Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1522/2020 08.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil aldığı illəri və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, hazırda Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayır. xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası alır. xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil almış, təhsil aldığı bu müddət ona məxsus EB 019465 nömrəli diplom ilə öz təsdiqini tapır. xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işləmişdir. Yaşa görə əmək pensiyası təyin olunarkən qeyd olunan təhsil illəri və sovxozda işlədiyi dövrlər nəzərə alınmamışdır. Əmək pensiyasının yenidən hesablanmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən ona xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubu verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Cəlilabad rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cəlilabad rayonu, Üçtəpə kənd sakini İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası alır. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilə kimi Cəlilabad rayon Poçt şöbəsində, xx.xx.1975-ci ildən xx.xx.1980-cı ilə kimi “S.M.Kirov” adına Azərbaycan Qırmızı Əmək Bayraqlı Ordenli Dövlət Universitetində təhsil almış, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə kimi Cəlilabad rayon Mədəniyyət şöbəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı ilə kimi Cəlilabad rayon Üçtəpə kənd tam orta məktəbində kitabxanaçı, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı ilə kimi Cəlilabad rayon Üçtəpə kənd tam orta məktəbində müəllim işləməklə 32 il 1 ay 29 gün sığorta stajı qazanmışdır. xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin olunan tarixə kimi 18.094,80 manat yığım kapitalı vardır. Vətəndaşın xx.xx.2006-cı il tarixə kimi 32 il 1 ay iş stajına görə 27.010,54 manat yığım kapitalı qazanmış və 27.010,54:144=187,57 manat, xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin olunan dövrə kimi yığım kapitalı 18.094,80:144=125,66 manat olmaqla, 187,57+125,66=313,23 manat yaşa görə əmək pensiyası alacaq, hal-hazırda vətəndaş yaşa görə 200,0 manat əmək pensiyası alır. Vətəndaşın təqdim etdiyi sənədlərdə xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işlədiyi dövr əmək kitabçasına qeyd olunmadığına, xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı ilə kimi təhsil aldığı dövrlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsində nəzərdə tutulmadığından həmin iş stajını və təhsil illərini sığorta stajı hesablamasının mümkün olmasını nəzərə alıb vətəndaşın iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin olunarkən xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil aldığı müddət və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı qeyd olunan illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1986-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-cı il tarixli, 019465 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə “S.M.Kirov” adına Azərbaycan Qırmızı Əmək Bayraqlı Ordenli Dövlət Universitetinə daxil olmuş və 1980-cı ildə orada kitabxanaşunaslıq və biblioqrafiya ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2020-ci il tarixli, t-9529 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixli, 286 nömrəli əmrlə kitabxanaçılıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, xx xxxx 1980-cı il tarixli, 3/226 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Yüksək ixtisaslı kitabxanaçı və biblioqraf” ixtisası üzrə bitirmiş və ona xx xxxxxxxx 1980-cı il tarixli qeydiyyat nömrəsi 2171 olan EB seriyalı 019465 nömrəli adi diplom verilmişdir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 178 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığı üçün və əmək pensiyalarının təyin edilməsi Qaydalarının 3.1.1-ci maddəsinə görə əmək stajı əmək kitabçasına əsasən təyin olunur. Təhsil aldığı və arxiv arayışında olan illərin əmək stajına daxil edilməsi mümkün deyildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin pensiya sektorunun müdiri Əzizov Rövşən Oktay oğlunun, pensiya sektorunun məsləhətçisi X1 və Cəlilabad rayon Dövlət Arxivinin müdiri X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı 1983-1984-cü illərdə “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işləmişdir. İddiaçı xx.xx.1983-cü ildə 72 nömrəli əmrlə sovxozun yanğından mühafizə dəstəsinə qəbul edilmiş, xx.xx.1984-cü il 119 nömrəli əmrlə həmin işdən azad edilmişdir. Əmrlər əmr kitabları ilə əmək haqqı cədvəlləri ilə üzləşdirilmiş, heç bir kənarlaşma faktı aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Мəhkəmə cavabdehin pensiyanın təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 178 nömrəli arxiv arayışı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixədək kimi Bakı Dövlət Universitetində əyani təhsil müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil aldığı müddət və Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalı və onun yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil aldığı müddət və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Bakı Dövlət Universitetində əyani təhsil aldığı müddət və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Partiyanın XXİİ-cı qurultayı” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cəlilabad rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1522/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1522/2020
08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver