Məhkəmə qərarları › İş №2-1(120)-1489/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1489/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1489/2025 23.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X1, X6, X4, X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X1, X6, X4, X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Salyan rayonu, Kərimbəyli kəndində yerləşən Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli qərarı ilə ona ayrılmış 1009,0 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə ona 1009, 9 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə hazırkı vaxtadək çıxarış ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixli qərardadı ilə X1, X6, X4, X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi əsl cavabdeh DƏDKR publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın tərəfindən təqdim olunmuş 3-21-3-45/2-8442/2025 saylı, xx.xx.2025-ci il tarixli yazılı münhasibətdə (etirazda) göstərilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və texniki pasport sənədi rəsmiləşdirilmişdir. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və aparılmış inventarlaşdırma işləri zamanı iddiaçı tərəfindən həyətin bölünməyi üçün mübahisə olduğu bildirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2893/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 12 saylı qərarı ilə X5 Salyan rayonu Kərimbəyli kəndidə 1009,9 kv.m torpaq sahəsi ayrılmışdır. AN 107654 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi X9 kitabında xx.xx.2009-cu il tarixdə 62 nömrə ilə uçot aparılmışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin: 3-21-3-60/2-2212/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Salyan rayonu Kərimbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən müəyyən olunur ki, X2 və ailə üzvlərinin adı siyahıya alınmışdır. Məktuba əlavə olunmuş elektron siyahıda X2 və ailə üzvlərinin mülkiyyətində 0, 3281 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur 3-21-3-60/2-1342/2025-ci il tarixli xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Salyan rayonu Kərimbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən müəyyən olunur ki, X3 və ailə üzvlərinin adı siyahıya alınmışdır, qanuni istifadələrində olan torpaq sahəsinin ölçüsü 0,20 ha göstərilmişdir. Məktuba əlavə olunmuş elektron siyahıda X3 və ailə üzvlərinin mülkiyyətində 0,2000 ha, faktiki torpaq sahəsinin 0,1010 ha, bələdiyyə ehtiyat fondu 0,0461 ha, ümumi torpaq sahəsinin 0,2461 ha olduğu qeyd olunmuşdur. DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2878/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur. İddiaçı istifadəsində olan Salyan rayonu Kərimbəyli kəndində yerləşən 0.3885 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ərazidə GPS aləti vastəsilə müəyyənləşdirildi. İddiaçı istifadəsində olan Salyan rayonu Kərimbəyli kəndində yerləşən 0.3885 ha torpaq sahəsi hal hazırda Torpaqların elektron kadastr uçotu informasiya sistemində Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olan (X5 aid) həyətyanı torpaq sahəsidir. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli 12 saylı qərarı əsasında İddiaçı mülkiyyətinə ayrılmış 1009,0 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında hal-hazırda uyğunsuzluq mövcuddur.Uyğunsuzluq İddiaçı iddia etdiyi torpaq sahəsi, Salyan rayonu Qarabağlı kənd B.Dadaşov adına təsərrüfatda aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Jn-118 saylı Şəhadətnamə ilə X7 və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı istifadəsində olan Salyan rayonu Kərimbəyli kəndində yerləşən 0.3885 ha torpaq sahəsi təyinatı üzrə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Torpaqların elektron kadastr uçotu baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan Salyan rayonu Kərimbəyli kəndində yerləşən 0.3885 ha torpaq sahəsinin koordinatları, üçüncü şəxslərin Jn -118 saylı Şəhadətnamə ilə X7 və ailə üzvlərinə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Lakin Kompleks yerquruluşu layihəsində və adlı siyahıda X7 və ailə üzvlərinə məxsus torpaq sahəsi göstərilsə də arxiv məlumatlarında X5 məxsus Şəhadətnamə mövcud deyil. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli 12 saylı qərarı əsasında İddiaçı mülkiyyətinə ayrılmış 1009,0 ha torpaq sahəsinin sxemində koordinatlar mövcud deyil. Salyan rayonu Qarabağlı Bələdiyyəsinin 01 №-li xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin Kərimbəyli kəndində mülkiyyətində (Kod 809060038, JN-134 nömrəli) 0,20 ha həyətyanı torpaq sahəsi vardır. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı hüquqi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 107654 №-li Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətinə (Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 12 saylı qərarı) verildiyini iddia etdiyi Salyan rayonu Kərimbəyli kəndində yerləşən 1009,9 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2- 2893/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 12 saylı qərarı ilə X5 Salyan rayonu Kərimbəyli kəndidə 1009,9 kv.m torpaq sahəsi ayrılmışdır. AN 107654 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi X9 kitabında xx.xx.2009-cu il tarixdə 62 nömrə ilə uçot aparılmışdır. İnzibati işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının subyektiv hüququ yoxdur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq iddiaçıya xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında şifahi qaydada hüquqi yardım göstərərək izah etmişdir ki, hazırda hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlak Aqrar İslahat Komissiyasının qərarı ilə X7 (mərhum) və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonuncunun adına Torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X1, X6, X4, X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar