Məhkəmə qərarları › İş №2-1(120)-1513/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1513/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1513/2024 28.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Saatlı rayonu Mərkəzi Xəstəxanası PHŞ-də TTTY-də "sürücü" işləyir. 1992-ci ildə Birinci Qarabağ savaşında Ağdam rayonuna Mahrızlı kəndində yerləşən hərbi hissəyə ezam olunmuşdur. Orada yaralı əsgərlərin təxliyyəsində iştirak etmişdir. Bundan sonra Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildənxx.xx.2020-ci il tarixə qədər X3 ezam olunmuşdur. Ezam olunan vaxtı yaralı əsgərlərin təxliyyəsində iştirak etmişdir. Ona verilmiş H3 № ******* hərbi biletdə müvafiq qeydlər aparılmışdır. Xidməti zamanı ezam olunduğu ərazini özbaşına tərk etməmişdir. Hərbi cinayətlərə görə əvvəllər məhkum olmamışdır. Haqqında heç bir aministiya aktı və əfv sərəncamı olmamışdır. Vətən müharibəsində şəhid və yaralıların təxriyyə edilməsində yaxından köməklik göstərdiyinə görə X1 direktoru Ş.Şükürov tərəfindən təltif edilmişdir. Ona veteran adının və vəsiqəsinin verilməsi məqsədi ilə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanov tərəfindən 05 sentyabr 2023-cü ildə göndərilmiş 2/2-8006 saylı məktubda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirik, iddia ərizəsi aşağıdakı göstərilənlərə əsasən mümkün sayıla bilməz. Aşağıda göstərilənlərə əsasən iddia tələbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönələ bilməzdi. Birincisi, - iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etməyib, işləməyib, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmayıb. (Əsas: Komissiyanın xx.xx.2023-cü il tarixli 2/2-8006 №-li imtina məktubu). Bu səbəbdən iddiaçının sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İkincisi, - İddia ərizəsinin mətnindən (1-2-ci abzaslar) də görmək olar ki, İddiaçı Saatlı rayonu Mərkəzi Xəstəxanasında PHŞ TTTY-nın sürücüsü işləyir və 44 günlük Vətən Müharibəsində xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək X3 ezam olunub. Bu o deməkdir ki, iddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etməli idi və sonuncu onun adını siyahıya daxil edilməsi barədə vəsatət qaldıra bilərdi. Həmçinin onu da bildirmək lazımdır ki, iddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlı olmuşdur. Bununla bağlı bildirmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Müharibə veteram” adı və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının siyahısında Müdafiə Nazirliyindən başqa digər qurumlar da göstərilmişdir, yəni bu o deməkdir ki, həmin vəzifə xidmət, qulluq yerindən asılı olaraq oranın müvafiq Komissiyası tərəfindən verilir. Buna görə də, AR MPMnin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. AR İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı məhkəmə yardımından istifadə edə bilər. AR İPM-nin 35.1-ci maddəsinə əsasən: “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ”Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 35, 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan X1 direktoru Ş.Şükürov tərəfindən İddiaçı təqdim edilmiş Fəxri Fərmandan görünür ki, Vətən müharibəsində şəhid və yaralıların təxriyyə edilməsində yaxından köməklik göstərdiyinə görə təltif edilmişdir. İşdə olan Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 06 fevral 2024-cü il tarixli 18-1-65/2-99/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən məsələnin həllinə köməklik göstərmək məqsədi ilə, İddiaçı tələb edilən sənədlərinin surəti sizə göndərilir. İşdə olan Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 174-3-2022-19 nömrəli arayışında göstərilmişdir ki, Saatlı rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər X4 şəhidlərin və yaralı əsgərlərin təxliyyəsində iştirak etmişdir. İşdə olan Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 239 nömrəli əmrindən çıxarışında göstərilmişdir ki, İddiaçı Saatlı rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində sürücüsü xəstə aparmaq üçün xx.xx.2020-ci il tarixdən X3 ezam olunmuşdur. İşdə olan X9 Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 239 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı İkinci “Vətən” müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-8006 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” hissəsinin onuncu və on birinci absazlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir.Bununla yanaşı, Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinizə, işləmədiyinizə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 2-43-49/2-204/24 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cu il təvəllüdlü İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş kserosurətini Sizə təqdim edirəm. Əlavə olaraq bildirirəm ki, İddiaçı gedən döyüşlər zamanı yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etməsi barədə heç bir məlumat yoxdur. xx.xx.1984-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-43-49/2-810 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 168 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, Saatlı rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər X4 şəhidlərin və yaralı əsgərlərin təxliyyəsində iştirak etmişdir. İş materiallarında olan İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhf 23) görünür ki, İddiaçı İkinci “Vətən” müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etmişdir. X5 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 239 nömrəli arayışı əsas kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Saatlı rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində gedən döyüşlər zamanı xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinizə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığı qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti, Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 06 fevral 2024-cü il tarixli 18-1-65/2-99/2024 nömrəli məktubu, Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 174-3-2022-19 nömrəli arayışı, Saatlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 239 nömrəli əmrindən çıxarışı, X9 Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 239 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı Saatlı rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərində gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər yaralı hərbiçilərin X5 Mərkəzinə təxliyyə olunmasında iştirak etmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar