Məhkəmə qərarları › İş №2-1(120)-1502/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1502/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1502/2022 21.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixə 25 il 10 ay ümumi, 22 il 10 ay 14 gün güzəştli iş stajının olmasını nəzərə alaraq, ona hüququnun yarandığı 03 sentyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın hesablanaraq birdəfəyə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1962-ci ildə Salyan rayonunda anadan olmuş, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Salyan rayon 76 saylı X18 məktəbində armaturçu-elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirərək, xx.xx.1980-ci ildə B seriyalı 128267 saylı dıplom almış (10 ay 25 gün sığorta stajı), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 21 gün sığorta stajı), xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixli, 12 saylı əmrlə Salyan rayon X6 İdarəsində mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR X14 Komitəsinin 172 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən rayon mexanikləşdirmə müəssisəsi ləğv edildiyinə görə, tutduğu vəzifədən azad edilib Salyan rayon X7 və X2 mexanikləşdirilmiş torpaq işləri sahəsinə qaynaqçı vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu ildə təmir emalatxanasının qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə V dərəcə qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1994-cü ildə isə öz ərizəsi ilə işdən azad edilmiş (11 il 8 ay 14 gün sığorta stajı), xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək Salyan Neft X17 İdarəsinin Quyuların yeraltı əsaslı təmiri sexində qazmaçı köməkçisi işləmiş, xx.xx.2003- cü ildən xx.xx.2005-ci ilədək Quyuların yeraltı əsaslı təmiri sexində yeraltı təmir operatoru, xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək Quyuların yeraltı əsaslı təmiri sexində çilingər, xx.xx.2015-ci ildən halhazıradək Quyuların yeraltı əsaslı təmiri sexində quyuları təmirə hazırlıq briqadasının operatoru vəzifəsində işləmişdir. 1999-cu ildən Salyan Neft X17 İdarəsinin adı dəyişdirilərək “Salyan Oil Limited” şirkəti adlandırılmışdır. Beləliklə, xx.xx.1977-ci ildən xx.xx.2006-cı il tarixə cəmi 25 il 10 ay (10 ay 25 gün+ 2 il 21 gün+ 11 il 8 ay 14 gün + 11 il 2 ay) sığorta stajı mövcuddur. Onun xx.xx.2019-cu ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 57 yaşı olmuş, həmin vaxta isə 39 il 6 ay sığorta stajı mövcuddur. Onun işlədiyi əsas peşə əl ilə elektrik qaynaqçısı olmuş, sonradan isə X17 idarəsində də güzəştli işləmişdir. Göründüyü kimi, onun xx.xx.1977- ci ildən hal-hazıradək hansı təşkilatda peşə təhsili alması, idarə və təşkilatlarda işləməyi və hərbi xidmət keçməyi işə əlavə edilmiş əmək kitabçası, diplom və hərbi bilet ilə tam təsdiq edilir. Sonuncu dəfə 2022-ci ilin mart ayında güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqanın 01 aprel 2021-ci il tarixli, **********5 saylı cavab məktubu (ərizəyə əlavə edilib) ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi göstərildi ki, “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında dövr ərzində Salyan rayon X11 və X2 təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sənədlərə əsasən işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (xx.xx.1994-xx.xx.2005) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Əvvala, cavabdeh onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının olmasını qəbul edir, yalnız azı 12 il 6 ay güzəştli iş stajının olmamasını bildirir və istinad edir ki, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərdə işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək sənədlərlə mümkün olmamışdır. Eləcə də, qaynaq işlərini yalnız əl ilə aparmaq mümkündür ki, o, bu peşəni məhz əl ilə yerinə yetirmiş və bu qaynağı insanın digər orqanları, yəni ayaq, dil, baş, qulaq və digər əzaları ilə yerinə yetirmək mümkün deyil. Ola bilər ki, cavabdeh inzibati orqan qaynaq işlərinin digər insan orqanları ilə yerinə yetirlməsinin yeni üsulunu icad etmişdir. Bu hal onun təhsil aldığı peşə məktəbindən verilmiş diplomda da öz təsdiqini tapmışdır. İşlədiyi dövrdə, qaynaq işlərini təbii ki, hər hansısa müğənni və ya digər peşənin adamları icra etməli deyildi ki, cavabdeh gülünc və absurd əsaslarla ona imtina cavabı verir. Habelə onun sonrakı iş dövrünü güzəştli iş stajı kimi qəbul edir, əvvəlki dövrünü isə qəbul etmir. Halbuki, bu barədə “Salyan OİL Limited” şirkəti tərəfindən də güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün xx.xx.2022-ci il tarixli, 005 saylı arayış verilmişdir. Bununla bağlı pensiya təyinatı şöbəsindən verilmiş güzəştli arayış nümunəsi üzərində yeni arayış forması təqdim edilmiş, arayışda qeyd edilmişdir ki, onun xx.xx.1994-cü ildən işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2-ci bəndinin a yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir (Güzəştli arayışın əslini ərizəsinə əlavə edir). Onun sovet dövründə işlədiyi idarələr isə ləğv edilməklə, arxivləri Dövlət Arxivinə təhvil verildiyinə görə, bu barədə yalnız arxiv arayışlarını ala bilmiş, ləğv edilmiş idarələrdən güzəştli arayış ala bilməmişdir. Bu arayışı ala bilməmək, cavabdehə əsas vermir ki, ahıl yaşında ona ödəniməli olan pensiyası verilməsin. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər - 57 yaşına çatdıqda; azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadıntar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraıtinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna xx.xx.2017-ci ildən edilmiş dəyişikliyə də uyğun olaraq, onun xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi iş stajım mövcuddur ki, bu halda ona mütləq şəkildə 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Bu hal hətta xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində də öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. O, xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək olan müddətdə Salyan rayon Mexanikləşdirmə Müəssisəsində (xx.xx.1989-cu ildə adı dəyişdirilərək Salyan rayon X7 və X3 adlandırılıb) elektrik qaynaqçısı peşəsində işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə 23 yanvar 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi göstərilmişdir ki, bu peşələri alın təri ilə icra etməklə, sağlamlığı hesabına qazanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsinin 10.2. (Neft, qaz və qaz kondensatının hasilatı) yarımbölməsində neft, qaz və qaz kondensatının hasilatı quyuların əsaslı təmirinin qazmaçıları; quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər peşəsi güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Beləliklə, onun xx.xx.1994-cü ildən xx.xx.2006-ci ilədək olan 11 il 2 ay müddətdə X17 İdarəsində qazmaçı köməkçisi, yeraltı təmir operatoru və 11 il 8 aydan artıq elektrik qaynaqçısı peşələri ona güzəştli iş stajı kimi nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək olan müddətdə də 22 il 10 ay 14 gün güzəştli iş stajı mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili əsassızdır. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 ili 06 ay həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-xx.xx.1994-cü illər ərzində Salyan rayon X11 və X1 Təmir Emalatxanasında qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş siyahılarda ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Bu dövr ilə bağlı “güzəştli arayış” təqdim edilmədiyindən iddiaçının işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı cəmi 10 il 2 ay (xx.xx.1994-xx.xx.2005-ci illər) təşkil edir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarınm iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. 2) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfındən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixli, 12 nömrəli əmrə əsasən Salyan rayon X6 mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən Azərbaycan SSR X14 Komitəsinin 172 nömrəli 28 fevral 1989-cu il tarixli əmrinə əsasən Rayon Mexanikləşdirmə müəssisəsi ləğv edildiyindən, tutduğu vəzifədən azad olunmuş, köçürmə yolu ilə Salyan rayon X7 və X2 mexanikləşdirilmiş torpaq işləri sahəsinə öz ərizəsinə əsasən qaynaqçı vəzifəsinə köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası X10 filialının 23 noyabr 2021-ci il tarixli, 628 saylı arayışından görünür ki, X10 fililında mühafizə olunan Salyan rayon Kürqaraqaşı kənd “Oktyabr” adına kolxozun 1977-1979-cu illərə aid inventarzasiya kitabında, 1983-1994-cü illərə aid Salyan rayon X9 Texniki Təchizat bazasının əmək haqqı və şəxsi heyət üzrə əmrlərində İddiaçı kolxozçu, qaynaqçı işləyib əmək haqqı alması və şəxsi heyət üzrə əmrlərindən Arxiv Çıxarışından görünür ki, iddiaçı Salyan rayon sabiq “Oktyabr” adına kolxozda 1977-ci ildə 140 adam günü, 1978-ci ildə 81 adam günü, 1979cu ildə 90 adam günü işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən X4ynaqçı işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 46-k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən təmir emalatxanasına qaynaqçı keçirilmiş, xx.xx.1990-cı il tarixli, 37-k nömrəli əmrə əsasən 1989/90-cı ilin hesabına 24 iş günü həcmində xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1992-ci il tarixli, 15-k nömrəli əmrə əsasən 1990/91-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1991-ci il istirahət günü iş günü hesab edildiyindən məzuniyyətə əlavə edilmiş, xx.xx.1992-ci il tarixli, 87-k nömrəli əmrə əsasən 1991/92-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-cı il tarixdən xx.xx.1992ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1993-cü il tarixli, 53-k nömrəli əmrə əsasən 1992/93-cü ilin hesabına 24 iş günü həcmində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1994-cü il tarixli, 63-k nömrəli əmrə əsasən Salyan rayon X11 və X3 üzrə öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR X15 Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, В № 128267 nömrəli Atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci il tarixədək Salyan rayon 76 nömrəli texniki peşə məktəbində “armaturçu, elektrik qaynaqçısı” sənəti üzrə peşə təhsili almışdır. İş materiallarında olan X13 xx.xx.2022-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 25 avqust 1977-ci il tarixli, 14-K saylı əmrə əsasən Salyan 76 saylı X18 Məktəbində 3 illik “Armaturçu elektrik qaynaqçısı” qrupunda əyani təhsil almış, 26 iyul 1980-ci il 49-K saylı əmrə əsasən tam kursu bitirmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli, 116 saylı qərarına əsasən Təhsli Nazirliyinin sentyabr 1996-cı il tarixli, 440 saylı əmri ilə 76 və 104 saylı Texniki Peşə Məktəbləri birləşdirilmiş və onların bazasında X16 yaradılmışdır. İş materiallarında olan НЗ-4393663 saylı hərbi biletdən görünür ki, İddiaçı 20 noyabr 1980-ci il tarixdən 11 dekabr 1982-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan “Salyan OİL LTD” nin xx.xx.2022-ci il tarixli, 005 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.2003-cü illərdə Quyuların Əsaslı və yeraltı təmiri sexində Qazmaçı köməkçisi (Əmr № 78K, xx.xx.1994); xx.xx.2003-xx.xx.2015-ci illərdə Quyuların Əsaslı və yeraltı təmiri sexində Yeraltı təmir operatoru (Əmr № 1/k, xx.xx.2003); xx.xx.2005-xx.xx.2015-ci illərdə Quyuların Əsaslı və yeraltı təmiri sexində çilingər (Protokol № 1, xx.xx.2005); xx.xx.2015-xx.xx.2021-ci illərdə Quyuların Əsaslı və yeraltı təmiri sexində quyuları təmirə hazırlıq briqadasının operatoru (Əmr № 14/K, xx.xx.2015); xx.xx.2021-xx.xx.2022-ci illərdə Test və Avtomatik bölməsində Neftölçən (Əmr № HR/822, xx.xx.2021) vəzifəsində işləmişdir. Qeyd: hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 27 il 04 ay 18 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: vəzifə üzrə işin xüsusiyyətləri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndində/a (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 11 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1989xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Salyan rayon X11 və X1 Təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sənədlərinizə əsasən işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 2 ay (xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdeh təşkilatın bu dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və ən azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Cavabdeh imtina məktubunda qeyd edir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Salyan rayon X11 və X1 Təmir emalatxanasında qaynaqçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sənədlərinizə əsasən işlədiyiniz vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 2 ay (xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu dəlillə əlaqədar olaraq məhkəmə bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına mövcud malik olmalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı, həmçinin işlədiyi idarə və müəssisələr tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası X10 filialının 23 noyabr 2021-ci il tarixli, 628 saylı arayışından görünür ki, xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən X4ynaqçı işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 46-k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən təmir emalatxanasına qaynaqçı keçirilmiş, xx.xx.1990-cı il tarixli, 37-k nömrəli əmrə əsasən 1989/90-cı ilin hesabına 24 iş günü həcmində xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1992-ci il tarixli, 15-k nömrəli əmrə əsasən 1990/91-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1991-ci il istirahət günü iş günü hesab edildiyindən məzuniyyətə əlavə edilmiş, xx.xx.1992-ci il tarixli, 87-k nömrəli əmrə əsasən 1991/92-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1993-cü il tarixli, 53-k nömrəli əmrə əsasən 1992/93-cü ilin hesabına 24 iş günü həcmində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1994-cü il tarixli, 63-k nömrəli əmrə əsasən Salyan rayon X11 və X3 üzrə öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar