Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-149/2025 23.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********1629189 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********1629189 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Avtovağzal ASC (VÖEN: **********, AZ5200 Salyan rayonu, Salyan şəhəri Y.Qasımov ev 3 kameral vergi yoxlaması ilə artıq hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: **********148973 nömrəli) aktın verilməsi üçün müraciət etmiş və 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2022-ci il tarixli **********148973 saylı Aktı və xx.xx.2022-ci il tarixli **********162919 nömrəli Qərarı təqdim edilmişdir. Akt və Qərar əsassız hesab edilərək iddiaçı tərəfimindən mübahisələndirilir. Vergi ödəyicisi tərəfindən 2019-cu il mənfəət vergisi bəyəmnaməsində ümumi gəlirlər düzgün göstərilməmiş və nəticədə mənfəət vergisi 22238.32 manat azaldılmışdır. AR Vergi Məcəlləsinin 58.1-ci vergi maddəsinə əsasən azaldımış vergi məbləğinin 50% miqdarda yəni 11119.16 manat ( 22238.32*50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisi tərəfindən 2020-ci il mənfəət vergi bəyəmnaməsində ümumi gəlirlər düzgün göstərilməmiş AR Vergi Məcəlləsinin 224-ci vergi maddəsinə əsasən koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin müddüalarına görə 2020-ci il ərzində koronavirus pandemiyasımn yayılması nəticəsində məhdudlaşdırılmış fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə icarəyə verilmiş obyektlərdən alınmalı olan icarə haqları vergi tutma obyekti hesab edilməmiş və vergi hesablanmamışdır. Aktda yoxlama nəticəsində ekspert rəyinə əsasən yazılsada rəyin hansı əsasla tətbiq edilməsi göstərilməmişdir. Buna görədə aktın doğruluğu şübhə altına alınır. Həmçinin aktın 5-ci səhifəsində göstərilir ki, AR Ticarət Sənaye Palatası Azərekspertiza Birliyi əmlak üzrə ekspert rəyinin verilməsindən imtina edilmişdir. 5 saylı ƏVİ isə özünün müəyyən etdiyi "MBA LTD“ MMC rəyindən istifadə edərək göstərilən nəticəyə gətirib çıxardan artıq hesablanmaya səbəb olan əsassız rəy alınmış və bununlada artıq vergilərin hesablanmasını 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2022-ci il tarixli **********162919 nömrəli əsassız Qərarı qəbul edilmişdir. 5 saylı ƏVİ Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********239400 saylı xx.xx.2022-ci il tarixli tələbnaməni xx.xx.2022-ci ildə tərtib edilmiş və vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və soasial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1629189 saylı xx.xx.2022-ci il tarixli Qərar dərhal çıxarılmışdır. Nəzərinizə çatdırıram ki. vergi tərəfindən hesablanmış vergi və maliyyə samksiyaları əsassızdır. Bütün bunların da nəzərə alınmasını bildirməklə yuxanda qeyd olunanlara əsasən 5 saylı Ərazi Vergilər idarəsinin **********148973 saylı xx.xx.2022-ci il tarixli Səyyar vergi yoxlaması Aktı, Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********239400 saylı xx.xx.2022-ci il tarixli tələbnaməni xx.xx.2022-ci ildə tərtib edilmiş və vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və soasial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1629189 saylı xx.xx.2022-ci il tarixli Qərarı ləğv edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixli **********148561 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə Salyan Avtovağzal ASC-nin (VÖEN 'D********) sahibkarlıq subyektində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********148973 nömrəli "xxxx" Aktı ilə rəsmiləşdirilmişdir. Salyan- Avtovağzal ASC səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün əvvəlindən xx.xx.2020-ci il tarixədək avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və -rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları və daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə və həmin -müqaviləyə sonrakı əlavələrə əsasən xx.xx.2020-ci il tarixdən Salyan-Avtovağzal ASC-yə məxsus bütün fəaliyyət növləri və əmlakı ilə birlikdə H.N-TRANS MMC-yə (**********) bir aylıq icarə haqqı 1800,00 (bir min səkkiz yüz) manat olmaqla icarəyə vermişdir. xx.xx.2020-ci il tarixdən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün sonuna qədər Salyan-Avtovağzal ASC daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 53158,39 manat, il ərzində xərclərin cəmi 47155,25 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 28585,77 manat, sosial sığorta haqqları 6431,80 manat, mallar 1010,76 manat, qaz xərci 3243,29 manat, enerji xərci 3952,80 manat, rabitə xərcləri 435,88 manat, su kanalizasiya xərcləri 1250,00 manat, bank xidməti üzrə xərclər 429,72 manat, sığorta haqqları 434,94 manat, çəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 6003,14 manat, mənfəət vergisi 1200,63 manat göstərilmişdir. 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 65939,26 manat, il ərzində xərclərin cəmi 58161,52 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 38852,60 manat, sosial sığorta haqqları 8301,42 manat, mallar 1019,72 manat, enerji xərci 3685,23 manat, qaz xərci 3538,73 manat, rabitə xərcləri 451,48 manat, bank xidməti üzrə xərclər 487,81 manat, sığorta haqqları 444,24 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 7777,74 manat, mənfəət vergisi 1555,55 manat göstərilmişdir. 2020-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 28947,19 manat, il ərzində xərclərin cəmi 26503,72 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 13464,00 manat, sosial sığorta haqqları 2832,17 manat, mallar 134,95 manat, enerji xərci 2068,56 manat, qaz xərci 3260,30 manat, su kanalizasiya xərcləri 1500,00 manat, rabitə xərcləri 347,07 manat, bank xidməti üzrə xərclər 426,10 manat, bilavasitə xərclər 730,00 manat, sığorta haqqları 360,28 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2443,47 manat, mənfəət vergisi 488,69 manat göstərilmişdir. Salyan- Avtovağzal ASC səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün əvvəlindən xx.xx.2020-ci il tarixədək avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımalarından əldə etdiyi gəlirlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında müəyyən edildi. Yoxlama zamanı vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi məqsədi ilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspertiza keçirilməsi zərurəti yaranmış, vergi ödəyicisi tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2022-ci il tarixli **********160478 saylı Qərarına əsasən Salyan Avtovağzal ASC-nin (VÖEN **********) səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində (01.01,2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətinin müəyyən etmək məqsədi ilə "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətindən ekspert dəvət edilmişdir. xx.xx.2018-ci il tarixdən 31,05.2021-ci il tarixədək icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətinin müəyyən etmək üçün ekspertə zəruri olan sənədlər təqdim edilmişdir. "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən tərtib edilmiş rəyə əsasən yoxlanılan dövr ərzində Salyan Avtovağzal ASC-nin (VÖEN **********) tərəfindən icarəyə verilmiş obyektlərin bir kvadrat metr üçün aylıq icarə haqqının bazar qiymətləri müəyyən edilmişdir. Beləliklə, "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən təqdim edilmiş rəy əsasında vergi ödəyicisi tərəfindən büdcəyə çatası mənfəət vergisinin 2018ci il üzrə 13313,18 manat, 2019-cu il üzrə 22238,32 manat və 2020-ci il üzrə 7545,38 manat olmaqla, ümumilikdə 43096,88 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 43096,88 (21548,44 x50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa səyyar vergi yoxlaması ilə müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatının məcburi olduğu halda belə qeydiyyat olmadan fəaliyyət göstərmişdir. Vergi Məcəlləsinin 157.3-cü maddəsinin müddəalarına əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) Salyan-Avtovağzal ASC-nin vergi tutulan əməliyyatlarının nəcmi 200000,00 manatdan artıq olduğu üçün xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri jçün qeydiyyata alınması təklif olunur. (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi və koronavirus pandemiyasının yayılması nəticəsində məhdudlaşdırılmış fəaliyytlə məşğul olan vergi ödəyicilərinə 2020-ci il ərzində icarəyə verilmiş obyektlərdən alınmalı olan icarə haqları vergitutma obyekti hesab edilməmiş və vergi hesablanmamışdır). Azərbaycan Respublikası Vergi Məcəlləsinə və ekspert rəyinə əsasən may 2021-ci il üçün müəyyən edilən 17631,93 manat dövriyyədən 3173,75 manat (17631,93*18%) ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən 1586,88 manat (3173,75*50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən cəmiyyətin təsisçilərinə ödənilmiş 2018-ci ilin 2-ci rübündə 3773,50 manat, 2019-cu ilin 2-ci rübündə 4632,47 manat, 2020-ci ilin 4-cü rübündə 5952,70 manat olmaqla cəmi 14358,67 manat dividenddən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122.1. maddəsinə əsasən ödəmə mənbəyində 1435,87 (14358,67*10%) manat vergi tutulmadlğl müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 717,94 manat (1435,87*50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə dövlət büdcəsindən yayındırılmış 47706,50 manat vergi hesablanmış və 23973,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Salyan Avtovağzal ASCnin (VÖEN **********) sahibkarlıq fəaliyyətində aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********148973 nömrəli “Səyyar vergi yoxlaması" Aktının bir nüsxəsi vergi ödəyicisinin rəhbəri X3 əlbəəl təqdim edilmişdir. Odur ki, iddiaçı “Salyan- Avtovağzal“ ASC -nin iddia tələbi tam əsassızdır və tələbin rəddə edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********162919 saylı qərarından görünür ki, “Salyan-Avtovağzal“ ASC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli, **********148973 nömrəli aktına əsasən dövlət büdcəsindən yayındırılmış 47706,50 manat vergi hesablanmış və 23973,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müvafiq inzibati icraat materialları sorğu məktubu əsasında əldə edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmənin iş üzrə 02 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 9/1570 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergilərin əsas səbəbi yoxlama ilə daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi məqsədilə cəlb olunmuş "xxxx" MMC-nin eksperti tərəfindən verilmiş rəy olmuşdur. Yuxarıda da göstərildiyi kimi, vəsatətə cavab olaraq isə təqdim edilmiş mühasibat sənədlər ilə yanaşı müstəqil auditor hesabatları da təqdim edilmişdir ki, həmin hesabatlarda da aylıq icarə haqqı "xxxx" MMC-nin eksperti tərəfindən verilmiş rəydə göstərilən qiymətlərə uyğun olmuşdur. Qeyd edilir ki, daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Beləliklə göstərilənlərə əsasən qeyd edilir ki, səyyar vergi yoxlaması aktında və müstəqil auditor hesabatlarında göstərilənlər (bazar qiyməti ilə bağlı) əsas götürüldükdəisə yoxlama ilə hesablanmış vergi məbləğlərindən fərqli məbləğ müəyyən olunmur. Nəticə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, səyyar vergi yoxlaması aktında və müstəqil auditor hesabatlarında göstərilənlər (bazar qiyməti ilə bağlı) əsas götürüldükdə isə hazırkı ekspertiza zamanı yoxlama ilə hesablanmış vergi məbləğlərindən fərqli məbləğ müəyyən olunmur. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iş materiallarına əsasən iddiaçı “Salyan-Avtovağzal“ ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********1629189 saylı qərarı mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı “Salyan-Avtovağzal“ ASC qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmiş, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən müddət mübahisələndirilməmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.149-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, 2018-ci il üzrə 14513,81 manat mənfəət vergisi, 2019-cu il üzrə 23793,87 manat mənfəət vergisi və 2020-ci il üzrə 8034,07 manat mənfəət vergisi müəyyən edilmişdir. "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən təqdim edilmiş rəy əsasında vergi ödəyicisi tərəfindən büdcəyə çatası mənfəət vergisinin 2018-ci il üzrə 13313,18 manat, 2019-cu il üzrə 22238,32 manat və 2020-ci il üzrə 7545,38 manat olmaqla, ümumilikdə 43096,88 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 43096,88 (21548,44 x50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergilərin əsas səbəbi yoxlama ilə daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi məqsədilə cəlb olunmuş "xxxx" MMC-nin eksperti tərəfindən verilmiş rəy olmuşdur. Məhkəmə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/1570 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və göstərilənlərlə bağlı ekspert rəyinə əsasən qeyd edir ki, tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlaması aktında və müstəqil auditor hesabatlarında göstərilənlər (bazar qiyməti ilə bağlı) əsas götürüldükdə isə hazırkı ekspertiza zamanı yoxlama ilə hesablanmış vergi məbləğlərindən fərqli məbləğ müəyyən olunmur. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Göründüyü kimi iddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, mövcud olmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********1629189 nömrəli qərarın ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə prosessual xərclər iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********1629189 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-149/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-149/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver