Məhkəmə qərarları › İş №2-1(120)-1526/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1526/2025

10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1526/2025 10.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 mart 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasını 2021-ci ilin iyun ayından nəzərə alınmaqla hesablanıb pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı ildə doğulmuşdur. 1972-ci ildən 2003-cü ilə kimi sığorta stajı var. Bu illər arasında hərbi xidməti və təhsil müddəti çıxılmaqla bütün əmək fəaliyyəti dövrləri ticarət müəssisəsində keçmişdir. Bütün Biləsuvar rayonu da onun işlədiyi yerləri bilməklə tanıyırlar. O, bu müddət ərzində işləməklə əmək haqqı almışdır. Hazırda yaşa görə əmək pensiyası üçün müraciət etsə də bundan imtina edilmişdir. Səbəb kimi göstərilmişdir ki, 1976-cı ildən 2003-cü ilə kimi dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Çox maraqlıdır. Onun stajı əmək kitabçasında göstərilmişdir. Arxiv sənədlərini isə saxlamaq ona aidiyyəti məsələ deyildir. Həmin sənədləri saxlamaq Dövlətin müvafiq qurumlarının üzərinə düşür. Onun əmək fəaliyyətini təsdiq edən sənəd əmək kitabçasıdır, onu da təqdim etmişdir. Cavabdeh təşkilatın imtina məktubunda göstərilir ki, 2006-cı il tarixdən 2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sğorta hissəsinə pensiya kapitalı qeydə alınmamışdır. Halbuki, o, bu illəri üçün tələb irəli sürməmişdir. Bunu nəyə görə yazıblar o da başa düşə bilmir. Görünür onun tələbini başdan etmək üçün aid oldu, olmadı lazımsız cümlələr əlavə edilir. Əlavə olaraq bildirir ki, cavabdeh təşkilatın imtinasına dair məktub ona 20 iyul 2024-cü il tarixdə poçt vasitəsi ilə verilmişdir. Cavabdeh təşkilatın imtinasını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-160360/2024 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunandan (25 il) az olduğu qeyd edilmişdir (07 il 8 ay 15 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiacı İddiaçı iddia tələbi aşagıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək fəaliyyəti dövrü və 1982-2003-cü illər ərzində adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 7 il 8 ay 15 gün təşkil edir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki; iddiaçı xx.xx.2021-ci və xx.xx.2024-cü il tarixlərdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2014-cü il tarixli 121079 nömrəli əmək kitabçasını təqdim etmişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.2014cü il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1976-cı il tarixə edilmişdir. Eyni Qaydaların 7-ci bəndinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. İddiçının əmək kitabçası dublikat olmasına baxmayaraq, bu barədə qeyd mövcüd deyil və göstərilən qaydada doldurulmamışdır. Həmçinin, sözügedən əmək kitabçasının surətində iddiaçının işə daxilolma və işdən çıxma qeydlərində səlahiyyətli şəxslərin imzası yoxdur, 1976-cı il tarixdən bütün qeydlər latın əlifbası ilə qeyd edilmişdir və bütün əmək fəaliyyəti dövrləri eyni möhürlə təsdiq edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək xx.xx.1976-cı il tairxli əmək kitabçasını təqdim etrnişdir. Sözügedən əmək kitabçasının doldurulma qaydası da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən pozulmuşdur. Belə ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixdən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, həmçinin qeydlər möhürlə təsdiqlənməmiş və qaralamalar mövcuddur (əmək kitabçasının 21-ci səhifəsi). Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində iddiaçının əmək fəaliyyəti zamanı 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay onun adına əməkhaqqı hesablanmışdır. Bu səbəblərdən xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün (iddiçının adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Beləliklə, yuxarıda geyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi Nümayəndə gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 09878759 nömrəli, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və müvafiq arayışlardan görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1956-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş və Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində yaşayır. İş materiallarında olan 18 may 1974-cü il tarixli, HZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 23 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 10 fevral 1982-ci il tarixli, BT 047013 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Kooperativ Texnikumunda 1 il 10 ay təhsil almışdır. İş materiallarında olan xx.xx.1972-ci il, 22 iyun 1976-cı il və xx.xx.2014-cü il tarixlərdə xx.xx.1956-cı ildə doğulmuş İddiaçı adına tərtib edilən əmək kitabçalarının surətlərindən və Biləsuvar rayonu Kooperativ Cəmiyyəti üzrə tərtib və təsdiq olunmuş 18 dekabr 2024-cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Xırdalan pivə zavodunda çilingər şagirdi, fəhlə işləmiş və 3 ay 4 gün iş stajı toplamış, Bakı Kooperativ Texnikumunda təhsil aldığı və əmək kitabçasındakı iş stajı ilə üst-üstə düşən 1 il 10 ay müddət çıxılmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003cü il tarixədək Biləsuvar (Puşkin) rayon X1 tabeliyindəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləmiş, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplamışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı hərbi xidmət (2 il 23 gün), təhsil (1 il 10 ay) və əmək fəaliyyəti (24 il 6 ay 15 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 5 ay 8 gün sosial sığorta stajına malik olmuşdur. Bundan başqa, iş materiallarında olan Biləsuvar rayonu Kooperativ Cəmiyyətinin iddiaçıya verdiyi xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışda bildirilir ki, İddiaçı 2011-2024cü illərdə 11 il 4 ay Biləsuvar RKÇ-də müqavilə yolu ilə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 25 nömrəli “Pensiya işi”ndən və cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 34848 nömrəli qərarından görünür ki, DSMF Biləsuvar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 25 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə pensiya təyin edilmiş və o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdən ona 151,14 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-160360/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş hədi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək əmək fəaliyyəti dövrünüz və 1982-2003-cü illər ərzində adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajınız 7 il 8 ay 15 gün təşkil edir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçanızın doldurulma qaydası pozulmuşdur (xx.xx.1976-cı il tarixindən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, qeydlər möhürlə təsdiqlənməmişdir və qaralamalar mövcuddur). Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində əmək fəaliyyətiniz zamanı 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay adınıza əməkhaqqı hesablanmışdır. Bu səbəblərdən xx.xx.1976-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün (adınıza əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bir daha bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Şirvan-Salyan regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı xx.xx.2014-cü il tarixli, 25 nömrəli qərarla əlilliyə görə əmək pensiyası təyin edilmiş, o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdə onun 65 yaşı tamam olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi iddiaçıya məxsus xx.xx.1976cı il tarixli əmək kitabçasının doldurulma qaydasının pozulmasını (xx.xx.1976-cı il tarixindən etibarən qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur, qeydlər möhürlə təsdiqlənməmişdir və qaralamalar mövcuddur), Fondun keçmiş 9 saylı Regional ərazi filialının keçirdiyi monitorinq əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1982-2003-cü il tarixləri ərzində əmək fəaliyyəti zamanı onun adına yalnız 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 12 ay, 2001-ci il üzrə 12 ay əməkhaqqı hesablanmasını qeyd etmiş, həmin səbəblərdən əməkhaqqı hesablanan aylar istisna olmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajınıza daxil edilməsini mümkün hesab etməmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Xırdalan pivə zavodunda çilingər şagirdi, fəhlə işləməsi və 3 ay 4 gün iş stajı toplaması, Bakı Kooperativ Texnikumunda 1 il 10 ay təhsil alması, təhsil müddətinin əmək kitabçasındakı iş stajı ilə üst-üstə düşən 1 il 10 ay müddət çıxılmaqla xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Biləsuvar rayonu inzibati ərazisinə daxil olan kəndlərdəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləməsi, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplaması, beləliklə, hərbi xidmət (2 il 23 gün), təhsil (1 il 10 ay) və əmək fəaliyyəti (24 il 6 ay 15 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 5 ay 8 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Biləsuvar (Puşkin) rayon X1 tabeliyindəki müxtəlif mağazalarda satıcı, müdir-satıcı və briqadir vəzifələrində işləməsi, bu müddət ərzində 24 il 3 ay 11 gün iş stajı toplaması işdə olan Biləsuvar rayonu Kooperativ Cəmiyyəti üzrə tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli Aktla da tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının doldurulma qaydasının pozulması, ona müəyyən dövrlər üzrə əməkhaqqı hesablanmaması və əməkhaqqından sosial sığorta haqlarının tutulmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş İddiaçı xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixli qərarla əlilliyə görə əmək pensiyasının təyin edilməsini və onun xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar