Məhkəmə qərarları › İş №2-1(120)-1509/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1509/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1509/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müvafiq rəyin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətiə qarşı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi ilə bağlı müvafiq rəyin (müsbət rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə müvafiq çıxarış almaq üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Dövlət orqanı tərəfindən "xxxx" ASC-yə müvafiq rəy verilməsi üçün müraciət edilmiş və cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəydə ona məxsus qeyri-yaşayış sahəsinin 10KV-luq elektrik veriliş xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Rəydə ona məxsus olan qeyri-yaşayış sahəsinin elektrik veriliş xəttindən hansı məsafədə olması, mühafizə zolağının neçə metr olması ilə bağlı heç bir hal qeyd edilməmişdir. Ona məxsus tikili cavabdeh inzibati orqanın təqdim etdiyi sənədə əsasən 10 kv.luq elektrik veriliş xəttindən 5,3 m aralıda yerləşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək məhkəmədən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Əli Bayramlı şəhər Bələdiyyəsinin “Əli Bayramlı şəhər sakini X6 Sahibkarlıq fəaliyyəti üçün Bələdiyyə ərazisindən torpaq sahəsinin icarəyə verilməsi barədə” 266 №-li, xx.xx.2004-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, şəhər sakini X6 Bələdiyyə hüdudları daxilində sahibkarlıq üçün ticarət obyektinə icazə verilməsi; Ticarət obyektinin tikintisi üçün şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi istifadədə olan ərazisindən 42 ( qırx iki) kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanması qərara alınmışdır. Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli icazəsindən müəyyən olunur ki, Şəhər İcra Hakimiyyətinin Memarlıq və Əsaslı Tikinti X1 ticarət obyekti tikintisində şəhərin M.Ə.Rəsulzadə küçəsində aşağıdakı şərtlərə yerinə yerinə yetirməklə icazə verir. Tikinti şəhərin baş planına, təsdiq olunmuş texniki şərtlərinə əsasən işlənmiş layihəyə uyğun aparılmalı, Layihə sənədləri mərhələsindən asılı olmayaraq memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmalıdır. Sərəncamla nəzərdə tutulmuş sahədən artıq torpaq sahəsində tikinti aparılarsa və ya tikinti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmazsa, sərəncam öz qüvvəsini itirir. ünvan 1 ünvanlanmış 1156 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı notariat ofisinə müraciət edərək xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X4 qanun üzrə vərəsəsi olması barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Onun ofisə təqdim etdiyi mərhumun ölüm haqqında şəhadətnaməsindən və digər sənədlərindən məlum olur ki, həqiqətən də Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən mərhumların qanun üzrə vərəsəsidir. xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən torpaq sahəsinə qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyənləşdirilməsi məqsədi ilə dövlət reyestrindən vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli ********** (İddiaçı) nömrəli elektron müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan inzibati İdarəsi tərəfindən hazırlanmış yerquruluşu planının surətindən müəyyən olunur ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən 0,0049 ha torpaq sahəsinin 0,0032 ha hissəsi yüksəkgərginlikli elektrik şəbəkələrinin mühafizə zolağında yerləşir (6 kv-lu elektrik xəttinin mühafizə zonasında yerləşir). "xxxx" ASC tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 13-13/2-1/01-3-3976/2024 saylı, xx.xx.2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, aparılmış müayinə nəticəsində İddiaçı məxsus qeyri-yaşayış obyektinin 10 kv-luq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Energetika Nazirliyi Enerji X2 Şirvan Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-15-2- 6/2-H-1421-5-191/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun ünvan 3 ünvanında yerləşən obyektin yaxınlığından yüksək gərginlikli hava xəttinin (bundan sonra-HX) keçməsi səbəbindən obyekt üçün mülkiyyətə dair sənədin alınmasının mümkün olmaması barədə Energetika Nazirliyinə daxil olmuş müraciəti Enerji X2 Şirvan filialında araşdırılmışdır. Araşdırma müddətində iştirakı ilə qeyd olunan ünvana baxış keçirilərək akt tərtib olunmuşdur. Ərazidə fəaliyyət göstərən obyektin arxa tərəfindən 110/10/10 kV-luq “Cihazlar” yarımstansiyadan çıxan "xxxx" ASC-nin balansında olan 10 kV-luq iki dövrəli “3 saylı” və “46 saylı” HX-lərinin keçdiyi, “3 saylı” HX-nin kənar naqilindən obyektin bir tərəfinə məsafənin təxminən 6 metr, digər tərəfinə 5 metr, “46 saylı” HX-nin kənar naqilindən obyektin bir tərəfinə məsafənin təxminən 7 metr, digər tərəfinə 6 metr, iki dayaq arasındakı məsafənin 30 metr olduğu məlum olmuşdur. Tərəfindən 2004-cü il tarixli Əli Bayramlı şəhər Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılması aktı, Əli Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən obyektin tikintisinə icazənin verilməsi barədə və mülkiyyətə dair digər sənədlər, həmçinin "xxxx" ASC-yə etdiyi EM**********58PE1B nömrəli xx.xx.2024-cü il tarixli müraciətə obyektin arxa tərəfindən keçən “3 saylı” HX-nin 2013-cü ildə istismara verildiyi, HX-nin kabel xətti ilə əvəz olunması üçün tərəfindən “ASAN Xidmət” mərkəzinə müraciət etməli olduğu barədə cavab məktubu təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən tikinti obyektinin enerjitəchizatı müəsisəsi tərəfindən HX-nin sonradan istismara verilməsi səbəbindən mühafizə zonasına daxil edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2.2.2-ci yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri izolyasiyasız naqilli hava elektrik verilişi xətlərinə münasibətdə 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün 10 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava məkanı şəklində müəyyən edilmişdir.Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 120.14-cü bəndinə əsasən gərginliyi 1 kV-dan yuxan olan HX-lərin yaşayış yerlərindən keçməsi zamanı kənar HX naqillərindən, onların ən böyük meyillənməsi zamanı tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə gərginliyi 20 kV-dək olan HX üçün 2 m-dən az olmamalıdır.Məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq rəyin verilməsi məqsədilə "xxxx" ASC-yə göndərilmiş məktuba cavab olaraq, Qaydaların 120.14-cü bəndini nəzərə almadan Tələblərin 2.2-ci bəndinə əsasən obyektin 10 kV-luq HX-nin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. Tələblərin 3.5-ci, 3.6-cı və 3.7-ci bəndlərinə əsasən elektrik şəbəkəsinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə razılığın alınması üçün ərizəçi sistem operatoruna müraciət edir, sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir və ərizəçi elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı sistem operatorunun qəbul etdiyi inzibati aktla razılşmadıqda məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: "xxxx" ASC-nin 13-13/2-1/16-14599/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin balansında olan 10 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və 10 KV-luq elektrik verilişi xəttinin mühafizə zonası 10 metr təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4016 №-li, xx.xx.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Əli-Bayramlı şəhər Bələdiyyəsinin 266 №-li, xx.xx.2004cü il tarixli sərəncamı ilə X4 icarəsinə ayrılmış Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 42 kv.m torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yaxınlığıdan yüksək gərginlikli elektrik xəttinin keçib-keçməməsinin cavablandırılması mümkün olmamışdır. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 42 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 №-li Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” tələblərə əsasən elektrik xəttinin mühafizə zolağına düşür, düşdüyü hissə mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları (Qüvvədən düşmüşdür): Bənd 3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi; sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi; b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələr. Bənd 5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək; c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək; ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər. Bənd 7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin: 2.2-ci bəndinə əsasən Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.1.gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; 2.2.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 15 metr; 2.2.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 20 metr; 2.2.5. 150-220 kV-luq hava elektrik verilişi xətləri üçün – 25 metr; 2.2.6. 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün – 30 metr. 2.3. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.3.1. gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr; 2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.3.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 4 metr; 2.3.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 6 metr. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən edilir ki, Əli Bayramlı şəhər Bələdiyyəsinin “Əli Bayramlı şəhər sakini X6 Sahibkarlıq fəaliyyəti üçün Bələdiyyə ərazisindən torpaq sahəsinin icarəyə verilməsi barədə” 266 №-li, xx.xx.2004-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, şəhər sakini X6 Bələdiyyə hüdudları daxilində sahibkarlıq üçün ticarət obyektinə icazə verilməsi; Ticarət obyektinin tikintisi üçün şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi istifadədə olan ərazisindən 42 ( qırx iki) kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanması qərara alınmışdır. Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli icazəsindən müəyyən olunur ki, Şəhər İcra Hakimiyyətinin Memarlıq və Əsaslı Tikinti X1 ticarət obyekti tikintisində şəhərin M.Ə.Rəsulzadə küçəsində aşağıdakı şərtlərə yerinə yerinə yetirməklə icazə verilmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının nənəsinə sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir. Müvafiq inzibati orqan tərəfindən torpaq sahəsi ayrılan və ayrılmış torpaq sahəsində tikintiyə icazə verilən zaman həmin ərazi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasının faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul iddiaçı X7 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi ilə bağlı müvafiq rəyin verilməsi tələbi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar