Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1522/2025 16.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin yerinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin yerinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin sərhəddindən 110/35/10 KV-luq “Astara yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xəttinin yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara şəhəri, Ziya Bünyadov küçəsində mülkiyyətində 0.02 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarını xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeyd etdirməklə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış almışdır. Qeyd edilən torpaq sahəsində Astara rayon İcra Hakimyyəti Başçısının 19 iyul 2016-ci il tarixli 61 saylı sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş layihə sənədlərinə uyğun bir mərtəbəli ümumi sahəsi 190 kvadratmetr olan sahibkarlıq obyektinin tikintisinə icazə verilmişdir və həmçinin həmin sərəncamın İİİ hissəsinə əsasən Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin Astara rayon sahəsinə tapşırılmışdır ki, tikintisi başa çatdıqdan sonra obyektiv pasportlaşdırmaqla inventar qeydiyyata alınması təmin etsin. Beləliklə, xüsusi mülkiyyətində olan 0.02 hektar torpaq sahəsində bir mərtəbəli ümumi sahəsi 190 kvadratmetr olan iaşə obyekti inşa etmişdir. Obyekti Dövlət qeydiyyatına aldırmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Təchizatı və satışı” İdarəsinin Astara Elektrik Şəbəkəsinin rəyi tələb olunmuşdur. Odur ki, bu barədə aidiyyəti üzrə müraciət etmişdir. Qeyd olunan ərazidə 110/35/10 KV-luq “Astara” yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xətti keçdiyindən ona tövsiyə olunmuşdur ki, 10 KV-luq hava elektrik veriliş xəttinin yeri dəyişdirilməlidir. Bunun üçün “Asan Xidmət mərkəzinə müraciət edilməlidir.” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki Departamentinin direktoru Vüsal Qənbərovun imzası ilə ona göndərilmiş xx.xx.2024-cü il tarixli 13-13/2-2/06c-5898-5/2024 saylı məktubları ilə razı deyil, iaşə obyektindən 3.5 metrliyindən keçən 110/35/10 KV-luq “Astara” yarımstansiyasından çıxan 10 KV-luq “Şəhər Mərkəzi” hava elektrik verilişi xəttinin mühafizə zolağından kənara çıxarılması ona aid deyildir. Belə ki, həmin ərazidə mülkiyyətində 0.02 hektar torpaq sahəsi varıdır. Bunu cavabdeh bildiyi və gördüyü halda 2012-ci ildən torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq 2013-cü ildə 110/35/10 KV-luq “Astara” yarımstansiyasından çıxan 10-kv-luq “Şəhər Mərkəzi hava elektrik” veriliş xətti çəkilmişdir. Beləlikə, Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “X5 Təchizatı” və Satışı İdarəsi Astara Elektrik Şəbəkəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci bəndinin tələblərini kobud surətdə pozaraq mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən 4 metr aralı 110/35/10 KV-luq “Astara” yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xəttini çəkmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1990-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı və daşınmaz əmlakının olduğu ünvan Astara rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinin xx.xx.2012-ci il tarixli, N AA 015726 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq obyektlərinin tikintisinə icazə verilməsi barədə müəyyən olunur ki, Astara rayon İcra Hakimiyyəti başçısının 19 iyul 2016-cı il tarixli, 61 saylı Sərəncamında qeyd edilmişdir ki, Ərçivan qəsəbə sakini İddiaçı Mirzə Rəhimov küçəsində mülkiyyətində olan 0.02 ha torpaq sahəsində (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış RX № ******* Reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi **********) "xxxx" MMC tərəfindən təsdiq olunmuş layihə sənədlərinə uyğun birmərtəbəli ümumi sahəsi 190 m2 olan sahibkarlıq obyektinin tikintisinə icazə verilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “X5 Təchizatı və Satışı” İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli, 01/128 nömrəli məktubunda qeyd edilmişdir ki, sizə məxsus Astara şəhəri Z.Bünyadov küçəsində torpaq sahəsinə yaxın 10 kv-luq Şəhər Mərkəzi hava xətti 2013-cü ildə tikilib. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 110/35/10 kv-luq “Astara” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər Mərkəzi” hava elektrik veriliş xətti keçir. Məlumat üçün bildiririk ki, qeyd olunan ərazidə 10 kV-luq hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi üçün “ASAN xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Və həmin Çıxarışın verilməsinə 09 iyul 2012-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsas olmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün X4 filialına sorğu göndərilmiş və cavab olaraq bildirilmişdir ki, Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının 19 iyul 2016-ci il tarixli 61 saylı sərəncamının və sərəncamın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər aşkarlanmamışdır. Obyektin elektrik təsərrüfatına dair Blankda obyektin 10 kv-luq h/xəttinin mühafizə zolağının 3,5 metr məsafəsində yerləşdiyi, 0,5 metr kənarlaşdırılmasına ehtiyac olduğu qeyd olunmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik qurğularının mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası 10 metr təşkil edir. Sözügedən elektrik verilişi xətti Astara rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş trassa üzrə 2013-cü ildə istismara verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası 10 metr təşkil edir. Sözügedən elektrik verilişi xətti Astara rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş trassa üzrə 2013-cü ildə istismara verilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan xətt çəkilən zaman həmin ərazidə hər hansı bir obyekt olmamışdır. Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər” 1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir. 1.3. Elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi, yenidən qurulması və istismarı Qanunun tələbləri nəzərə alınmaqla, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 2.1. Elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərin 2.2–2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.1.gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; 2.2.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 15 metr; 2.2.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 20 metr; 2.2.5. 150-220 kV-luq hava elektrik verilişi xətləri üçün – 25 metr; 2.2.6. 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün – 30 metr. 2.3. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.3.1. gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr; 2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.3.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 4 metr; 2.3.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 6 metr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №li Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydaları: (həmin dövrdə qüvvədə olan) 1.2.1. Elektrik qurğularında tətbiq edilən elektrik avadanlıqları, elektrotexniki məmulatlar və materiallar Azərbaycan Respublikasının standartlaşma haqqında qanunvericiliyinə uyğun olaraq qəbul edilmiş standartlar, habelə qanunvericiliyə əsaslanaraq təsdiq edilmiş texniki şərtlərin tələblərinə uyğun olmalıdırlar. 1.2.2. Tətbiq edilən maşınların, aparatların, cihazların və digər elektrik avadanlıqların, həmçinin kabellərin və naqillərin konstruksiyası, icrası, quraşdırılma üsulu, izolyasiyasının sinifi və xarakteristikaları şəbəkə və ya elektrik qurğusunun parametrlərinə, iş rejimlərinə, ətraf mühit şəraitinə və bu Qaydanın tələblərinə uyğun olmalıdırlar. 1.2.4. Elektrik qurğuları küy, titrəyiş, elektrik və maqnit sahələrinin gərginliyi, elektromaqnit uyğunluğuna görə ətraf mühitin qorunması üzrə qüvvədə olan normativ sənədlərin və standartların tələblərinə cavab verməlidir. 1.2.5. Elektrik qurğularının tikinti və sanitar-texniki hissələri (binanın və onun elementlərinin konstruksiyası, isitmə, havalandırma, su təchizatı və s.) mövcud tikinti normaları və qaydalarına (TN və Q) müvafiq olaraq, bu Qaydada verilən əlavə tələblərə mütləq şəkildə əməl olunmaqla yerinə yetirilməlidir. 7.1.1.5. müxtəlif təsisatların yataq korpuslarında, məktəb və digər təhsil müəssisələrində və s., içərisində və yanında yarımstansiyaların tikilməsinə icazə verilmir. Səlahiyyətli dövlət nəzarət orqanlarının razılığı əsasında, quru transformatorlardan istifadə etməklə yaşayış binalarının içərisində və ya yanında yarımstansiyaların yerləşməsinə icazə verilir. Bu halda qüvvədə olan standartlara müvafiq səs-küyün və titrəyişin məhdudlaşdırılması üzrə sanitar tələblər tam yerinə yetirilməlidir. Yaşayış binalarının içərisində və yanında, və ya ayrıca dayanan yarımstansiyaların qurulması və yerləşdirilməsi bu Qaydanın 2-ci hissəsinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”: Bənd 3.1. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları "Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. Bənd 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X2 Agentliyinə təqdim etməlidir. X2 Agentliyi tərəfindən sifarişçinin, tikinti- quraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X2 Agentliyi tərəfindən "Energetika haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. Bənd 3.6. Elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları” ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 10.21. Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın: (həmin dövrdə qüvvədə olan) 1-ci maddəsinə əsasən mühafizə zonası dedikdə - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. 4-cü bəndinə əsasən Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. 5-ci bəndində əsasən elektrik şəbəkələrinin mühafizə zonaları 330-250 kV-lıq gərginlikli yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. 13-cü bəndinə əsasən gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır. 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin Nizamnaməsi: 3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. 3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 3.2.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağladığı müqavilələr əsasında dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçılarından elektrik enerjisinin satın alınması, habelə istehlakçıların kəmiyyət və keyfiyyətcə (gərginlik, tezlik və təchizatın etibarlılığı) müntəzəm qaydada elektrik enerjisi ilə təchiz edilməsi və mövcud tarif qiymətinə uyğun olaraq haqqın yığımı; 3.2.2. fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarımstansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi; ... Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “X5 Təchizatı və Satışı” İdarəsinin xx.xx.2016cı il tarixli, 01/178 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus Astara şəhəri Z.Bünyadov küçəsində torpaq sahəsinə yaxın 10 kv-luq Şəhər Mərkəzi hava xətti 2013-cü ildə tikilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ həmin hava xəttinin çəkilməsindən qabaq yaranmış və dövlət tərəfindən qeydiyyata alınmışdır və bundan sonra 2013-cü il tarixdə iddiaçının torpaq sahəsinə yaxın ərazidə hava xəttinin çəkilməsi İddiaçı münasibətdə mülkiyyət hüquqlarının pozulmasına əsas yaratmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya və məhkəməyə ünvanladığı məktubunda da təsdiq edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi 10 kV-luq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir və 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası 10 metr təşkil edir. Sözügedən elektrik verilişi xətti Astara rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş trassa üzrə 2013-cü ildə istismara verilmişdir. Və həmçinin iddiaçı tərəfindən yerinin dəyişdirilməsi tələb olunan 110/35/10 KV-luq “Astara yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xətti cavabdehin balansındadır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının torpaq sahəsinə yaxın ərazidə qaydalara riayət etmədən elektrik xəttinin quraşdırılması ilə bağlı hərəkətləri qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının mülkiyyətində olan Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə yaxın ərazidə quraşdırılan 110/35/10 KV-luq Astara yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xəttinin yerinin dəyişdirilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının mülkiyyətində olan Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə yaxın ərazidə quraşdırılan 110/35/10 KV-luq Astara yarımstansiyasından çıxan 10 KV-luq hava elektrik xəttinin yerinin dəyişdirilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1522/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1522/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver