Məhkəmə qərarları › İş №2-1(120)-15/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-15/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-15/2021 29.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin kordinatlarında düzəliş edilərək X4 məxsus torpaq sahəsinə uyğun kordinatların verilməsi və iddiaçının ərazisinə düşən kordinatlarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin kordinatlarında düzəliş edilərək X4 məxsus torpaq sahəsinə uyğun kordinatların verilməsi və iddiaçının ərazisinə düşən kordinatlarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 oktyabr 1989-cu il tarixli, 223 saylı əmrinə əsasən onun mülkiyyətinə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi faktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi, Cəlilabad rayonu Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı və digər hüquqmüəyyənedici sənədlərlə öz təsdiqini tapır. Həmçinin Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-551 A saylı şəhadətnaməyə əsasən 0,12 hektar torpaq sahəsi Cəlilabad rayonu, Üçtəpə kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X1 adı qeyd edilən şəhadətnamə verilərkən həmin şəhadətnamə onun mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə verilmişdir. Belə ki, X4 verilmiş torpağa mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamə tərtib edilərkən həmin torpaq sahəsinin koordinatları Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 oktyabr 1989-cu il tarixli, 223 saylı əmrinə zidd olaraq mülkiyyət hüququ üzrə onun torpaq sahəsinin üzərinə vurulmuşdur. Belə olan halda mülkiyyətçi kimi onun mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də o, hal-hazırda ona məxsus olan torpaq sahəsində sənədləşmə işləri apara bilmir. Bu səbəbdən də adı qeyd edilən şəhadətnamənin koordinatlarında düzəliş edilməlidir. Qeyd edilən hal üzrə X4 verilmiş torpağa mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəlişin edilərək X4 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli, 2-1(120)-27/2020 nömrəli qərardadı ilə X6, X10 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2-1(086)-1292/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək bildirdi ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir və bu barədə torpağa mülkiyyət hüququna dair JN-551 A saylı şəhadətnamə verilmişdir. Qanuni əsaslarla ayrılmış torpaq sahəsi onun və ailə üzvlərinin hazırda istifadəsindədir. Qeyd olunan mübahisəli torpaq sahəsi onun qardaşına məxsusdur və qardaşı həmin torpaq sahəsində ev tikmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə X4 verilmiş torpaq sahəsi üzərində torpağa mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamə tərtib edilərkən həmin torpaq sahəsinin koordinatları Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 oktyabr 1989-cu il tarixli, 223 saylı əmri əsasında ona ayrılmış torpaq sahəsinin üzərinə vurulmuşdur. Bu səbəbdən də X4 verilmiş torpağa mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin koordinatlarında düzəlişin edilərək X4 məxsus torpaq sahəsinə uyğun koordinatların verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin kordinatlarında düzəliş edilərək X4 məxsus torpaq sahəsinə uyğun kordinatların verilməsi və iddiaçının ərazisinə düşən kordinatlarının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 sentyabr 1989-cu il tarixli, 223 saylı əmrindən görünür ki, Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 sentyabr 1989-cu il tarixli, 223 saylı əmri əsasında İddiaçı Üçtəpə kəndi ərazisində 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-551A (KOD********) nömrəli şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə X4 və onun ailə üzvləri X7 və X5 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 aprel 2021-ci il tarixli, G-04/21-197 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: Cavab 1: JN-551A saylı şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və sərhədləri müəyyən edildi, JN-551A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi faktiki olaraq iddia edilən yerdən 200 metr şimal-qərb istiqamətində yerləşir, (bax səh. 7-də yaşıl rənglə göstərilmişdir). Bu səbəbdən JN-551A saylı şəhadətnamədə göstərilən ərazi baza xəritəsinə düzgün işlənməyib. JN-551A saylı şəhadətnamədə göstərilən torpaq sahəsində hal-hazırda X2 qardaşı ev tikərək yaşayır, (bax səh. 7-də yaşıl rənglə göstərilmişdir) Cavab 2: JN-550A saylı şəhadətnaməyə əsasən X11 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi hal-hazırda natura və sənəd üzrə üst-üstə düşür-sxemdə çəhrayı rəngli konturla göstərilib. Onun cənub qonşusu 223 saylı əmr ilə X12 ayrılmış 0.12 ha torpaq sahəsidir - sxemdə sarı rəngli konturla göstərilib. Mübahisəli torpaq sahəsindən cənuba tərəf olan hissə - X12 Cəlilabad rayonu, Üçtəpə Bələdiyyəsi tərəfindən 0.70 ha olmaqla icarəyə verilib. Sxemdə göy rəngli konturla göstərilib. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 aprel 2021-ci il tarixli, G- 04/21-197 nömrəli mütəxəssis rəyinin 7-ci səhfəsində əks olunan torpaq sahələrinin hazırki yerləşmə sxemindən açıq-aşkar görünür ki, JN-551A saylı şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsi həmin xəritə də yaşıl rənglə və Partiyanın XXİİ qurultayı adına üzümçülük sovxozunun 27 oktyabr 1989-cu il tarixli, 223 saylı əmri əsasında X12 ayrılmış 0.12 ha torpaq sahəsi sarı rənglə rənglənməklə ayrı-ayrı ərazilərdə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli, 10/1894 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: Qərardadın birinci-ikinci sualları üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - JN-551A saylı şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin natruada yerləşdiyi yer və sərhədləri müəyyən edildi. JN-51A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi faktiki olaraq iddia edilən yerdən 200 metr şimal-qərb istiqamətində yerləşir. Bu səbəbdən JN- 51A saylı şəhadətnamədə göstərilən ərazi baza xəritəsinə düzgün işlənməyib. JN-51A saylı şəhadətnamədə göstərilən torpaq sahəsində hal-hazırda X2 qardaşı ev tikərək yaşayır. - JN-550A saylı şəhadətnaməyə əsasən X11 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi hal-hazırda natura və sənəd üzrə üst-üstə düşür (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə çəhrayı rəngli konturla göstərilib). Onun cənub qonşusu 223 saylı əmr ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsidir (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə sarı rəngli konturla göstərilib). Mübahisəli torpaq sahəsindən cənuba tərəf olan hissə- İddiaçı Cəlilabad rayonu, Üçtəpə Bələdiyyəsi tərəfindən 0.70 ha olmaqla icarəyə verilib (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göy rəngli konturla göstərilib). Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert və mütəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir və həmin torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 16.02.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin kordinatlarında düzəliş edilərək X4 məxsus torpaq sahəsinə uyğun kordinatların verilməsi və iddiaçının ərazisinə düşən kordinatlarının dəyişdirilməsi barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-551A saylı şəhadətnamənin kordinatlarında düzəliş edilərək X4 məxsus torpaq sahəsinə uyğun kordinatların verilməsi və iddiaçının ərazisinə düşən kordinatlarının dəyişdirilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar