Məhkəmə qərarları › İş №2-1(120)-1485/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1485/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1485/2021 13.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlu, iddiaçı "Ana Kür” MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən daxil olmuş işə baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı "Ana Kür” MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə iş Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-5102/2021 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi 07 iyul 2021-ci il tarixli, 2-1(112)- 5102/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan daşınmaz əmlakın ünvanı Şirvan şəhəri ərazi yurisdiksiyası baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Şirvan İnzibati Məhkəməsi mübahisə predmetinin daşınmaz əmlakla bağlı olmasına dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işin iddiaçının əmlakının olduğu yer üzrə aiddiyəti məhkəməyə göndərilməsi düzgün deyildir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib, qüvvədə olan hüquq normalarını hazırkı işə tətbiq edərək hesab edir ki, həmin işə Şirvan İnzibati Məhkəməsində baxıla bilməz. Əsaslandırma hissəsi: Belə ki, iddiaçının iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən iddiaçının tələbinin “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Belə ki, inzibati mübahisələrin ərazi aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq müəyyən edilir. Həmin bəndin 1-ci yarımbəndinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. 2-ci yarımbəndinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 3-cü yarımbəndinə görə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 3-1-ci yarımbəndinə görə, Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 4-cü yarımbəndinə görə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Sadalanan prosessual hüquq normalarının tələbindən göründüyü kimi, qanunverici yuxarıda sadalanan iddialar üzrə müstəsna aidiyyət qaydalarını müəyyən etməklə yanaşı digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən etmişdir. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlməməklə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, mübahisə daşınmaz əmlak və yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyil, 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Başqa sözlə iddiaçının tələbi (mübahisə predmeti) 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, mübahisə daşınmaz əmlak və yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın görünür ki, həmin norma daşınmaz əmlakla əlaqədar inzibati mübahisələrə şamil olunur. Misal üçün, iddiaçı daşınmaz əmlak üzərində hüququnun qeydiyyata alınması (öhdəliyin icrası haqqında) və yaxud həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlarına müdaxilə ilə bağlı inzibati aktın ləğv edilməsi (mübahisələndirmə haqqında) ilə əlaqədar iddia qaldırmış olsa bu tələbə həmin əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Yəni, həmin norma imkan verir ki, iddianın növündən asılı olmayaraq mübahisə predmeti daşınmaz əmlaka dair hüquqla bağlı yaranarsa, həmin mübahisəyə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılsın. Lakin, hazırki iddia tələbindən aydın görünür ki, mübahisə daşınmaz əmlakla əlaqədar inzibati mübahisələrə aid deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırki iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsində - Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki, iş materialarından görünür ki, cavabdeh Bakı şəhərində yerləşir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan İnzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "Ana Kür” MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "Ana Kür” MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar