Məhkəmə qərarları › İş №2-1(120)-150/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-150/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-150/2022 10.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə 10 mart 2021-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X20 7 saylı regional ərazi filialına müraciət etmişdir. Cavabdeh 20 may 2020-ci il tarixli **********7 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, Astara rayonu sabiq Təngərüd kənd Şəfəq sovxozunda işlədiyi 26.02.1976-01.10.1993-cü illər və Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi 1995-1996-cı illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, xx xxxxx 1959-cu il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. 04 mart 1982-ci il tarixdə 3 nömrə ilə nikahları qeyd etdirməklə ərinin soyadını Cəlilova soyadını qəbul etmişdir. Əvvəlki soyadı Səmədova olmuşdur. Əmək fəaliyyətinə 1976-ci il fevral ayından başlamışdır. Belə ki, Astara rayonu, Təngərüd kənd Şəfəq sovxozunda 26.02.1976-ci il tarixli 102 saylı əmrilə sovxoza fəhlə qəbul edilmiş, sonra, yəni 01.04.1988-ci il tarixli 285 nömrəli əmrlə sovxozun uşaq baxçasında həyətyanı xadimə təyin edilmiş və 01.10.1993cü il tarixli 407 əmri ilə işdən azad olunmuşdur. 1985 və 1996-ci illərdə Astara rayonu, Təngərüd kənd icra nümayəndəliyində xadimə işləyib əmək haqqı almışdır. Lakin həm Şəfəq sovxozunda, həmdə Təngərüd kənd icra nümayəndəliyində işlədiyi müddət əmək kitabçasına yazılmayıb. Tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. 20 may 2021-ci il tarixli, **********7 nömrəli məktubları ilə bildirmişdir ki, təqdim etdiyiniz sənədlərə əsasən 01.01.2006-ci ildən sonra fərdi hesabınızda 10 il 6 ay sosial sığortanız vardır. Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 saylı arayışına əsasən 1976-1993 illər və 1995-1996-ci illər üzrə sosial sığorta stajı 19 il 1 ay təşkil etdiyi halda əmək kitabçasında qeyd olunmadığından sosial sığorta stajına daxil etmək qanuna müvafiq deyildir. Odur ki, ona tövsiyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Beləliklə, ******* nömrəli əmək kitabçasında yalnız 20.04.2012-ci il tarixdən 19.07.2018-ci il tarixə kimi olan əmək stajı qeyd edilmişdir. Həqiqətdə də 1976- 1993-cü illərdə Təngərüd kənd Şəfəq sovxozunda və 1995 -1996-ci illərdə isə Təngərüd kənd İcra nümayənədliyində işləyib əmək haqqı almışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin 20.05.2021-ci il tarixli **********7 nömrəli imtina məktubuna əsasən iddiaçının təqdim etdiyi Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 nömrəli arayışlarında onun 1976-1993-cü illərdə Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da və 1995-1996-cı illərdə Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi qeyd edilmişdir. Həmçinin cavabdehin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi məktuba əsasən iddiaçıya 1982-ci ildə 10 ay, 1983-cü ildə 6 ay, 1984-cü ildə 11 ay, habelə 01.01.1985-ci il tarixindən 01.05.1995-ci il tarixinədək əmək haqqı ödənilmədiyindən və onun istər Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da istərsə də Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi illər iddiaçının əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “X13” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabrtarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “X13” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası tərəflərindən araşdırılarkən bəzi pozuntular aşkar edilmişdir. Belə ki, ilk öncə iddiaçının peşəsi qeyd edilməmiş və əmək kitabçası iddiaçı tərəfindən imzalanmamışdır. İkincisi əmək kitabçasındakı qeydlər arasındakı uyğunsuzluqlar aşkar edilmişdir. Kitabçadakı 20.04.2012-ci il tarixli birinci qeydə əsasən iddiaçı 01.11.1996-cı il tarixli 65 nömrəli əmrlə Astara rayon Tənqərüd kənd körpələr evi-uşaq bağçasına musiqi tərbiyəçisi vəzifəsinə təyin edilmişdir. Kitabçadakı növbəti - 01.02.2009-cu il tarixli - qeydə əsasən Astara rayon maliyyə idarəsinin 0/5 nömrəli məktubuna əsasən iddiaçının musiqi təhsili olmadığına görə tərbiyəçi vəzifəsinə təyin edilmişdir. Qeyd edirlər ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçası 20.04.2012-ci il tarixində doldurulmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasına əsasən o, 01.11.1996-cı il tarixində işə daxil olsa da, əmək kitabçası 20.04.2012-ci ildə açılmışdır. Həmçinin kitabçanın ilk qeydi ilə sonrakı qeyd arasında uyğunsuzluq yarandığından kitabçanın mötəbərliyi şübhə altına alınır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 1.2-ci bəndinə əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Məhkəmənin qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Astara rayonu, Təngərüd kəndində doğulmuş və həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27.05.2021-ci il tarixli, 327 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonunun Təngərüd kəndində yaşayır. İşdə olan Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli, 27/3 nömrəli arxiv arayışından görünür ki, Cəlilova (Səmədova) X10 rayonu sabiq Təngərüd kənd Şəfəq sovxozunun əmr kitablarına əsasən 1976-cı ilin fevral ayının 26-da 102 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1988-ci ilin aprel ayının 01-də 285 saylı əmrlə sovxozun uşaq bağçasına həyətyanı xadimə təyin edilmişdir. Cəlilova (Səmədova) X10 rayonu sabiq Təngərüd kənd Şəfəq sovxozunun əmr kitablarına əsasən 1993-cü ilin oktyabr ayının 01də 407 saylı əmrlə Respublika Nazirlər Kabinetinın 363 saylı qərarı ilə Astara aqrarsənaye kombinatının 30.08.1993-cü il tarixli 07 saylı əmrinə əsasən işdən azad olunmuş və rayonun maarif şöbəsinə köçürülmüşdür. İşdə olan Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli, 27/4 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1995-1996-cı illərdə Astara rayonu sabiq Təngərüd kənd İcra nümayəndəliyinin işləmiş və əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət Arxivinin 29.11.2021-ci il tarixli, 147 nömrəli arxiv arayışından və ona əlavə olunmuş 29.11.2021-ci il tarixli, 147/1 nömrəli arxiv arayışından və həmin arayışın tərtib edilməsinə əsas olan sənədlərdən görünür ki, İddiaçı 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illərdə Astara rayonu Təngərüd kənd körpələr evi uşaq bağçasında işləmiş və əmək haqqı almışdır. İşdə olan İddiaçı məxsus 20.04.2012-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.11.1996-cı il tarixdən Təngərüd kənd körpələr evi-uşaq bağçasına müsiqi tərbiyəçisi vəzifəsinə təyin edilmiş, Astara rayon maliyyə idarəsinin 0/5 nömrəli məktubuna əsasən iddiaçının musiqi təhsili olmadığına görə tərbiyəçi vəzifəsinə təyin edilmiş və 13.07.2018-ci il tarixdə tərbiyəçi vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X20 7 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış 20.05.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 7 saylı regional ərazi filialında ərizəsinə baxılmışdır. ”X13” Azərbaycan Respublikasınin Qanunun 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı ildən sonra fərdi hesabında 10 il 6 ay sosial sığortası vardır. Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 saylı arayışlarına əsasən 1976-1993-cü illər və 1995- 1996-cı illər üzrə sosial sığorta stajı 19 il 1 ay təşkil etdiyi halda əmək kitabçasında qeyd olunmadığından sosial sığorta stajına daxil etmək qanunamüvafiq deyildir. Odur ki, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X20 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi iddia ərizəsinə 06.09.2021-ci il tarixli, **********1 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı 25 il sosial sığorta stajı təsdiq olunduğu halda yaşa görə əmək pensiyası hüquqi qazanır. ”X13” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ”X13” Azərbaycan Respublikasınin Qanunun 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. ”X13” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Astara rayon Təngərüd kənd sakini İddiaçı təqdim etdiyi sənədlərə əsasən nəzərə alınan sosial sığorta stajı 01.01.2006-cı ildən sonra fərdi hesabında olan 10 il 6 ay sığorta stajıdır. Nəzərə alınmayan sığorta stajı: Astara rayon Dövlət Arxivinin 31.08.2021-ci il tarixli 100/1,100/2 və 27/4 saylı arayışına əsasən vətəndaş 26.02.1976-cı ildə Astara rayon Təngərüd kənd Şəfəq sovxozuna fəhlə qəbul edilmiş, 01.04.1988-ci ildə sovxozun uşaq baxçasına həyətyanı xadimə təyin edilmişdir. 01.10.1993-ci ildə Astara aqrarsənaye kombinatının əmrinə əsasən işdən azad olunub rayon maarif şöbəsinə köçürülmüşdir.Təngərüd kənd icra nümayəndəliyinində işlədiyi dövrün (1995-1996) işə daxil olma və işdən azad olma qeyd olunmamışdır. 1982-ci ildə 10 ay,1983-ci ildə 6 ay,1984-ci ildə 11 ay, 01.01.1985-01.05.1995-ci illərdə əmək haqqının olmaması və əmək kitabçasında həmin illər qeyd olunmadığından sosial sığorta stajına daxil etmək qanunamüvafiq deyildir. İşdə olan Təngərüd kənd körpələr evi-uşaq bağçasının 29.11.2021-ci il tarixli, 04 nömrəli arayışında qeyd edilmişdir ki, Cəlilova X1 körpələr evi uşaq bağçasında müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləmişdir. Lakin İddiaçı bağçada fəaliyətə başladığı gün ay və il haqqında əmr kitabında heç bir məlumat yoxdur. 18 mart 1996-cı il (Əmr №2) Təngərüd kənd körpələr evi uşaq bağçasında bağban işləyən İddiaçı məzuniyyətə buraxılmışdır. 06 aprel 1996-cı il (Əmr №7) İddiaçı əmək məzuniyyəti qurtardığı üçün işə qayıtmışdır. 10 sentyabr 1996-cı il (Əmr №48) İddiaçı bağban vəzifəsi ixtisara düşdüyünə görə işdən azad edilmişdir. 01 noyabr 1996-cı il (Əmr №65) İddiaçı ərizəsi nəzərə alınaraq 01.11.1996-cı il tarixdə bağçaya musiqi tərbiyəçi təyin edilmişdir. 01 fevral 2009-cu il (Əmr №324) Təngərüd kənd körpələr evi uşaq bağçasında musiqi tərbiyəçi işləyən İddiaçı musiqi təhsili olmadığı üçün 01 fevral 2009-cu il tarixindən işdən azad edilmişdir, həmin bağçada tərbiyəçi təyin edilmişdir. 13 iyul 2018-ci il (Əmr №36) Təngərüd kənd körpələr evi uşaq bağçasının tərbiyəçisi İddiaçı 13 iyul 2018-ci il tarixdən işdən azad edilmişdir və onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 04.03.1982-ci il tarixli, İİ-JQ 423680 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X8 04.03.1982-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Cəlilova soyadını götürmüşdür. İş materiallarında olan 22.12.1983-cü il tarixli, İX-JQ 407890 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 18.12.1983-cü il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 adı qeyd edilmişdir. İş materiallarında olan 16.03.1990-cı il tarixli, XV-JQ 282967 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 16.02.1990-cı il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 adı qeyd edilmişdir. İş materiallarında olan 02.06.1992-ci il tarixli, XVİİ-JQ 272855 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 27.04.1992-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 adı qeyd edilmişdir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli, 2365 nömrəli arayışdan görünür ki, X6 08.05.1985-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 adı qeyd edilmiş, 19.12.1987-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli, 2366 nömrəli arayışdan görünür ki, X15 24.08.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 adı qeyd edilmiş, 13.12.1988-ci il tarixdə vəfat etmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «X13» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «X13» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X13» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «X13» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «X13» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «X13» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X13” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X20 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını və məhkəmə icraatı zamanı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 nömrəli arayışlarında onun 1976-1993-cü illərdə Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da və 1995-1996-cı illərdə Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi qeyd edilmişdir. Həmçinin, iddiaçıya 1982-ci ildə 10 ay, 1983-cü ildə 6 ay, 1984-cü ildə 11 ay, habelə 01.01.1985-ci il tarixindən 01.05.1995-ci il tarixinədək əmək haqqı ödənilmədiyindən və onun istər Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da istərsə də Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi illər iddiaçının əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçası tərəflərindən araşdırılarkən bəzi pozuntular aşkar edilmişdir. Belə ki, ilk öncə iddiaçının peşəsi qeyd edilməmiş və əmək kitabçası iddiaçı tərəfindən imzalanmamışdır. İkincisi əmək kitabçasındakı qeydlər arasındakı uyğunsuzluqlar aşkar edilmişdir. Kitabçadakı 20.04.2012-ci il tarixli birinci qeydə əsasən iddiaçı 01.11.1996-cı il tarixli 65 nömrəli əmrlə Astara rayon Tənqərüd kənd körpələr evi-uşaq bağçasına musiqi tərbiyəçisi vəzifəsinə təyin edilmişdir. Kitabçadakı növbəti - 01.02.2009-cu il tarixli - qeydə əsasən Astara rayon maliyyə idarəsinin 0/5 nömrəli məktubuna əsasən iddiaçının musiqi təhsili olmadığına görə tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası 20.04.2012-ci il tarixində doldurulmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasına əsasən o, 01.11.1996-cı il tarixində işə daxil olsa da, əmək kitabçası 20.04.2012-ci ildə açılmışdır. Eyni zamanda, kitabçanın ilk qeydi ilə sonrakı qeyd arasında uyğunsuzluq yarandığından kitabçanın mötəbərliyi şübhə altına alınır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, iş materialında olan Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 nömrəli arayışlarından, həmçinin Astara rayon Dövlət Arxivinin 23.07.2021-ci il tarixli, 85/2 nömrəli, 31.08.2021-ci il tarixli, 100 nömrəli və 09.11.2021-ci il tarixli, 147 nömrəli məktubları ilə göndərilmiş əmrlər kitabından, əmək stajı və qazanc uçotu kitabından çıxarışlardan görünür ki, İddiaçı 1976-1993-cü illərdə Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da və 1995-1996-cı illərdə Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işlədiyi qeyd edilmişdir. Həmin fakt iddiaçının təqdim etdiyi Astara rayon Dövlət Arxivinin 07.02.2020-ci il tarixli 27/3 və 27/4 nömrəli arayışlarında da öz əksini tapmışdır. Belə ki, həmin arxiv arayışlarından görünür ki, İddiaçı 1976-1993-cü illərdə Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da və 1995-1996-cı illərdə Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işləmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olmuşdur ki, iddiaçının 1976-1993-cü illərdə Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da işlədiyi dövrlərdə övladları dünyaya gəlmiş və iddiaçının deməsinə görə o uşaqlarının doğulduğu həmin dövrlərdə ödənişli analıq məzuniyyətində olmuşdur. Yəni göründüyü kimi arxiv arayışında əmək haqqı göstərilməyən dövrlərdə iddiaçının analıq məzuniyyətində olması ehtimalı da vardır. Lakin cavabdeh inzibati orqan bu məsələlərə diqqətsiz yanaşmış, bu barədə hər hansı araşdırma aparmamışdır. Həmin vaxt iddiaçının analıq məzuniyyətində olub-olmadığını, əgər məzuniyyətdə olmuşsa onun müddətini və həmin məzuniyyətin ödənişli yoxsa ödənişsiz olması hallarını və məzuniyyətdə olduğu dövrün sığorta stajına daxil olub-olmadığını xidməti vəzifəsinə görə araşdırmamışdır. Bundan başqa cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən iddiaçının işlədiyi 1976-1993 illər və 1995-1996-ci illərin əmək kitabçasında qeyd olunmadığına əsaslansa da sonradan yəni məhkəmə araşdırması zamanı iddia tələbinə qarşı verdiyi etirazda iddiaçının əmək kitabçasını da mübahisələndirmişdir. Lakin əmək kitabçasının qeyri-mötəbər və orada qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının əmək kitabçasındakı əmək fəaliyyətinə dair olan qeydlər 1996-2018-ci illərdə Astara rayon Tənqərüd kənd körpələr evi-uşaq bağçasında olan dövrlərlə bağlıdır ki, həmin dövrlərdə iddiaçının əmək fəaliyyətində olması və əmək haqqı alması Astara rayon Dövlət Arxivinin 29.11.2021-ci il tarixli, 147 nömrəli arxiv arayışı, həmin arayışa əlavə olunmuş 29.11.2021-ci il tarixli, 147/1 nömrəli arxiv arayışı və həmin arayışın tərtib edilməsinə əsas olan sənədlər ilə, o cümlədən Təngərüd kənd körpələr evi-uşaq bağçasının 29.11.2021-ci il tarixli, 04 nömrəli arayışı ilə təsdiq olunur. Bu baxımdan müraciətə təkrar baxılan zaman və iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından həmin “Şəfəq” adına sovxozda və Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində işləyən və pensiya hüququ əldə edən digər işçilərin pensiya işinə və arxiv sənədlərinə baxış keçirməli, iddiaçı ilə eyni dövrlərdə və müəssisələrdə işləyən işçilərin olub-olmadığını, həmin işçilərində arxiv arayışlarında olan qeydlərin iddiaçıya məxsus arayışda aparılmış qeydlərlə uyğun olub-olmadığını, arxiv arayışında əmək haqqı göstərilməməsinin səbəblərini, iddiaçının Astara rayon Təngərüd kənd “Şəfəq adına sovxoz”da işlədiyi lakin arxiv arayışında əmək haqqı göstərilməyən dövrlərində analıq məzuniyyətində olub-olmadığını, əgər məzuniyyətdə olmuşsa onun müddətini və həmin məzuniyyətin ödənişli yoxsa ödənişsiz olması hallarını müəyyən etməli, o cümlədən iddiaçının 1996-2018-ci illərdə Astara rayon Tənqərüd kənd körpələr evi-uşaq bağçasında olan əmək fəaliyyəti ilə bağlı (işə daxil olma və işdən xaric olma barədə əmrləri əldə etməli, əmək haqqı cədvəllərinə baxış keçirməklə) əsaslı və ətraflı araşdırma aparmalıdır. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən iddiaçının işlədiyi 1976-1993 illər və 1995-1996-ci illər üzrə sosial sığorta stajının əmək kitabçasında qeyd olunmadığına əsaslansa da sonradan yəni məhkəmə araşdırması zamanı iddia ərizəsinə qarşı verdiyi etirazda digər fəqli əsasların irəli sürməsi onu deməyə imkan verir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hərtərəfli araşdırma aparmamışdır. Yəni cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı etirazında göstərdiyi dəlillərinə uyğun aparmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında və arxiv arayışında göstərilən dövrlərdə mövcudluğuna və fəaliyyətinin olub-olmamasına, iddiaçının həmin müəssisədə işləyib-işləməməsinə və əmək haqqı alıb-almamasına, əmək haqqı almamasının səbəblərinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını, arxiv arayışını və s.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran- Astara regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar