Məhkəmə qərarları › İş №2-1(120)-1491/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1491/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1491/2024 31.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, mütəxəssis X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Masallı şəhər/rayonu, Mololon kənd ümumi məktəb, ibtidai sinif fənn, Azərbaycan bölməsi vakant yer üzrə xx.xx.2023-cü il tarixli müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsahibə mərhələsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə keçirilmiş həmin müsahibənin video görüntülərinə müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilməklə müsahibə nəticəsinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Masallı şəhər/rayonu, Mololon kənd ümumi məktəb, ibtidai sinif fənn, Azərbaycan bölməsi vakant yer üzrə xx.xx.2023-cü il tarixli müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsahibə mərhələsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə keçirilmiş həmin müsahibənin video görüntülərinə müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilməklə müsahibə nəticəsinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “Masallı şəhər/rayonu, Mololon kənd ümumi məktəb, ibtidai sinif fənn, Azərbaycan bölməsi vakant yer üzrə xx.xx.2023-cü il tarixli müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsahibə mərhələsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə keçirilmiş həmin müsahibənin video görüntülərinə müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilməklə müsahibə nəticəsinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin (xx.xx.2023-cü il tarixdə müəllimlərin işə qəbulu üzrə keçirilmiş müsahibə mərhələsinin nəticəsinin iddiaçının mütəxəssislərin iştirakı ilə yenidən nəzərdən keçirilməsi, qiymətləndirilməsi) görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 iyul 2016-cı il tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecinin ibtidai sinif müəllimliyi ixtisası üzrə subbakalavr dərəcəsini almış və ona AA085866 saylı orta ixtisas təhsili haqqında diplom verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində müvafiq elektron kabinet üzərindən Masallı şəhər/rayonu, Mololon kənd ümumi məktəb, ibtidai sinif fənn, Azərbaycan bölmə üzrə vakant yer tutmuşdur. Qeyd olunan müsabiqənin əvvəlki mərhələlərindən uğurlu nəticə əldə etdiyinə görə müsahibə mərhələsi xx.xx.2023-cü il tarixdə, saat 08:30-da Azərbaycan Texniki Üniversitetinin İdman Sarayında (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova 13) təşkil olunub və o, elektron kabinet vasitəsilə həmin müsahibədə iştiraka dəvət edilmişdir. Həmin müsahibədə iştirak edərək verilən sualları lazımi qaydada cavablandırsa da, elektron kabinetinə bildiriş ünvanlanaraq qeyd olunub ki, müsahibə zamanı müvafiq meyarlara əsasən tutduğu vakant yerə uyğun hesab edilməmişdir. Lakin hansı “müvafiq meyarlara” uyğun gəlmədiyi bildirişdə qeyd edilməyib. Həmin müsahibənin nəticələri ilə razılaşmadığı üçün xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə elektron kabinet vasitəsilə apellyasiya müraciəti ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə elektron kabinetinə bildiriş ünvanlanaraq qeyd olunub ki, “hörmətli İddiaçı, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, psixioloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Apellyasiya müsahibəsi zamanı müvafiq meyarlara əsasən tutduğu vakant yerə uyğun hesab edilməmişdir. Növbəti müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə iştirak etməyi tövsiyə olunur.” Bildirir ki, müsahibə zamanı ona verilmiş bütün sualları lazımi şəkildə cavablandırmışdır. Müsahibənin videoçəkilişinə baxılarsa iddianın əsaslı olduğu bir daha öz təsdiqini tapacaqdır. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12 sentyabr 2023-cü il tarixli hansı müvafiq meyarlara görə vakant vəzifəyə uyğun gəlmədiyi barədə heç bir açıqlama qeyd olunmayan “İddiaçı Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində tutduğu vakant yerə uyğun hesab edilməməsi” barədə inzibati akt qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə və iş üzrə dəvət olunmuş mütəxəssis X3 məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə çıxışlarında iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iş üzrə dəvət olunmuş mütəxəssis X3 imtinanın əsasları üzrə izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA № 085866 nömrəli, xx.xx.2016-cı il tarixli və 1855 qeydiyyat nömrəli Subbakalavr dərəcəsi verilməsi barədə Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli Dövlət Attestasiya komissiyasının qərarı ilə İbtidadi sinif müəllimliyi ixtisası üzrə Subbakalavr dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, hörmətli İddiaçı, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və üınumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Apellyasiyə müsahibəsi zamanı müvafiq meyarlara əsəsən tutduğunuz vakant yerə uyğun hesab edilməmisiniz. Növbəti müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə iştirak etməyiniz tövsiyə olunur. xx.xx.2023-cü il tarixli “Sinfin idarə olunmasında prosedurlar” kursunun ümumi qiymətləndirilməsində İddiaçı yüksək nəticə göstərərək kursu uğurla başa vurmuş və Sertifikat almışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29/2-Ə-9368/2-4/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, işlə təmin olunmağı barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş (11 sentyabr 2023-cü il tarixli, 3-29/1-Ə-9368/2-4/2023 nömrəli) müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları mərkəzində baxılmışdır. Bildiririk ki, mövcud qaydalara əsasən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Qeyd edir ki, müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılıb. Siz müsabiqənin müsahibə mərhələsi zamanı müvafiq meyarlara əsasən tutduğunuz vakant yerə uyğun hesab edilməmisiniz. Nəzərinizə çatdırırıq ki, müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 müəllimlərin işə qəbulu müsabiqəsinin apellyasiya müsahibəsində iştirakı barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş müraciətə baxılmışdır. Bildirir ki, 22 May 2024-cü il tarixində X2 05 sentyabr 2023- ci il tarixində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin apellyasiya müsahibəsinin görüntülərinə İddiaçı müşayiəti ilə baxılmış və komissiyanın müvafiq rəyi qüvvədə qalmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 2 may 2024-cü il tarixində X2 05 sentyabr 2023-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin apellyasiya müsahibəsinin görüntülərinə İddiaçı müşayiəti ilə baxılmış və komissiyanın müvafiq rəyi qüvvədə qalmış və bu barədə akt tərtib edilmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları": 1.1. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. 1.2. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. 1.3. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyır. 1.4. Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının nəticələrinə görə keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər səkkiz yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir. İş materiallarında olan sübut əhəmiyyəti daşıyan arayış və məktublardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və üınumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanmış, Apellyasiya müsahibəsi zamanı müvafiq meyarlara əsəsən tutduğu vakant yerə uyğun hesab edilməmiş lakin ona növbəti müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə iştirak etməyi tövsiyə olunmuşdur. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69,73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar