Məhkəmə qərarları › İş №2-1(120)-1509/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1509/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1509/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayon “Alov Mühafizə Xidməti”nə qarşı Lənkəran rayon “Alov Mühafizə Xidməti”nin keçmiş baş direktorundan əməyinin dərəcəsinə görə 4 aylıq əmək haqqının, toplam 1728 manat və işə başlamazdan əvvəl ondan alınmış 900 manat pulun qeri qaytarılması və əmək kitabçasında işlədiyi dövrün qeyd edilməsi barədə ərizəsinə Şirvan şəhərində, məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayon “Alov Mühafizə Xidməti”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon “Alov Mühafizə Xidməti”nin keçmiş baş direktorundan əməyinin dərəcəsinə görə 4 aylıq əmək haqqının, toplam 1728 manat və işə başlamazdan əvvəl ondan alınmış 900 manat pulun qeri qaytarılması və əmək kitabçasında işlədiyi dövrün qeyd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İddia ərizəsinə əlavə edilmiş Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışından görünür ki, iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş Lənkəran rayon “Alov Mühafizə Xidməti” – Məhdud Məsuliyyətli Cəmiyyətdir, yəni hüquqi şəxsdir. Məhkəmə hazırki iddia tələbinə münasibətdə iddiaçının nəzərinizə çatdırır ki, iddia cavab verməli olan inzibati orqana qarşı yönəldilməlidir. Lakin hazırki iddia tələbi üzrə cavabdeh qismində qeyd olunmuş “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nda inzibati orqan kimi göstərilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, əmək hüquq sahəsində yaranmışdır. Başqa sözlə, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında baş mühasib vəzifəsində işlədiyindən onunda cavabdeh arasındakı mübahisə inzibati sahədə (publik) olan münasibətlərdən deyil, əmək münasibətlərindən irəli gəlir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçının hazırki tələblə aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və şəhər məhkəməsinə) müraciət etmək hüququ vardır. Bundan başqa, iddiaçının iddia tələbinin “işə başlamazdan əvvəl ondan alınmış 900 manat pulun qeri qaytarılması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin hərəkətlərində korrupsiya hüquqpozmalarının olub-olmaması araşdırmaq hüquq mühafizə orqanlarının səlahiyyətinə aiddir. Başqa sözlə, məhkəmə qeyd olunan məsələyə inzibati icraat qaydasında baxaraq cavabdehin hərəkətlərində korrupsiya hüquqpozmalarının olub-olmamasına hüquqi qiymət verə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,...bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, iddiaçının iddia tələbinin “işə başlamazdan əvvəl ondan alınmış 900 manat pulun qeri qaytarılması” hissəsi ilə bağlı qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına (prokurorluq orqanlarına) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1509/2020 saylı hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubunu xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixə təyin edlmiş məhkəmə iclasına gəlməmiş və iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran rayon “Alov Mühafizə Xidməti”nə qarşı Lənkəran rayon “Alov Mühafizə Xidməti”nin keçmiş baş direktorundan əməyinin dərəcəsinə görə 4 aylıq əmək haqqının, toplam 1728 manat və işə başlamazdan əvvəl ondan alınmış 900 manat pulun qeri qaytarılması və əmək kitabçasında işlədiyi dövrün qeyd edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar