Məhkəmə qərarları › İş №2-1(120)-1491/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1491/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1491/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialına qarşı «xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illərin, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işlədiyi illərin və 1971-1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdur, “xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil almış, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda və 1971-1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli, **********5 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1491/2020 saylı qərardadı ilə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialının tanınması, iddia tələbinə “xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illərin, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işlədiyi illərin və 1971-1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illər, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda və 1971- 1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də təhsil aldığı müddət, işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, İddiaçı və cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, diplomun təsdiq olunmuş surətini, nikah və doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərini, yaşayış yerindən arayışını, arxiv arayışlarını surətini, cavabdehin imtina məktubunu, ödəniş qəbzini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 21 saylı məktubunun və ona əlavə olunmuş şəxsi hesab kitablarının, Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı məktubunun, ona əlavə olunmuş arxiv arayışının və şəxsi hesab kitablarının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 05-11-57/12 saylı məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialının xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. xx xxxx 2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. İddiaçının təhsil aldığı illəri, işlədiyi iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının xx xxxx 2020-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil alması 017705 nömrəli diplom və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 05- 11-57/12 saylı məktubu ilə, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işləməsi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 94 nömrəli arxiv arayışı və Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı məktubunun, ona əlavə olunmuş şəxsi hesab kitabları ilə, 1971-1975-ci illərdə Neftçala rayonu, “N.Əliyev” adına kolxozda işləməsi Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli arxiv arayışı, Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı məktubuna əlavə olunmuş arxiv arayışı və şəxsi hesab kitabları ilə təsdiq olunur. İddiaçının hüququnun yarandığı vaxtda yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialı tərəfindən təqdim edilən xx xxxxxxx 2020-ci il tarixli **********0 nömrəli məktubu ilə də öz təsdiqini tapır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işləməsinə dair Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 94 nömrəli arxiv arayışını, 1971-1975-ci illərdə Neftçala rayonu, “N.Əliyev” adına kolxozda işləməsinə dair Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1971-1975-ci illərdə Neftçala rayonu, “N.Əliyev” adına kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialı tərəfindən təqdim edilən xx xxxxxxx 2020-ci il tarixli **********0 nömrəli məktubunda qeyd edilir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Astara rayon filialı sizin iş 2- 1(120)-1491/2020 saylı xx xxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə işi ilə bağlı olaraq bildirir ki, İddiaçı cavabdeh DSMF Astara rayon şöbəsnə qarşı sosial sığorta stajının müəyyən edilməsi barədə iddia ərizəsində 1981-1990-cı illərdə Astara rayonu Partiyanın XXİİ qurultayı adına sovxozunda və 1970-1975-cı illərdə Neftçala rayonu N.Əliyev adına kolxozunda işlədiyi müddətlərdə əmək kitabçası yazılmadığı üçün pensiyaya çıxa bilmədiyini qeyd edir. Vətəndaşa yaşa görə əmək əmək pensiyası təyin etməkdən ötrü “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 25 il sosial sığorta stajı tələb olunur. Babayevanın isə əmək haqqı cədvəllərinə əsasən 1981-2000-cı illər üzrə Partiyanın XXİİ qurultayı adına sovxozda 19 il 6 ay 24 gün, 1970-1975 ci illər üzrə N.Əliyev adına kolxozda isə 180 minimum adam günü normasına qarşı 732 adam günü norması işləmiş, 4 il 1 ay sosial sığorta stajı vardır. Onun 1975- 1977-ci illərdə Bakı Plan uçot texnikomunda əyani təhsil alması barədə diplomun surətinə əsasən 1 il 10 ay 7 gün sosial sığorta stajı vardır. Beləliklə onun 25 il iş stajına qarşı cəmi 25 il 6 ay 6 gün iş stajı vardır. Bildirmək istəyirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1 maddəsinə əsasən “Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.” Qanunun 31.2-1 maddəsində də aydın olur ki, “əmək kitabçası” əmək pensiyalarının təyin edilməsində, xüsusən 2006-cı ilin 1 yanvar tarixinədək sosial sığorta stajının müəyyənləşdirilməsində vacib sənəd sayılır. Arxiv arayışının təqdim edilməsi yalnız əmək kitabçası olduğu halda və yaxud qaydaların 3.2.2 bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən əsas sənəd hesab edilə bilər. Aydın şəkildə görünür ki, bu halların heç biri mövcud olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməmiş və tam qanuni imtina qərarı verilmişdir. İş yükü ilə əlaqədar olaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyik. Qanuna müvafiq qərarın qəbul edilməsinə etiraz etmirik”. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 94 nömrəli arxiv arayışını, Astara rayon Dövlət Arxivinin xx.xx.2020ci il tarixli, 76 saylı məktubunu və ona əlavə olunmuş şəxsi hesab kitablarını, Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli arxiv arayışını, Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı məktubuna əlavə olunmuş arxiv arayışı və şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illəri, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işləməsi və 1971-1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin və təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illəri, 1981-ci ilin fevral ayından 2000-ci ilin avqust ayına kimi Astara rayonu, sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda işlədiyi illəri və 1971-1975-ci illərdə Neftçala rayonu, N.Əliyev adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Astara rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar