi 44% artaraq 38897.65 manat olmuşdur. 2019-cu ildən sonrakı əmək haqlarında olan artımlarda nəzərə alınmalıdır. Həmin artımları nəzərə almağı da xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 292-294-cü maddələrinə əsasən işçi əmək hüquqlarının pozulması ilə bağlı pozulmuş hüquqlarının bərpası barədə məhkəməyə müraciət edə bilər. Əmək Məcələsinin 83-cü məddələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və işçiyə ödəniləcək son haqq hesab əmək müqaviləsinə xitam verilən gün işçiyə verilməlidir. Müdiriyyət qanunun həmin tələbini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi cavabdeh X1 İdarəsinə aid hissədə mümkün sayılmamalıdır. Bununla yanaşı, həmin məsələ ilə əlaqədar dəlillər məhkəmə tərəfindən qəbul edilmədiyi halda, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq İnzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Qeyd olunmalıdır ki. Əsasnamənin 28 oktyabr 2016-cı il tarixinədək qüvvədə olmuş 4.1.9- cu bəndinə əsasən yerli mədəniyyət şöbələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçıları vəzifəyə təyin etmiş və vəzifədən azad etmişdir. Yerli icra hakimiyyəti başçılarının sözügedən səlahiyyəti yalnız Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 oktyabr tarixli 1088 nömrəli Fərmanı ilə aradan qaldırılmışdır. Adıçəkilən səlahiyyətdən irəli gələrək, həmçinin iddia ərizəsində iddiaçı tərəfindən də təsdiq edildiyi kimi, iddiaçı İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə işə qəbul edilmiş və işdən azad edilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə işəgötürən qismində İmişli Rayon İcra Hakimiyyəti çıxış etmiş, bu səbəbdən də iddiaçı ilə son haqq-hesabı da məhz adıçəkilən qurum həyata keçirməli idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqq və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, ödənilməli əmək haqqı və digər ödəmələrin ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur. Bundan irəli gələrək, iddiaçıya münasibətdə işəgötürən qismində X1 İdarəsi çıxış etməmiş, adıçəkilən İdarə mübahisə predmeti əmək münasibətlərinin mövcud olduğu və bitdiyi tarixdən sonrakı dövrdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olar regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azəroaycan Respublikası Prezidentinin 23 fevrai 2023-cü il tarixli Sərəncamı ilə Kürdəmir və X2 İdarələrinin bazasında X1 İdarəsi yaradılmışdır. Adıçəkilən Sərəncamlarla X1 İdarəsinin İmişli Rayon icra Hakimiyyətinin hüquqi varisi olması və (və ya) öhdəliklərinə görə cavabdehlik daşıması müəyyən edilməmişdir. Sözügedən məsələyə hətta qanunun analogiyası baxımından yanaşsaq, tərəflərindən qeyd olunanlar mülki qanunvericiliyin tələbləri, o cümlədən mülki qanunvericilik sahəsində yaranmış təcrübə ilə də təsdıq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə gorə hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının barəsində hüquqi nəticə yaradan inzibati akt İmişli Rayon İcra Hakimiyyət tərəfindən qəbul edilmişdir. Bu baxımdan, iddiaçı hazırda məhz adıçəkilən qurum tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli əmrin icrası ilə əlaqədar yaranmış münasibətlər məhkəmə qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq inzibati orqan öz qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətəri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə cavabdehir. Belə olan halda, digər (İmişli Rayon İcra Hakimiyyəti) inzibati orqanın hərəkətlərinə görə X1 İdarəsi məsuliyyət daşımamaqla bərabər, sonuncunun həmin orqan tərəfindən qəbul edilmiş qərara dəyişiklik etmək hüququ da yoxdur. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının hazırki iddia üzrə cavabdeh X1 İdarəsinə qarşı subyektiv hüququ yaranmamış, iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Eyni zamanda, mübahisə predmeti əmrin (iddiaçının barəsində hüquqi nəticə yaratdığı üçün - inzibati aktın) mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Artıq qeyd olunduğu kimi, iddiaçı İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli əmri ilə bağlı yaranmış münasibətləri, faktiki olaraq həmin əmri məhkəmə qaydasında mübahisələndirmişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bildiririk ki, iddia müddətinin tətbiqi ilə bağlı məsələlər bu barədə vəsatətimizdə ətraflı təsvir edildiyindən, hazırki iddia ərizəsinə etirazda bununla bağlı əsaslandırma aparılmasını zəruri hesab etmirik. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun yaranmaması və İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Əks təqdirdə, işə mahiyyəti üzrə baxıldığı halda, mübahisəyə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “pul tələbi" barədə iddiasının mümkün sayılmaması, birinci bənd üzrə irəli sürülmüş dəlillər qəbul edilmədiyi halda, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3cü maddəsini rəhbər tutaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kompensasiyanın ödənilməsi haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati orqanın qanunsusz hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü kompensasiyanın ödənilməsinə dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq xx.xx.2013-cü il tarixdən İmişli rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin xx.xx.2013-cü il tarixli, 241 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi həmin tarixdən etibarən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əlavəyə əsasən Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-960/2022 nömrəli qətnaməsi ilə 2010-cu il istisna olmaqla, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2013-cü ilə kimi İmişli rayon Mədəniyyət və Turizm şöbəsində baş mühasib, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilə kimi həmin şöbənin müdiri vəzifəsində işlədiyi illərə görə son hesablaşma hesabının aparılması və istifadə etmədiyi əmək məzuniyyət illərinə görə müvafiq kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh X4 İdarəsinin (İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin hüquqi varisi kimi) üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 2039/2022 nömrəli qərardadı ilə cavabdeh X4 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-960/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 İdarəsinə qarşı iş yerindən son hesablaşma hesabının verilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. X4 idarəsinin İmişli rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 28 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin sabiq müdiri vəzifəsini müvəqqəti icra edən İddiaçı 2011,2012, 2013, 2014 və 2015-ci illər üzrə əmək məzuniyyətindən istifadə etməmişdir. İmişli Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cii il tarixli 64 №-li Sərəncamı ilə İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin olumuş və xx.xx.2015-ci il tarixli 272 №-li Əmr ilə isə həmin vəzifədən azad olunmuşdur. Vətəndaşın fəaliyyət göstərmiş olduğu təşkilat sənədlərini mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil vermədiyindən digər sorğuları cavablandırmaq mümkün olmadı. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipimüəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Dövlət Qulluğu haqqında” Qanun: Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər; 21.1.2. lazımi qulluq şəraiti; 21.1.3. haqqı ödənilən məzuniyyət; ... Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; ... Əmək Məcəlləsinin: Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.-

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi

1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir. Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. «Ödənişli məzuniyyətlər haqqında» X6 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixdən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq istirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri də Azərbaycan Respublikasının Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır. Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpası və yeni iqtisadi münasibətlərə keçid şəraitində əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsinin 135ci maddəsinin 2-ci hissəsinə 3 mart 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə edilən son dəyişiklikdən öncə həm işəgötürənlər tərəfindən, həm də digər səbəblərdən işçilərə əmək məzuniyyətləri vaxtlı-vaxtında verilmirdi, işçilərin illər boyu verilməmiş və ya istifadə edilməmiş məzuniyyətləri toplanılaraq qalırdı. Bunun nəticəsi olaraq, işçilərin illər boyu yığılmış əmək məzuniyyətlərinə çıxmaqları bir növ istehsalın və xidmətin təşkilində problemlər yaradırdı və ya işçi işdən çıxanda pul əvəzlərinin verilməsində sıxıntılar yaşanırdı. Bütün bu hallar nəticəsində işçilərin hüquqları pozulmuş olurdu. Bu situasiyadan çıxış yolu olaraq və məzuniyyət hüquqlarının pozulmasından çəkindirmək məqsədilə 2006-cı ildə 135-ci maddəyə kompensasiya müəyyən edən norma əlavə olundu: “İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.” Hazırki işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixli, 220 nömrəli əmrlə İmişli rayon Mədəniyyət şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdən şöbənin müdiri vəzifəsinə müvəqqəti təyin edilmiş, xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmrlə şöbənin müdiri vəzifəsində dövlət qulluğuna öz arzusu əsasında xitam verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 71 nömrəli əmrə əsasən, o, xx.xx.2011ci il tarixdən 2010-cu ilin hesabına 36 təqvim günü müddətinə məzuniyyətə buraxılmışdır. Məhkəmə müəyyən edir ki, iddiaçının Mədəniyyət Turizm şöbəsinin müdiri vəzifəsində dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2015-ci il tarixli 271 nömrəli əmrində ona son haqq-hesabın aparılması və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı bənd əlavə edilməmiş və sonradan da həmin məsələlərin həlli öz təsdiqini tapmamışdır. Halbuki, “Dövlət qulluğu haqqında” Qanunun 21.1.3-cü maddəsində haqqı ödənilən məzuniyyətin verilməsi dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlara daxil edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən cavabdeh işçi kimi hazırkı iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzini, həmçinin son haqq-hesabı ödəməli olduğu halda, bunu etməmiş, iddiaçı istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin və son haqq-hesabın ödənilməsinə dair ona müraciət etdikdə, məsələnin həllindən imtina etmişdir. Odur ki, cavabdehin etirazı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Lakin həmin qərarın məzmunundan məlum olur ki, bu qərar 1994-cü ildə qəbul olunmuş və 1997-ci ildə Əmək Məcəlləsinə əlavə edilmiş «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun əmək müqaviləsinə xitam verilərkən sosial məzuniyyətlər və uşaqlı analara verilən məzuniyyətlər istisna olmaqla, qalan hallarda istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməsini nəzərdə tutan 32-ci maddəsi ilə hazırda qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsindən fərqli olaraq əmək müqaviləsinə xitam verilərkən işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin yalnız əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutan maddəsinin müqayisəsi nəticəsində qəbul olunmuşdur və həmin qərarın özündə də müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsi tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsi nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək Məcəlləsinin 317-ci maddəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, «Məzuniyyətlər haqqında» Qanunun (bu Qanun xx.xx.1999cu il tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) 32-ci maddəsi, həm Əmək Məcəlləsinin 144-cü maddəsi işçinin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almaq hüququnu tanıyır. Hazırki işdə iddia tələbi 1994-2015-ci illər üzrə istifadə olunmamış məzuniyyət haqqlarının və son haqq-hesabın ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, 1994-2010-cu illərə münasibətdə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan vətəşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni 01 yanvar 2011 -ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunan formalaşmış məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, 01 yanvar 2011-ci il tarixdən əvvəlki dövrdən fərqli olaraq, sonra yaranmış hüquq münasibətlərinə fərqli hüquqi yanaşmalar tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı işdən çıxmağı ilə əlaqədar son haqq-hesabın aparılaraq ödənilməsi və xx.xx.2011-xx.xx.2015-ci illər üzrə işlədiyi illərə görə məzuniyyətə çıxmadığı nəzərə alınaraq ümumi məzuniyyət pulunun alınıb ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati-Prosessual Məcəllənin 2, 4.1, 68-69, 70, 75, 81 ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı işdən çıxmağı ilə əlaqədar son haqq-hesabın aparılaraq ödənilməsi və xx.xx.2011-xx.xx.2015-ci illər üzrə işlədiyi illərə görə məzuniyyətə çıxmadığı nəzərə alınaraq ümumi məzuniyyət pulunun alınıb ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar