Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1523/2024 27.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı1 və digərləri, həmçinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi inzibati akt hesab olunan JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından X2 adının çıxarılmasına yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçının həmin qərarı üçüncü şəxsə münasibətdə mübahisələndirməkdə olan hüquqi marağı onu birgə mülkiyyətçi kimi torpaq payından məhrum etmək və torpaq sahəsinə tam mülkiyyət hüququnu əldə etməkdən ibarətdir və iddiaçının tələbi əmlak tələbidir. Buna isə yalnız JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas olmuş Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarın ləğvi ilə nail olmaq mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə Cəlilabad rayonu “1 May” üzüm istehsalı və emalı müəssisələri Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmiş və X5 Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Cəlilabad rayonu “1 May” üzüm istehsalı və emalı müəssisəsinin yaşayış məntəqəsində (Ocaqlı kəndində) daimi yaşayan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 627 sıra sayı ilə X1, 628 sıra sayı ilə Humay Süleyman qızının, 629 sıra sayı ilə Röyal Saməddin oğlunun, 630 sıra sayı ilə Xəyal Saməddin oğlunun, 631 sıra sayı ilə Mələk Saməddin oğlunun, 632 sıra sayı ilə dövlət aktından silinməsini istədiyi Samir Saməddin oğlunun adları qeyd edilmiş, adlarına Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 2.34 ha pay torpaq sahəsi ilə bağlı JN-0005, KOD 80605038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi X2 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı əsasında verilmiş və iddiaçı həmin qərarı mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ən geci Dövlət Aktının ona təqdim edildiyi vaxtdan hazırda mübahisələndirdiyi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarından məlumatlı olmasına baxmayaraq həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan 26 ilə yaxın müddət keçdikdən sonra (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə ünvanlanmış, xx.xx.2023-cü il il tarixdə məhkəmənin icraatına daxil olmuşdur) hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin qərarı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X5 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X5 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan başqa, mübahisə predmeti aqrar islahat komissiyasının qərarının qəbul edildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ-ci yarımbölməsinin müddəalarına əsasən, maralı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (maddə-296.1). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunla başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (maddə-298). Məhkəmə qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi maddə-298) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarından uzun müddətdir ki, məlumatlı olmasına baxmayaraq həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş və iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarını ləğv etmək Xidmətin vəzifə səlahiyyətlərinə aid edilməmişdir ki, iddia tələbinin düzgün cavabdehə qarşı irəli sürülməməsi iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisə predmeti olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən artıq həmin qərarın ləğv olunmasını iddia etmək imkanını itirmiş, eləcə də, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Buna görə də iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “JN-0005, KOD 80605038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktından X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1523/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1523/2024
27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver