Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1515/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı pasport qeydiyyatına alınması öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsevər qızının katibliyi, iddiaçılar X2 və İddiaçı1 iştirakları ilə, iddiaçılar X2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı pasport qeydiyyatına alınması öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X3, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh inzibati binasına, Şirvan şəhəri, F.İsmayılov küçəsi 1 ünvanına pasport qeydiyyatına alınmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh göstərilməklə onların Şirvan şəhəri T.Ələkbərov küçəsi ev 1/21 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 1992-ci ildən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Əli Bayramlı XDS İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli qərarı ilə onlardan birinə yəni İddiaçı2 ayrılmışdır. Uzun illərdir ki, ünvan 4 ünvanında pasport qeydiyyatında olmuş, lakin Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-3137/2023 saylı qərarı ilə onlar X1 iddiası əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmışlar. Onlar hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Şirvan ŞPŞ-nin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçılar X3 və İddiaçı1 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Cavabdeh 3-13-111/2-23723/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan şəxslərin mübahisəli ünvana qeydiyyata alınmalarına səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 6 ünvanında 2006-cı il tarixdən qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2--3129/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Cavabdeh 3-13-111/2-28001/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda adları göstərilən şəxlər xx.xx.2024-cü il tarixdən Hacıqabul rayon Meyniman kəndində qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-4169/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı3,İddiaçı4 və İddiaçı5 adına hər hansı bir daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ-MHQ idarələrinin arxiv məlumatlarında ƏMDX və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasına əsasən məlumat yoxdur. Cavabdeh 3-13-111/2-974/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl ünvan 8 ünvanında qeydiyyara düşməsi barədə Polis şöbəsinə müraciətləri daxil olmuşdur. X8 Filialı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda- Şirvan şəhər T.Ələkbərov küçəsi. Ev 2-21 ünvanında yaşayan X4 ünvanlanmış 3-48-DA-14F/2-445/2023 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 479 №-li qərarla İddiaçı2 1984-cü ildən mənzil, 1989-cu ildən torpaq növbəsində olduğu üçün A.Əhmədov küçəsi 1-21 №-li sahədə 0,06 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X10 Ərazi Darisəi üzrə Nümayəndəliyinin 5-8-1/2-36/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı4, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı5, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2, özlərinə məxsus ünvan 7 ünvanında 1993-cü il tarixdən yaşayırlar. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 156 nömrəli ev təsərrüfatlarının uçotu kitabının, 142 səhifəsində və 14958 şəxsi hesabında bu barədə qeydlər aparılmışdır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Şirvan ŞPŞ-nin ayrı-ayrılıqda yazdığı eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır.Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. Odur ki, məhkəmə orqanına müraciət etmələri tövsiyə olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunun (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu) yuxarıda şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi məlum olmadığından, Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyata alınması ilə bağlı şərti də aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıların yaşayış sahəsində faktiki yaşaması, kommunal, işıq, qaz və s. xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi, mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-938/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki; Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sorğuya cavab məktubundan aydın olur ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatında olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqları müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Bundan başqa kassasiya şikayətinin dəlili olan kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir. Beləliklə də iddiaçıların mübahisələndirilən ünvana qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçıların, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı pasport qeydiyyatına alınması öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-1515/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1515/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver