Məhkəmə qərarları › İş №2-1(120)-152/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-152/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-152/2021 16.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-152/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli **********0 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, 1970-1972, 1986-1996-cı illərdə İmişli rayonunun “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda, 1975-1985-ci illərdə əmək kitabçasında qeyd edilən illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İşdə olan X4 rayon filialının xx.xx.2020-ci il tarixli, 54 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1972, 1986-1996-cı illərdə İmişli rayonu “N.Nərimanov” və “Şəhriyar” adına kolxozda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ƏƏSMN yanında DSMF İmişli rayon şöbəsi imişli rayon Soltanmuradlı kəndində yaşayan İddiaçı “ASAN” Xidmət İmişli Regional Mərkəzindən daxil olmuş müraciəti ilə bağlı bildirir ki, vətəndaşın xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1975-xx.xx.1979-cu illərdə X3 idarəsində, xx.xx.1979-11.10,1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984xx.xx.1984-cü illərdə Texniki Peşə məktəbində, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində və İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 54 saylı arayışında 1970-1971, 1972, 1986-1996-cı illərdə N.Nərimanov və Şəhriyar adına kolxozda işləməsi qeyd edilməklə ümümilikdə 25 il 8 ay sosial sığorta stajı təşkil edir. Lakin arxiv arayışında 1971-1972, 1986, 1995-ci illərdə işləyib aldığı əmək haqqları göstərilsədə sosial sığorta stajı hesablanması üçün əsas olan yerinə yetirilmiş minumum adam günü normaları qeyd edilməmişdir. Yoxlama zamanı vətəndaşın əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində işləməsi təstiq edən əmr kitablarını əmək haqqı cədvəllərini müəyyən etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır əmək pensiyası hüququ verən sığorta stajın hesablanma təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Razılaşmadığınız halda məhkəməyə müraciət edə bilərsiz. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 96 nömrəli məktubunda qeyd edilmişdir: “sizin, 2-1(120)-1424/2020 saylı xx xxxxxx 2020-ci il tarixli İmişli rayon Soltanmuradlı kənd sakini İddiaçı əmək fəaliyyəti ilə bağlı məktubunuza cavab olaraq bildiririk ki, X3 İdarəsinin, İmişli rayon İstehlak Cəmiyyətinin (RAYPO), İmişli rayon Texniki Peşə məktəbinin və Şəhər Kooperativ Ticarətinin sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Tərəfimizdən İddiaçı verilmiş olan xx.xx.2020-ci il tarixli 54 saylı arayış İmişli rayon N.Nərimanov və Şəhriyar adına kolxozlarının kolxozçuların son hesablaşma kitablarında olduğu kimidir. Bu kitabların 1970-1972-ci, 1986-cı və 1995-ci illərində kolxozçuların yerinə yetirmiş olduqları adam günləri qeyd edilməmişdir”. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********610300 nömrəli məktubunda qeyd edilmişdir: “8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, X3 İdarəsi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli Peşə Məktəbi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Şəhər Kooperativ Ticarəti vergi uçotunda yoxdur”. İşdə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin İmişli rayon filialı Sizin xx.xx.2020-ci il tarixli 2-1 (120)-1424/2020 saylı məktubunuza cavab olaraq bildirir ki, İddiaçı İmişli rayon Dövlət Arxivi tərəfindən verilən 54 nömrəli xx.xx.2020-ci il tarixində olan arxiv arayışı əsasında 14 il sosial sığorta stajı mövcuddur. Lakin müvafiq illərdən yalnız 1987-1994-cü illərdə və 1996-cı ildə yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmuşdur. İddiaçının xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1975-xx.xx.1979-cu illərdə X3 İdarəsində, xx.xx.1979xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984-xx.xx.1984-cü illərdə Texniki Peşə məktəbində, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində və İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 54 saylı arayışında 1970- 1971, 1972, 1986-1996-cı illərdə N.Nərimanov və Şəhriyar adına kolxozda işləməsi qeyd edilməklə ümumilikdə 25 il 8 ay sosial sığorta stajı təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi İmişli rayon Statistika İdarəsinin məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, 143 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)- 1424/2020 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistik vahidlərin Dövlət Reyestrində İmişli rayon Kooperativ cəmiyyətinin ictimai iaşə müəssisələri birliyi var fəaliyyət göstərmir, İmişli rayon Texniki Peşə məktəbi yoxdur. İmişli Peşə məktəbi var hal-hazırda fəaliyyət göstərir. X3 idarəsi var hal-hazırda fəaliyyət göstərir, Şəhər Kooperativ Ticarəti qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 826 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə Sovet ordusunda xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********049600 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər idarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, X3 İdarəsi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli Peşə Məktəbi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Şəhər Kooperativ Ticarəti vergi uçotunda yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********002600 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər idarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, X3 idarəsi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) xx.xx.2000-il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli Peşə Məktəbi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Şəhər Kooperativ Ticarəti vergi uçotunda yoxdur. Qeyd edilən dövrlər üzrə əmək qanunvericiliyinə əməl olunmasına və sosial sığorta vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün sosial ödənişlər və işəgötürmə ilə əlaqədar sənədlər vergi orqanlarına təqdim edilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd edilən idarə və müəssisələrdə işləməsi və əmək fəaliyyəti bapfda sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bildirirəm ki, icraatınızda olan 2-1(120)-152/2021 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2018-ci il tarixində pensiya hüququ yaranmış, xx xxxx 2020-ci il tarixində İmişli regional “ASAN Xidmət” Mərkəzinə ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 54 saylı arayışında 1971, 1972, 1986 və 1995-ci illərdə yerinə yetirilmiş minumum adam günü norması qeyd edilmədiyinə və xx.xx.1979xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Koorperativ Ticarətində işləməsini təsdiq edən əmək haqqı cədvəlləri yoxlama zamanı müəyyən edilmədiyinə əsaslanaraq imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Qanunun 22.1-ci bəndini əsas götürsək, İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 54 saylı arayışında 1971, 1972, 1986 və 1995-ci illərdə yerinə yetirilmiş minumum adam günü norması qeyd edilmədiyinə görə vətəndaşın sosial sığorta stajına daxil edilmir. Həmçinin, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Maddələrin məzmunundan görünür ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Belə ki, arxiv arayışında iddiaçının 1971, 1972, 1986 və 1995-ci illərdə yerinə yetirilən əmək iştirakı norması qeyd edilmədiyindən kolxozdakı sosial sığorta stajının il ərzində qazandığı əmək haqqına görə müəyyən edilməsi qanunvericiliyə görə mümkün hesab edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1 İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən 65 yaşına çatmış kişilərin (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın qanunvericiliyin tələbinə əsasən xx.xx.2018-ci il tarixində pensiya hüququ yaranmışdır. 2 İddiaçının pensiya hüququ yaransa belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədik də vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, İddiaçı kolxozda işlədiyi illəri, əmək kitabçasında qeyd olunan illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzər alındıqda iddiaçının cəmi 25 il 8 ay sosial sığorta stajı yaranır, lakin qanunvericiliyə görə iddiaçının yerinə yetirilən əmək iştirakı norması qeyd edilmədiyindən 1971, 1972, 1986 və 1995-ci illər sosial sığorta stajına daxil edilmir. Bu səbəbdən də həmin illər nəzərə alınmadığına görə 25 illik sosial sığorta stajı tələbi ödənmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini Sizdən xahiş edirik. İş materiallarında olan 253 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə əmək fəaliyyətinə başlamış, fasilələrlə işləyərək xx.xx.1985-ci ildə əmək fəaliyyətinə başa vurmuşdur. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, arxiv arayışında 1971-1972, 1986, 1995-ci illərdə işləyib aldığı əmək haqqları göstərilsədə sosial sığorta stajı hesablanması üçün əsas olan yerinə yetirilmiş minumum adam günü normaları qeyd edilməmişdir. Yoxlama zamanı vətəndaşın əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində işləməsi təstiq edən əmr kitablarını əmək haqqı cədvəllərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi arxiv arayışında 1971-1972, 1986, 1995-ci illərdə işləyib aldığı əmək haqqları göstərilsədə sosial sığorta stajı hesablanması üçün əsas olan yerinə yetirilmiş minumum adam günü normaları qeyd edilməmişdir. Həmçinin, vətəndaşın (iddiaçının) əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində işləməsi təstiq edən əmr kitablarını, əmək haqqı cədvəllərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasının birinci hissəsi yəni, arxiv arayışında göstərilən 1971-1972, 1986, 1995-ci illərdə sosial sığorta stajı hesablanması üçün əsas olan yerinə yetirilmiş minumum adam günü normaları qeyd edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materialında olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 96 nömrəli məktubunda İmişli rayon N.Nərimanov və Şəhriyar adına kolxozun son hesablaşma kitablarında 1970-1972-ci, 1986-cı və 1995-ci illərə dair kolxozçuların yerinə yetirmiş olduqları adam günlərinin qeyd edilmədiyi bildirilmişdir. Yəni sözügedən hal yalnız idiaçı ilə bağlı deyil, həmin dövrdə işləyən bütün kolxozçular üçün də keçərlidir. Bununla belə məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Bu barədə məlumatlar arxiv arayışında da vardır. Məhkəmə hesab edir ki, iddiaçının minimum əmək iştirakı normasının yerinə yetirilməsi barədə məlumatın olmaması həmin illərin tam əmək ili kimi götürülməsinə əsas verə bilməz. Müraciətə təkrar baxılan zaman cavabdeh inzibati orqan həmin kolxozlarda eyni vəzifədə işləyən digər şəxslərin 1970-1972-ci, 1986-cı və 1995-ci illər üzrə faktiki işlədiyi adam günü və aldığı əmək haqqı barədə məlumatı əldə etməli, həmin məlumata əsasən, bir adam gününə hesablanan orta günlük əmək haqqı müəyyən edilməli və əldə edilən nəticəyə uyğun olaraq həmin illərdə iddiaçının faktiki aldığı əmək haqqını orta günlük əmək haqqına bölməklə, faktiki adam günü və buna müvafiq olaraq da, faktiki staj hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından həmin kolxozda işləyən və pensiya hüququ əldə edən digər kolxozçuların pensiya işinə baxış keçirməli, həmin dövlərdə digər kolxozçularda yerinə yetirilmiş adam günü normalarının yazılıb-yazılmadığını müəyyən etməli, yazılmadığı halda, yazılmayan həmin dövrlərin sığorta stajına daxil edilibedilmədiyini müəyyən etməli, əgər sığorta stajı kimi daxil edilmişdirsə bunun əsaslarını müəyyən etməlidir. Məhkəmə cavabdehin imtinasının digər hissəsi yəni vətəndaşın (iddiaçının) əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində işləməsini təstiq edən əmr kitablarının, əmək haqqı cədvəllərinin müəyyən edilməsinin mümkün olmaması ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1983-cü illərdə İmişli rayon İctimai Cəmiyyət RAYPO-da, xx.xx.1984-xx.xx.1985-ci illərdə Şəhər Kooperativ Ticarətində əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin müəssisədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin müəssisənin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********002600 nömrəli məktubunda müəyyən edilmişdir ki, X3 idarəsi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) xx.xx.2000-il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. İmişli Peşə Məktəbi (VÖEN **********) xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisənin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını, arxiv arayışını və s.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar