Məhkəmə qərarları › İş №2-1(120)-151/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-151/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-151/2022 28.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional ərazi filialına qarşı «xx.xx.2003-cü ilədək işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə müraciət edərək peşə məktəbində oxuduğu xx.xx.1971-xx.xx.1973-cü illərin, işlədiyi xx.xx.1973-xx.xx.1975-ci illərin, hərbi xidmətdə olduğu xx.xx.1975-xx.xx.1977-ci illəri, xx.xx.1978-xx.xx.1992-ci illəri, işlədiyi xx.xx.1994-xx.xx.2009-cu illəri sosial stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2003-cü ilədək işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilmiş 2-1(120)-1232/2021 saylı, 22 iyul 2021-ci il tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-ci il tarixdə Astara rayonu, Rüdəkəran kəndində anadan olmuşdur. 01 sentyabr 1971-ci il tarixdə Bakı şəhəri 68 nömrəli texniki peşə məktəbinə daxil olub, 30 may 1973-cü il tarixdə peşə məktəbini bitirmişdir. Ona “Aşbaz” ixtisası verilmişdir. Peşə məktəbi bitirəndən sonra rayona qayıtmışdır və Astara rayon iaşə müəssinin 7 nömrəli yeməkxanasına 491 nömrəli 20 oktyabr 1973-cü il tarixli əmri ilə aşbaz təyin olunmuşdur. Ordu sıralarına hərbi xidmətə çağırıldığına görə 11 noyabr 1975-ci il tarixli, 428 nömrəli əmrlə işdən azad olunmuşdur. 21 noyabr 1975-ci il tarixdən 13 dekabr 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduğdan sonra 10 yanvar 1978-ci il tarixli 7 saylı əmrlə yeni təşkil olunmuş avtobaza nəzdində olan yeməkxanaya aşbaz təyin olunmuşdur. İşçi ixtisası ilə əlaqədar olaraq xx.xx.1992-ci il tarixli 1 saylı əmrlə işdən azad edilmişdir. “Sovavto-Astara” müəssisəndə xx.xx.1994-cü il tarixli 18 saylı əmrlə orada fəaliyyət göstərən yeməkxanaya aşbaz vəzifəsinə təyin edilmişdir. Ərizəsinə əsasən xx.xx.2003-cü il tarixdə 9 saylı əmrlə işdən azad edilmişdir. Beləliklə 27 il 4 ay 17 gün iş stajı vardır. 23 fevral 202-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Yaşa görə əmək pensiyası almaq hüququ yarandığına görə tələb olunan sənədləri toplayıb, xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı Regional Ərazi filialına göndərmişdir. Cavabdeh DSMF publik hüquqi şəxsin 7 saylı Regional Ərazi filialı xx.xx.2021-ci il tarixli, **********7 saylı məktubları yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd edilmişdir ki, xx.xx.1994-xx.xx.2003-cü illərdə “Sovavto- Astara” müəssisəsində işləməyi faktiki yoxlamaq mümkün olmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında ümumi iş stajı 27 il 4 ay 17 gündür. Əmək kitabçası əmək stajlnı təsdiq edən əsas sənəd olduğundan bu sənədə əsasən ona pensiya təyin edilməli idi. “Sovavto-Astara” müəssisəsi Sovet hakimiyyəti dövründə fəaliyyət göstərmiş bir müəssisədir. Sovet hakimiyyəti dağıldıqdan sonrada həmin müəssisə fəaliyyətini dayandırmış və ləğv edilmişdir. Qeyd edilən müəssisənin münasibat sənədlərinin taleyi ona məlum deyildir. Ümumiyyətlə idarə və müəssisələrdə sənədlərin saxlanılmasına və arxivə təhvil verilməsinə görə məsuliyyəti o daşımır və buna görə o, əziyyət çəkməməlidir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1994- 01,09.2003-cü illərdə “Sovavto-Astara” müəssisəsində işləməsini faktını yoxlamaq mümkün olmadığından, həmçinin “Astara ictimai iaşə müəssisəsi”ndə müəyyən dövrlər əmək haqqı alınmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, iddiaçının sığorta stajına daxil edilməyən, mübahisələndirilən tarixlər aşağıdakı kimidir: “Sovavto-Astara” müəssisəsi- xx.xx.1994xx.xx.2003 - (9 il 4 ay 20 gün) İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1994-cü il tarixdən 01,09.2003-cü il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara-müəssisəsin hansı dövrdə fəaliyyət göstərməsi, vergi uçotunda olması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, sözügedən müəssisənin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliklər, ləğv edilmə tarixi, hüquqi varisliyinin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi, özəlləşdirilərkən öhdəliklərinin hüquqi varisə ötürülməsi və balansındakı əmlak barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, həmçinin müəssisədə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə əmrlərinin) təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Astara filialına lazımi sorğular göndərilmişdir. Belə ki, is materiallarına əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara Rayon icra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 19 aprel 2021-Cİ il tarixli 32/4 nömrəli məktubda “Sovavto-Astara” müəssisəsi üzrə arxiv sənədlərinin rayon arxivinə təhvil verilmədiyinə görə İddiaçı barəsində arxiv arayışı tərtib etməyin mümkün olmadığı qeyd edilmişdir. Məlum olduğu kimi, əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Lakin iş materiallarından göründüyü kimi, Astara Kooperativ Cəmiyyətində tərtib edilmiş 13 iyul 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, İddiaçı oğlunun Astara ictimai-iaşə müəssisəsində iş stajı və əməkhaqqları yoxlanılmış və müəyyən edilmişdir ki, 7978-ci il tarixdə 11 ay, 1979-cu il tarixdə 12 ay, 1987-ci ildə 12 ay, 1990-cı il tarixdə 10 ay, 1991-ci il tarixdə 3 ay əməkhaqqı almışdır. Göründüyü kimi sözügedən müəssisədə cəmi 48 ay (4 il) əməkhaqqı alınmışdır. Halbuki iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1978-ci il tarixdən 02.01,1992-ci il tarixədək (13 il 11 ay 22 gün) Astara ictima-iaşə müəssisəsində işlədiyinə dair qeydlər vardır. 13 ilə münasibətdə cəmi 4 il əməkhaqqı alındığına görə digər dövrlərin (əməkhaqqı alınmayan) sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmin faktı Azərbaycan Mərkəzi Kooperativlər ittifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyəti tərəfindən təqdim edilmiş 22 aprel 2021-ci il tarixli 17 №li arayış da təsdiq edir. Həmin arayışa əlavə edilmiş əməkhaqqı cədvəlində yalnız yuxarıda qeyd edilən tarixlərdə əməkhaqqı alındığına dair qeydlər mövcuddur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1- ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 2018-ci ilin oktyabr ayından etibarən qeydə alınmışdır. Buna görə də qanunun həmin normasına əsasən iddiaçıya avtomatlaşdırılmış pensiya təyinatı aparıla bilməz. iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Ərnək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Odur ki, İddiaçı 7 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə keçmiş iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək peşə məktəbində təhsil aldığı illərin, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək işlədiyi illərin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illərin, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 09 il 10 ay 12 günün (xx.xx.1971-xx.xx.1973, xx.xx.1973-xx.xx.1975, xx.xx.1975xx.xx.1977, 1978-(11 ay), 1979, 1987, 1990-(10 ay), 1991-(3 ay)) mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - xx.xx.1994-xx.xx.2003-cü illərdə “Sovavto-Astara” müəssisəsində işlədiyi illərin arxiv sənədinin olmaması; - 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1988, 1989, 1992-ci illərdə “Azərittifaq” Astara Koopertiv Cəmiyyətində işlədiyi illərin əmək haqqlarının yoxlanılmasının mümkün olmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: - xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi illərdə “Azərittifaq” Astara Koopertiv Cəmiyyətinin nəzdində olan müəssisələrdə işləmişdir. - xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi “Sovavto-Astara” müəssisəsində işləmişdir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1988, 1989, 1992-ci illərdə “Azərittifaq” Astara Koopertiv Cəmiyyətində işlədiyi dövrün əmək haqlarının yoxlanılmasının mümkün olmadığını, xx.xx.1994-xx.xx.2003-cü illərdə “Sovavto-Astara” müəssisəsində işlədiyi illərin arxiv sənədlərinin olmamasını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (23 il 6 ay 26 gü) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi “Sovavto- Astara” müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - İddiaçı izahatı üzrə məhkəmə X3 və X9 pensiya işlərini cavabdeh orqandan tələb etmişdir. Pensiya işlərinə baxış zamanı X8 2014-cü il tarixdə, X11 2015-ci il tarixdə əmək pensiyası təyin edilən zaman onların “Sovavto Astara” müəssisəsində işlədiyi illərin nəzərə alınaraq qəbul edildiyi, həmin dövrlərin hal-hazırda İddiaçı işlədiyi illərlə üst-üstə düşdüyü müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********113600 saylı məktubuna əsasən "xxxx" X5 Nəqliyyat Müəssisəsi tərəfindən təsis edilmiş X16 Dispetçer Məntəqəsinin (“Sovavto-Astara” müəssisəsi) xx.xx.1992-ci ildə qeydiyyata alındığı və xx.xx.2011-ci il tarixdə ləğv edildiyi müəyyən edilmişdir. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən həqiqətən də xx.xx.1956-cı il tarixdə anadan olmuş İddiaçı Astara Kooperativ Cəmiyyətinin tabeliyində olan X10 əmr kitablarına əsasən 1973-cü ilin oktyabr ayının 20-də 492 saylı əmrlə Astara şəhərindəki 7 saylı yeməkxanaya aşbaz təyin olunmuş, (saxlanc kitabı xx-xx-1973/xx-xx-1974 illər əmr. № 492 20-10-73 & 1 səh.33), 1975-ci ilin noyabr ayının 11-də 428 saylı əmrlə ordu sıralarına çağrıldığı üçün işdən azad edilmiş, (saxlanc kitabı 10-11 -1974 xx-xx-1975 illər əmr.№ 428 1- 11-75 səh.152), 1978-ci ilin 10 yanvar-da 07 saylı əmrlə avtobazada təşkil edilmiş yeməkxanaya aşbaz təyin edilmiş (saxlanc kitabı xx-xx-1977/xx-xx-1980 illər əmr. № 07 10- 01-1978 &1 səh.l 19 ), 1992-ci ilin yanvar ayının 02sində 01 saylı əmrlə ƏQM-nin 38 maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir, (saxlanc kitabı xx-xx-1990/xx-xx-1994 illər əmr.A" 01 02-01-92 &3 sıra 13 səh.292 ), İşlədiyi müddət ərzində əmək haqqı o dövr də mövcud olmuş pul vahidi (rubl) ilə əmək haqqı almışdır. Sonuncu əmək haqqı 1991-ci ilin mart ayında olmuşdur. Saxlancda olan əmək haqqı kitablarının əksəriyyəti rütubətli yerdə saxlandığından oxunmur, bəzi illərə aid əmək haqqı kitabları saxlancda yoxdur. Oxunması mümkün olan aydın görünən 1974.1975,1979, 1990,1991-ci illərə aid əmək haqqı kitablarından çıxarış edilərək ƏƏSMN-nin tabeliyində DSMF X17 7 saylı regional ərazi filialına təqdim edilmişdir. Sonradan yoxlama zamanı 1978,1987-ci illərə aid əmək haqqı kitablarına komissiyanın iştirakı ilə baxılaraq həqiqətən də həmin illərdə əmək haqqı alması müəyyən edilmişdir. 1980-81-82-83-84-85-86-88-89-cu illərin k-18-2 saylı əmək haqqı kitabları saxlancda olmadığından çıxarış etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Sovavto Astara” müəssisəsində işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətində əmək fəaliyyəti göstərdiyi dövr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu cavabına əsasən cavabdeh tərəfindən mübahisəli hal kimi göstərilən 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1988, 1989 illərin - qeyd edildiyi kimi saxlancda olan əmək haqqı kitablarının əksəriyyəti rütubətli yerdə saxlandığından oxunmadığı, bəzi illərə aid əmək haqqı kitabları saxlancda olmadığı halı iddiaçının təqsiri səbəbilə olmamışdır və həmin halda iddiaçının ziyanına şərh edilməməlidir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1994-xx.xx.2003-cü illərdə “Sovavto-Astara” müəssisəsində və 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1988, 1989-cu illərdə “Azərittifaq” Astara Koopertiv Cəmiyyətində (cəmi 18 il 04 ay 12 gün) işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 23 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2003-cü ilədək işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Lənkəran-Astara regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar