Məhkəmə qərarları › İş №2-1(120)-1488/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1488/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1488/2025 22.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilmə müddətinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin olunma müddətinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək övladı Nuray Ramazanovaya uşaqlıqdan pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X10 rayon şöbəsinin qəbul edilməsini xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə (bundan sonra mətndə Agentlik) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə orqanizim funksiyalarının 90 faiz pozulması ilə bağlı təyin etdiyi birinci dərəcəli əlillik dərəcəsinin müddətinin dəyişdirilərək xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə qızı X7 doğulmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə qızı X5 atasının X6 olması faktı təsdiq olunmuşdur. O, atasının himayəsində yaşadığı üçün X3 qarşı alimet tələbi ilə iddia tələbi irəli sürmüşdür. Övladı uşaqlıqdan gözdən əlildir. Lakin ona doğulduğu gündən pensiya təyin edilməmişdir.Bununla bağlı bir sıra dövlət orqanlarına müraciət etsə də, müraciəti təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının övladının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: OU-Görmə sinirinin atrofiyası.Tor qişanın qopması.... Meyar:7.2.2.: 8.1.3. H47.2- Əsas.8 Gözün və gözün əlavə aparatının xəstəlikləri =>Görmə sinirinin və görmə yollarının xəstəlikləri =>Görmə sinirinin atrofiyas=>daha yaxşı görən gözün görmə itiliyinin korreksiyası ilə 0,04-0=> ümumi xəstəlik səbəbi ilə orqanizim funksiyalarının 90 faiz pozulması səbəbi ilə müddətsiz əlillik verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın 22 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsini yəni əlilliyin təyin olunma tarixinin xx.xx.2023-cü il tarixdən təyin olunması barədə yeni qərar qəbul edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə ( qərar xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsini poçt vasitəsilə məhkəməyə göndərmişdir) iddia ilə məhkəməyə müraciət etmişdir.İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallatında olan:

Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 801740 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin fevral ayının 02 günündə 15 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə atası qrafasında X6, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il təvəllüdlü X7 barəsində xx.xx.2024-cü il tarixdə verilmiş G00199164HBY №-li göndərişdən (Forma 88) müəyyən olunur ki, xəstəxana tərəfindən sonuncu barəsində təyin olunmuş Diaqnoz: H47.2 Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin atrofiyası; Yanaşı xəstəliklər: H55 Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, Nistqam və gözlərin qeyri iradi hərəkətləri.Verte. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 2P89NVV003 №-li, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2023-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdən orqanizim funksiyalarının pozulması səbəbindən ( 90 faiz) müddətsiz əlillik təyin edilmişdir.

Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş:

Salyan Rayon Mərkəzi X9 Şəxsinin 18-1-68/2-2131/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşayan. xx.xx.2023-cü ildə doğulmuş X4 xx.xx.2024-cü il tarixdən “OU Görmə sinirinin atrosiyası.Tor qişasının qopması” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Xəstə ümumi xəstəliklə gözdən əlildir. Agentliyin 3-17-4/2-30649/2024 saylı,xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7 bəndinə müvafiq olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.Xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasından asılı olmayaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinə göndəriş təqdim etmək məqsədilə müraciət etdikləri zaman müvafiq qaydada qiymətləndirilir və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ilə tənzimlənir. N.Ramazanovanın əlillik vəziyyəti Salyan rayon Mərkəzi Xəstəxanasının G00199164HBY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində ilkin qiymətləndirilmiş və Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.2.-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkim-məsləhət komissiyaları ( bundan sonra HMK) şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəsrəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə HMK tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması, məlumat və sənədlərinin toplanması birbaşa tibb müəssisəsinin səlahiyyətlərinə aiddir. X11 Adına Milli Oftomologiya Mərkəzinin 3-28-24/2-179/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X2 X11 adına Milli Oftalmologiya Mərkəzinin Konsilium Şurasında müzakirəyə çıxarılması üçün xx.xx.2025-ci il tarixdə İddiaçı ilə əlaqə saxlanılmış, Mərkəzə dəvət edilmişdir. X8 xx.xx.2023-cü il təvəllüdlü, 19 mart 2025-ci il tarixdə Mərkəzzə müraciət etmiş, Tibbi Ekspertiza şöbəsində müayinədən keçmişdir. Diaqnoz OU-Güsehli qişanın anadangəlmə kolobmoası.Tor qişanın qopması.Horizontal nistaqm. Qeyd edilən patologiya anadangəlmə patalogiyadır. Məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli Tibbi rəyin surətindən müəyyən olunur ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş 2023-cü il təvəllüdlü X4 H47.2-Görmə sinirinin atrofiyası; H55-Nistqam və gözlərin digər qeyri-iradi hərəkətləri, H33.0-Tor qişasının cırılma ilə qopması diqnozu qoyulmuşdur. Salyan Rayon Mərkəzi X9 Şəxsinin 18-1-68/2-519/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Poliklinika şöbəsinin məlumatına əsasən vətəndaş İddiaçı övladı, xx.xx.2023-cü il təvəllüdlü X7 ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan RMX-na müraciət etmişdir. İddiaçı övladının müayinə və müalicəsi üçün X15 adına Milli Oftalmologiya Mərkəzinə göndərilmişdir. X2 X11 adına Milli Oftalmologiya Mərkəzindən xx.xx.2024-cü il tarixli 00/435 saylı, reyestr kodu **********02 olan tibbi rəyi gətirilmişdir. xx.xx.2024-cü il tarixdə Həkim Məsləhət Komissiyasının qərarı ilə X16-Sosial Ekspert Komissiyasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə X4 müddətsiz 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Uşaq şöbəsinin müdiri Raya Baxışovanın məlumatına əsasən, İddiaçı övladı X1 yatışı olmayıb. Lakin xx.xx.2025-ci il tarixdə DR Sevil Nəzərovaya J06.9 Kəskin respirator virus xəstəlikləri ilə bağlı ambulator müalicə almışdır. Agentliyin 3-17-4/2-13335/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən N.Ramazanovanın əlillik vəziyyəti Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli G00199164HBY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qrəarı ilə təssdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlikgözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizim funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir.

Tətbiq edilən hüquq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

İPM:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı halda iddiaçının hüquqi marağı övladı X7 barəsində tərtib olunmuş göndərişin məzmunu və diaqnozu saxlanılmaqla G00199164HBY nömrəli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qəbul edilmiş qərarda təyinat tarixinin xx.xx.2023-cü il tarixə dəyişdirilməsinə nail olmaqdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il təvəllüdlü X7 barəsində xx.xx.2024-cü il tarixdə verilmiş G00199164HBY №-li göndərişdə (Forma 88) xəstəxana tərəfindən sonuncu barəsində H47.2 Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin atrofiyası; Yanaşı xəstəliklər: H55 Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, Nistaqm və gözlərin qeyri iradi hərəkətləri.Verte diaqnozu təyin olunmuş, həmin göndəriş əsasında Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının 2P89NVV003 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə X4 xx.xx.2024-cü il tarixdən orqanizim funksiyalarının pozulması səbəbindən ( 90 faiz) ona müddətsiz əlillik təyin edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçının övladı barəsində cəmi bir dəfə xx.xx.2024-cü il tarixli G00199164HBY göndəriş tərtib olunmuş və həmin göndəriş əsasında cavabdeh inzibati orqan qanunvericilik normasının tələbinə əsasən 10 gün müddətində qiymətləndirmə aparmış və X4 xx.xx.2024-cü il tarixdə əlillik təyinatı aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar