Məhkəmə qərarları › İş №2-1(120)-1517/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1517/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1517/2022 27.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «təşkilatın qeydiyyata alınmasından imtinanın qanunsuz hesab olunması və təşkilatın qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması» tələbinə dair iddianın mümkünlük məsələsinə 27 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyini əsassız qeydiyyata almaqdan imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsi iddiaçıların qeydiyyat ünvanlarının Neftçala rayonu olduğunu, Neftçala rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 15.03.2022-ci il tarixli, 2-1(112)-6354/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, 07 sentyabr 2021-ci il tarixdə “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyini təsis edərək, həmin qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün Cavabdehnə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 22 oktyabr 2021-ci il tarixli, 05/6922-13 saylı məktubu ilə “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan başqa, “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyi təsisçilərinin yığıncağının 10 noyabr 2021-ci il tarixli, 02 saylı qərarı ilə təşkilatın dövlət qeydiyyatına alınması ilə bağlı Cavabdehnə yenidən müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 27 dekabr 2021-ci il tarixli, 05/6922/2-13 saylı məktubu ilə təşkilatın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Nazirliyin imtina məktubunda idarəetmə orqanlarının formalaşdırılmaması bildirilmişdir. Cavabdeh Qeydiyyat və Notariat Baş İdarəsinin 27 dekabr 2021-ci il tarixli, 05/6922/2-13 saylı məktubu onlara 10 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. 27 dekabr 2021-ci il tarixli, 05/6922/2-13 saylı məktubda aşağıdakılar göstərilir: “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, qərar təqdim olunsa da idarəetmə orqanları formalaşdırılmamışdır”. Cavabdehin mübahisələndirilən 22 oktyabr 2021-ci il tarixli, 05/6922-13 saylı imtina məktubunun dəlillərinin hüquqi əsasları yoxdur. Belə ki, həmin məktubda dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməməsi qeyd edilibdir. Lakin, onların tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanan notarial təsdiqli müraciət ərizəsinin 2-ci bəndində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi qeyd edilib və sənədlər Nazirlik tərəfindən qəbul olunubdur. Bundan başqa, cavabdehin mübahisələndirilən 27 dekabr 2021-ci il tarixli, 05/6922/2-13 saylı imtina məktubunun dəlillərinin hüquqi əsasları yoxdur. Belə ki, həmin məktubda idarəetmə orqanlarının formalaşdırılmaması bildirilmişdir. Lakin onların tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanan notarial təsdiqli müraciət ərizəsinin 8-ci bəndində idarəetmə orqanlarının formalaşdırılması barədə qərarın əlavə edildiyi və Nazirliyə təqdim edildiyi qeyd edilmişdir. Göründüyü kimi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərar mövcud olduğu və həmin qərarda idarəetmə orqanlarının formalaşdırıldığı halda Ədliyyə Nazirliyi təşkilatın qeydiyyata alınmasından qanunsuz və əsassız olaraq imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 27.04.2022-ci il tarixli məktubla məhkəmə tərəfindən iddiaçılara real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması onlara təklif olunmuşdur. Məhkəmənin müraciəti iddiaçılara 10.05.2022-ci il və 14.05.2022-ci il tarixlərdə çatdırılmasına baxmayaraq iddiaçılar məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamış, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 27.12.2021-ci il tarixli, 05/6922/2-13 nömrəli məktubla müəyyən olunur ki, həmin məktub imtina xarakterli deyil. Belə ki, həmin məktubundan görünür ki, hazırkı İddiaçı1 ərizəsinə Cavabdeh tərəfindən baxılmış və ona aşağıdakı məzmunda cavab verilmişdir: “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qərar təqdim olunsa da idarəetmə orqanları formalaşdırılmamışdır. Bu baxımdan adı çəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılır. Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır. Belə olan halda məhkəmənin qənaətinə görə Cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və iddiaçıların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «təşkilatın qeydiyyata alınmasından imtinanın qanunsuz hesab olunması və təşkilatın qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar