Məhkəmə qərarları › İş №2-1(120)-1497/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1497/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1497/2021 31.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı Cavabdehnə qarşı “qanunla qorunan hüquqlarınızı ciddi pozduğuna görə müvafiq məhkəmə aktı qəbul edərək, hakim X1 barədə əsaslı tədbirlərin görülməsi ədalət mühakiməsi həyata keçirərkən hakimlərin gələcək bu cür hərəkətlərdən çəkinməsini təmin etmək məqsədilə müvafiq xüsusi qərardadın çıxarılması, məhkəmə qətnaməsi üzrə qəbul edilən qanunsuz icra vərəqəsinin icrasının dayandırılmasını təmin edəcək müvafiq xüsusi qərardad qəbul etməklə, icra edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “qanunla qorunan hüquqlarınızı ciddi pozduğuna görə müvafiq məhkəmə aktı qəbul edərək, hakim X1 barədə əsaslı tədbirlərin görülməsi ədalət mühakiməsi həyata keçirərkən hakimlərin gələcək bu cür hərəkətlərdən çəkinməsini təmin etmək məqsədilə müvafiq xüsusi qərardadın çıxarılması, məhkəmə qətnaməsi üzrə qəbul edilən qanunsuz icra vərəqəsinin icrasının dayandırılmasını təmin edəcək müvafiq xüsusi qərardad qəbul etməklə, icra edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, İddiaçı Cavabdeh hakimi barəsində xüsusi qərardad çıxarılmasını və Cavabdeh 09.06.2020-ci il tarixli, e-2-2(121)- 588/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrasının dayandırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İlk növbədə iddianın mümkünlüyü barədə qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlər diqqətlə yoxlanılmalı, yalnız mümkün sayılan iddia tələbləri barədə şifahi məhkəmə baxışında mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Mümkünlük şərtləri çərçivəsində həmçinin, iddianın ümumiyyətlə inzibati mübahisə kimi baxılmasının yolverilənliyi yoxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinin tələbinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Göründüyü kimi, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. İddiaçı isə tələbini Cavabdeh ədalət mühakiməsini həyata keçirməsi fəaliyyəti ilə əlaqələndirmişdir ki, bu da heç bir halda inzibati mübahisə kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yanlız məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Şəxslər məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən qəbul etdikləri qərarların qanuniliyinin yoxlanılmasına qanunla müəyyən edilmiş müddətdə və qaydada yuxarı instansiya məhkəmələrinə verdikləri şikayətlərə əsasən nail ola bilərlər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əsasları və qaydası isə xüsusi qanunla tənzimlənmişdir. İddianın mümkünlüyü ilə bağlı məsələ həmçinin məhkəmənin xidməti vəzifəsinə görə yoxlamalı olduğu mühüm prosessual hərəkət olduğundan (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi), ilk növbədə iddianın ümumiyyətlə mümkün olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 06 avqust 2021-ci il tarixli, 2-1(120)-1497/2021 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün 10 gün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmiş, lakin iddiaçı hüquqi yardım məktubunu 13.08.2021ci il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. İddiaçıya izah edilir ki, Cavabdeh 09.06.2020-ci il tarixli, e-2-2(121)-588/2020 nömrəli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan hallar mövcuddursa, həmin qətnamədən Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək hüququ vardır. Eyni zamanda iddia tələbinin Cavabdeh 09.06.2020-ci il tarixli, e-2-2(121)-588/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrasının dayandırılması hissəsi ilə bağlı iddiaçıya izah edilir ki, həmin tələblə bağlı Cavabdehnə müraciət etmək hüququ vardır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla ona yardım edilməsi və hüquqlarının izah edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qanunla qorunan hüquqlarınızı ciddi pozduğuna görə müvafiq məhkəmə aktı qəbul edərək, hakim X1 barədə əsaslı tədbirlərin görülməsi ədalət mühakiməsi həyata keçirərkən hakimlərin gələcək bu cür hərəkətlərdən çəkinməsini təmin etmək məqsədilə müvafiq xüsusi qərardadın çıxarılması, məhkəmə qətnaməsi üzrə qəbul edilən qanunsuz icra vərəqəsinin icrasının dayandırılmasını təmin edəcək müvafiq xüsusi qərardad qəbul etməklə, icra edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilməsi və s.” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin16-cı, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar