Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1509/2021 07.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının nümayəndəsi X3 qızının iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına qarşı “01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxx 1956-cı ildə anadan olmuşdur, 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 30 iyul 2021-ci il tarixli, **********9 saylı imtina məktubu verilərək, işlədiyi illərə dair arayış təqdim edilsə də, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı “01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, onun 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Həmidova Fatimə qızı iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yeri barədə arayışını, əmək kitabçasının təsdiq olunmuş surətini, hərbi biletin təsdiq olunmuş surətini, atestatın təsdiq olunmuş surətini, X2 filialının 22 iyul 2021-ci il tarixli, 348 nömrəli arayışını, X2 filialının 13 iyul 2021-ci il tarixli, 380 nömrəli arayışını, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsinin 12.07.2021-ci il tarixli, 07/244 nömrəli arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Salyan rayon Dövlət Arxivinin 13.09.2021-ci il tarixli, 482 və 488 nömrəli məktubunun, həmçinin həmin məktublara əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 05 oktyabr 2021-ci il tarixli, **********0 nömrəli iddia tələbinə etirazın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxx 1956-cı il tarixdə doğulmuşdur. 30 aprel 2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur ki, həmin sığorta stajına malik olması, yəni 22.12.1975-12.11.1977-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, 01.09.1971-27.12.1972-ci illərdə təhsil alması 1002 nömrəli atestat ilə, 19.12.1977-12.04.2000-ci illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olması NT-İ ******* nömrəli əmək kitabçası ilə, 01.02.1973- 07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləməsi X2 filialının 13 iyul 2021-ci il tarixli, 380 nömrəli arayışı, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsinin 12.07.2021-ci il tarixli, 07/244 nömrəli arayışı və X2 filialın X2 filialının 13 sentyabr 2021-ci il tarixli, 482 nömrəli arxiv arayışı və ona əlavə olunmuş sənədlər ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan X2 filialın X2 filialının 13 sentyabr 2021-ci il tarixli, 482 nömrəli arxiv arayışından və ona əlavə olunmuş sənədlərdən, 13 sentyabr 2021-ci il tarixli, 488 nömrəli arxiv arayışından və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 01 fevral 1973-cü il tarixdən 07 iyun 1973-cü il tarixədək Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsində işləmiş və əmək haqqı almışdır. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında qeyd olunan iş illəri, təhsil aldığı müddət, hərbi xidmət illəri) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçasını, arxiv arayışını, hərbi biletini, atestatını və s) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması və bu sosial sığorta stajının iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 05 oktyabr 2021-ci il tarixli, **********0 nömrəli məktubunda da öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 05 oktyabr 2021-ci il tarixli, **********0 nömrəli iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir: icraatınızda İddiaçı oğlünun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-1509/2021 nömrəli inzibati iş vardır. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirəm və icraatınıza qəbul edib, hüquqi qiymət vermənizi sizdən xahiş edirəm. İddiaçı iddia ərizəsində 01.02.1973-07.06.1973-cü il tarixlərdə Salyan rayonu mexaniki suvarma idarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. Hesab edirəm ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Sözügedən qaydaların 3.2.1 -ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrlərə əmək kitbçasında qeyd edilən dövlər də daxil edilmişdir. İddiaçı 30.07.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 6 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının müraciətinə Fondun 6 saylı regional ərazi filialı tərəfindən baxılmış və 03.08.2021-ci il tarixli **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb ərizəçinin 01.02.1973-07.06.1973-cü il tarixlərdə Salyan rayon mexaniki suvarma idarəsində işləməsinə dair qeydlərin əmək kitabçasında qeyd edilməməsi olmuşdur. Belə ki, iş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, İddiaçı 02.11.1975-17.11.1977-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 1002 nömrəli texniki peşə təhsili haqqında attestatın surətindən məlum olur ki, İddiaçı 1971-1973-cü il tarixlərdə peşə təhsili almışdır. İş materiallarında olan ******* nömrəli 23.12.1977-ci il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 19.12.1977-21.10.1985-ci il tarixlərdə PMK- 23 trestində, 12.12.1985-18.09.1989-cu il tarixlərdə "xxxx" QSC-də, 13.11.1989-19.04.1990-cı il tarixlərdə “Əzizbəyov adına kolxoz”da, 28.04.1990-02.12.1996- cı il tarixlərdə 8 nömrəli kənd tikinti trestində, 03.12.1996-19.06.1998-ci il tarixlərdə Zabrat xüsusi aviasiya şirkətində, 20.06.1998-12.04.2000-ci il tarixlərdə Azərbaycan Hava Yolları QSC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabeh Fondun 6 saylı regional ərazi filialının 03.08.2021ci il tarixli **********9 nömrəli məktubuna əsasən İddiaçı hərbi xidmət, təhsil müddəti və əmək kitabçasında olan dövrlər mübahisələndirilmədən nəzərə alınmış, lakin qeyd edilən dövlər nəzərə alındıqda İddiaçı 24 il 08 ay 15 gün sosial sığorta stajı mövcud olduğundan ona yaşa görə pensiya təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı Salyan rayonu mexaniki suvarma idarəsində işləməsinə dair Salyan rayon Dövlət Arxivinin 13.07.2021 -ci il tarixli 380 nömrəli arxiv arayışında qeyd edilən dövrlər əmək kitabçasında qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta Stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yas 2) azı 25 il is stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. İddiaçı 01.02.1973-07.06.1973-cü il tarixlərdə Salyan rayonu mexaniki suvarma idarəsində işləməsinə dair əlavə sübutları təqdim edərək iş stajını təsdiq edə bilmədiyi və müvafiq illər R.H.Bağırovun əmək kitabçasında qeyd edilmədiyi üçün onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1(120)-1509/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləməsi X2 filialının 13 iyul 2021-ci il tarixli, 380 nömrəli arayışını, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsinin 12.07.2021-ci il tarixli, 07/244 nömrəli arayışını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı 01.02.1973-07.06.1973-cü ildə Salyan rayon Mexaniki Suvarma idarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1509/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1509/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver