Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1507/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Salyan rayonu Yolüstü Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Orucov Xidmət Daşdəmir oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayonu Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayonu Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, iclas protokolu üzrə qəbul edilmiş qərarın və Salyan rayonu Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin 07 avqust 2024-cü il tarixli, 09 saylı iclas qərarının ləğv olunması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Salyan rayonu Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayonu Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, iclas protokolu üzrə qəbul edilmiş qərarın və Salyan rayonu Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin 07 avqust 2024-cü il tarixli, 09 saylı iclas qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin qərardadı ilə "xxxx" MMC, X7, X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Varlı bələdiyyəsinin qanunsuz fəaliyyəti ilə bağlı daxil olmuş vətəndaş müraciəti araşdırılarkən məlum olmuşdur ki, Salyan rayonu, Varlı bələdiyyəsinin (keçmiş İ Varlı bələdiyyəsi) xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2008-ci il tarixli 1686 nömrəli torpaqların alqı-satqı aktı və 4 ədəd xx.xx.2008-ci il tarixli A № 050014 (9.2 ha), A № 050011 (13.0 ha), A № 050012 (15.8 ha), A № 050013 (12.0 ha) nömrəli DTXK tərəfindən tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində yaşayan X1 təsis etdiyi 1206-Ş5-750 nömrə ilə qeydiyyatdan keçmiş "xxxx" MMC- yə satıldığı, həmin sənədlər əsasında 50 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin hüquqlarınin xx.xx.2008-ci il tarixli 250801917, 250801918, 250801919, ********* qeydiyyat nömrəli çıxarışlarla dövlət reyestrində qeydiyyata alındığı məlum olmuş və həmin torpaq sahəsi hal-hazırda X3 xüsusi mülkiyyətindədir. Salyan rayonu, Varlı bələdiyyəsinin mülkiyyətinə məxsus 50 ha örüş təyinatlı torpaq sahəsinin "xxxx" MMC-yə 8400 manata satılmasının qanunsuz olması ilə bağlı bir sıra qanun pozuntuları aşkar olunmuşdur. Belə ki, sözügedən torpaq sahələrinin satılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələbləri bələdiyyə torpaqlarının satılması qaydasına münasibətdə pozulmuşdur. Araşdırma zamanı Salyan rayonu, İ Varlı kəndində yerləşən 50 ha örüş təyinatlı torpaq sahəsinə dair Salyan rayonu, keçmiş İ Varlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının inzibati nəzarət qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş baş idarəsinə daxil olmadığı məlum olmuşdur. Müraciətlə bağlı aparılmış araşdırma zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün Regional idarə tərəfindən Salyan rayonu, Varlı Bələdiyyəsinə xx.xx.2024-cü il tarixli təklif verilmişdir. Salyan rayonu, Varlı bələdiyyəsi tərəfindən İddiaçınə təqdim edilmiş 07 avqust 2024-cü il tarixli, 09 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, təklifin müzakirəsi barədə keçirilmiş iclasda təklifin təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərar isə onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Varlı bələdiyyəsinin mülkiyyətində olmuş 50 ha örüş təyinatlı torpaq sahəsinin 2007-ci ildə xüsusi mülkiyyətə verilməsi zamanı qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata uyğun olaraq Salyan rayonu, Varlı (keçmiş İ Varlı) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasında 01 məsələ üzrə qəbul olunmuş qərarın ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən 3-16-32/2-975-in H-527- 2024 saylı, xx.xx.2024-cü il tarixli təkliflə bələdiyyəyə müraciət edilmişdir. Salyan rayonu, Varlı bələdiyyəsi Regional İdarənin 3-16-32/2-975-in H-527-2024 saylı, xx.xx.2024-cü il təklifini 07 avqust 2024-cü il tarixli, 09 saylı iclas qərarı ilə müzakirə edərək təklifi təmin etməmiş və bununla da bələdiyyənin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı qüvvədə qalmışdır. Odur ki, Salyan rayonu, Varlı (keçmiş İ Varlı) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasında 01 məsələ üzrə qəbul olunmuş iclas qərarı, Salyan rayonu, Varlı (keçmiş İ Varlı) bələdiyyəsinin 07 avqust 2024-cü il tarixli, 09 saylı iclas qərarının qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün, sözügedən qərarların ləğv edilməsi ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən müvafiq məhkəməyə ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunan hallar üzrə bildirilir ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilinməsi barədə dəyişiklik edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq iş üzrə mümkünlük icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izah olunanların ona aydın olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Orucov Xidmət Daşdəmir oğlu iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Salyan Rayon Birinci Varlı kənd sakini X6 şikayət ərizəsi ilə mürcaiət edərək kəndə məxsus ümumi istifadədə olan örüş sahəsinin onlara geri qaytarılmasını xahiş etmişdir. İddiaçı Varlı bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-32/2-975-H- 527-2024 saylı təklifdə Bələdiyyənin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının, alqı-satqı müqavilələrinin və çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi təklif edilmişdir. Salyan rayon Varlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-16-32/2-975-H-527-2024 saylı təklifi təmin edilməmişdir. Salyan rayonu 1 Varlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatına az yararlı örüş torpaq sahəsindən ümumi istifadədə olmayan 50,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə satılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158№-li qəranna müvafiq olaraq "xxxx" MMCyə satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsindən xahiş edilmiş, "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmışdır ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri 1 Varlı bələdiyyəsinin "xxxx" ASC-nin Salyan rayon filialındakı hesablaşma hesabına ödəsin və ödəməsi barədə qəbzi 1 Varlı bələdiyyəsinə təqdim etsin. DT və XK-nin Salyan rayon şöbəsindən xahiş edilsin ki, «Torpaqların alqı-satqı qaydalan»-na əlavədə göstərilən nümunə əsasında «Torpaqların alqı-satqısına dair» üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində kənd təsərrüfatı təyinatlı 15.8 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə ilk öncə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən olunur ki, iddia cavabdeh orqanın 2007-ci illərdə və 2024-cü il tarixlərində qəbul edilmiş qərarlarının ləğv olunmasından ibarətdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun: 5.0 və 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 7.2-ci bəndinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır. 8.4-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 10.1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın: 3.2.2-ci bəndinə əsasən müraciətə 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 iş günü müddətində baxılır. Qanunla müəyyən edilmiş hallarda və qaydada müraciətə baxılma müddəti daha 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə Mərkəz və ya İdarə tərəfindən üç iş günü müddətində yazılı məlumat verilir. Müddətin uzadılması barədə əsaslandırılmış qərar Mərkəzin və ya İdarənin rəisi tərəfindən qəbul edilir; 3.2.9-cu bəndinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 5 iş günü müddətində bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində aidiyyəti məhkəməyə müraciət olunur və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia İnzibati Prosessual Məcəllənin 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir. Məhkəmənin hüquqi mövqeyinə görə inzibati icraat çərçivəsində İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia (məsələn, bələdiyyə qərarlarının ləğv edilməsi) həmin Məcəllənin 2.2.1-ci maddəsində qeyd olunmuş iddialardan (inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən) bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisləndirilməsi ilə bağlıdır və s.) fərqlənmir. Bu baxımdan məhkəmə hesab edir ki, İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddianın mümkün sayılması üçün mübahisələndirmə haqqında iddiada olduğu kimi xüsusi mümkünlük şərtləri mövcud olmalıdır. Xüsusi mümkünlük şərtlərinin də ən əsası iddia qaldırmaq müddətinə riayət edilməsidir. Yuxarıda qeyd olunmuş hüquq normalarında (maddələrində) iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarların ləğv edilməsi tələbi üzrə üçün qanunvericinin müəyyən etdiyi iddia müddətini buraxmışdır. Məhkəmə, həmçinin 07 avqust 2024-cü il tarixli qərara münasibətdə bildirir ki, həmin qərar bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli qərara yenidən baxılmaqla onu qüvvdə saxlamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməyərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməmişdir. Başqa sözlə, iddiaçının öz təşəbbüsü ilə monitorinqlər keçirmək, ümumiləşdirmələr aparmaq hüququ olsa da, iddiaçı həmin hüququnda vaxtında istifadə etməmişdir. Eyni zamanda iddiaçının ötən illər ərzində bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları tələb etmək və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilmək imkanı olmuşdur. Lakin iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib mübahisələndirməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsinə əsas olan bələdiyyə qərarlarının 15-20 il sonra ləğv edilməsi mülki dövriyyəyinin sabitliyinin pozulması ilə nəticələ bilər. Eyni zamanda qeyd olunan hal “İnzibati icraat haqqında” Qanunun “Etimad hüququnun qorunması prinsipi” ilə bağlı normasının (13-cü maddənin) tələbləri ilə uzlaşmır. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı iddiaçıya 21 avqust 2024-cü il tarixli və 16 yanvar 2025-ci il tarixli hüquqi yardım məktubları ünvanlanmış və mümkünlük şərtləri ilə bağlı qanunvericiliyin normaları ətraflı şəkildə izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1507/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1507/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver