Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1531/2025 09.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı İİİ qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı İİİ qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 20 noyabr 2024-cü il tarixli qərardadı ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, xx.xx.2020-cı il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində xəsarət almış, ilk yardım göstərildikdən sonra xx.xx.2020-ci il tarixdə SQ BKFl-na təxliyə edilmiş, xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1023 nömrəli göndərişi ilə xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən “Partlayış travması (xx.xx.2020), döş qəfəsinin arxa nahiyyəsinin döş boşluğuna nüfuz edən pnevmohemotoraksla müşayiət olunan kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi Sağ çapığı, xarici tənəffüs funksiyasının qarışıq tip əhəmiyyətli funksiya pozulması ilə” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 83 “b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2021-ci il tarixli 1229 nömrəli travma haqqında arayışa əsasən “Partlayış travması. Döş qəfəsinin sağ arxa nahiyyəsinin döş boşluğuna nüfuz edən hemopnevmotoraksla müşayiət olunan kor qəlpə yaralanması, sağ plevra boşluğunun Bilau üsulu ilə drenaj edilməsi” diaqnozu ilə ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Təhqiqat X7 İnstitutunun №0001568li xəstəlik tarixindən çıxarışa əsasən aşağıdakı diaqnoz qoyulmuşdur: - Partlayış travmasından sağ tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət (S 27,7) - Tənəffüs çatmazlığı İİ (ikinci) dərəcə - Üzvü mənşəli şəxsiyyət pozğunluğu - Ağciyərlərin xroniki oliqrantiv xəstəliyi Mənim əlillik vəziyyətim Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası" na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilmiş və 2023-cü ilin fevral ayında İİİ qrup əlillik müavinəti təyin edilmiş, 2024-cü ilin fevral ayında isə dayandırılmışdır. Bu barədə hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixində Agentlikdə nəzarət qaydasında müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq xx.xx.2024-cü il tarixli 3-17-4/2-C-15083/2024 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 X8 X6 əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” qərar qəbul edilmişdir. Bu qərarı qəbul edilərkən mənim obyektiv vəziyyətim düzgün qiymətləndirilməmişdir. Bildirirəm ki, yuxarıda qeyd olunmuş məlumatlar və hazırki iddia ərizəsinə əlavə olunan sənədlər də bunu təsdiqləyir, uzun illərdir ki, məndə təngənəfəslik, boğulma, hava çatışmazlıq, öskürək, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli nebremiskiya mərhələsi, tənəffüs çatışmazlığı, döş qəfəsi qəlpə yarasından sonrakı vəziyyət mövcuddur. Yuxarıda göstərilən səbəblərdən əliliyin təyin olunmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2024-cü il tarixli xxxxxxx240039 nömrəli ərizə ilə müraciət etmişmiş, müraciətinə cavab olaraq, xx.xx.2024-cü il tarixində ona imtina barədə məktub təqdim edilmişdir. Ona İİİ qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Əbdül Taryel oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-C-15083/2024 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasf'na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-24870/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Z00073936KMY nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra vətəndaşa dair orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən L00174622GSG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, vətəndaş xx.xx.2024-cü il tarixində rəhbər şəxsin qəbulunda olaraq həkim-mütəxəssis tərəfindən müayinə edilmişdir. Müayinə nəticəsində əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3604/2024 nömrəli qərarından görünür ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə xx.xx.2024-cü il tarixli əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23926 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. deoressiv sindrom, retroarad amneziva. Partlayış travması (xx.xx.2020), dös qəfəsinin arxa nahiyəsinin dös boşluğuna nüfuz edən pnevmahematoraksla müşayiət olunan kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, saä oievra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020) əməliyyatından sonrakı bərkimis dəri capıqı, xarici tənəffüs funksiyasının qarısıq tipli əhəmiyyətli dərəcədə ventilvasiva pozğunluğu ilə. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, saq təbil pərdəsinin quru perforasivası, saqtərəfli qarısıq tip aqıresitmə, soltərəfli nevrosensor aqıresitmə, pıçıltı nitqinin saq qulaqda 3.5 (üc tam onda bes) metr sol qulaqda 5 (bes) metr məsafədən eşitməsi ilə. Partlayış nəticəsində servikokanialqiva” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12053/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun pozulmasından, əməliyyat nahiyəsində olan ağrılardan, ümumi zəiflikdən, təngənəfəslikdən, konfliktə meyillilikdən şikayətlənmişdir. Müayinə zamanı boyu 178 sm, çəkisi 90 kq müəyyən edilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli Spirometriya müayinə nəticəsi “Restriktiv tipli yüngül ventilvasiva pozğunluğu qevd olunur. FVC-69%, FEV 1- 80%” qeyd olunmuşdur. Anamnezində bildirdiyi “qapalı kəllə-beyin travması” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1229 nömrəli travma haqqında arayışda və tibbi sənədlərdə öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi etioloji (MMS-nin travmatik zədələnməsi) faktor təsdiqini tapmır. Somatogen mənşəli nevrozabənzər sindrom” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmuş meyarları”na uyğun Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə sübutların təqdim edilməsi ilə əlaqədar "xxxx" MMC-nin qarşısına - İddiaçı mülkiyyətində və ya istifadəsində 2024-cü il üzrə ***-***-**-** möbil nömrəsi olmuşdurmu? -olduğu təqdirdə ***- ***-**-** möbil nömrəsinin 2024-cü ilin aprel-may aylarında işlək vəziyyətdə (aktiv) olubolmaması? - Qeyd edilən halı təsdiq edən sənədin (məlumatın, arayışın) təsdiq edilmiş surəti təqdim olunsun. Suallar qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-2656/25 nömrəli məktubunda ***- ***-**-** möbil nömrənin xx.xx.2024-cü il tarixdə birtərəfli bağlı, xx.xx.2024-cü il tarixdə saat 12:13-də birtərəfli bağlı-aktiv, xx.xx.2024-cü il tarixdə saat 01:15-də aktiv-birtərəfli bağlı, xx.xx.2024-cü il tarixdə saat 05:11-də birtərəfli bağlı-aktiv, xx.xx.2024-cü il tarixdə saat 05:56-da aktiv-birtərəfli bağlı, xx.xx.2024-cü il tarixdə saat 13:01-də birtərəfli bağlıaktiv, xx.xx.2024-cü il tarixdə saat 13:01-xx.xx.2024-cü il tarixdə saat 23:59:59-dək nömrə aktiv statusda olmuşdur. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-8305/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının L00174622GSG göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və qərardadınıza uyğun olaraq xx.xx.2025-ci il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2024-cü il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-29/2-1439/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdən “Hərbi əməliyyatlar nəticəsində digər partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr-Y36.2,Partlayış travması.Barotravma nəticəsində fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişməsi F62.0,Baş beyin sirkələnməsi S06.0,Döş qəfəsinin açiq yarası S21” diaqnozları ilə dispanser qeydiyyatındadır. Bundan əlavə bildiririk ki, İddiaçı əlilliklə bağlı tibbi sənədləri sonuncu dəfə xx.xx.2024-cü il tarixdə L00174622GSG nömrəli bildiriş kodu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən alt sistemə daxil edilsədə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina cavabı gəlmişdir. İmtinanın səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci maddəsinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 2-ci bəndinə görə: - (2.1) göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir; - (2.3) Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir; - (2.5) Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir; - (2.6) Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.8-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbulu səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etsə də, əlilliyin qiymətləndirilməsi üzrə ayrıca qayda müəyyənləşdirərək bu icraatın gedişini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəm qeyd edir ki, iş materiallarına baxılan zaman iddiaçının tələbinin qeyri müəyyən olduğu müəyyən edilir. Qeyd edilən istiqamətdə dəfələrlə iddia tərəfə hüquqi yardım göstərilmiş və qeyd edilmişdir ki, iddiaçı ilə bağlı son göndərişə əsasən xx.xx.2024cü il tarixli, xxxxxxx0005 nömrəli göndərişin natamam doldurulması barədə qərar qəbul edilmiş, daha sonra natamam doldurulmada olan qeydlərə əsasən yeni göndəriş barəsində müraciətlər olunmamışdır. Eləcə də, məhkəə icraatında qeyd edilən qərar mübahisələndirilməmiş ümumi xahiş olunmuşdur ki, bu hal qeyri-müəyyən liyə səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfdən inzibati orqanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərar mübahisələndirilsə belə müddətlə bağlı mümkünlük şərtlərinə əməl olunmadığı müəyyən edilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarına əsasən isə iddiaçı tərəfindən məhkəməyə müddətlə bağlı şərtlər pozularaq xx.xx.2024-cü ildə (məhkəməyə daxil olma tarixi) müraciət edilmiş və müddətin pozulma səbəbləri barədə üzrlü səbəb qeyd edilməmiş və ərizə verilməmişdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində, eləcə də iş materiallarına əsasən iddiaçının hal-hazırda qüvvədə olan əlilliyinin olmadığı müəyyən edilir. Eləcə də, iddia tələbi “Əlillik dərəcəsinin müəyyən olunması və əlillik pensiyasının təyin edilməsi ilə bağlı məcbur etmə qərarının cavabdehin üzərinə qoyulması” kimi qeyd edilsə də, iddiaçının hüquqi marağının onun barəsində tərtib edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 nömrəli Tibbi Sosial Ekspertiza və Reablitasiya Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarının ləğv edilməsi ilə bağlı olduğu aşkardır. Belə ki, qeyd edilən istiqamətdə iddiaçıya hüquqi yardım göstərilərək tələbinə dəyişiklik edilməsinin zəruri olduğu bildirilsə də, iddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbinə dəqiqləşmələr aparsa belə məhkəmə tərəfindən gəlinən nəticə dəyişilməyəcəkdir. Belə ki, iddiaçı barəsində son göndəriş üzrə qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli sms bildirişlə iddiaçının nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən müddətlərə əməl etmədən qeyd edilən 30 gün müddət keçməklə, yəni xx.xx.2024-ci il tarixdə (5 aydan çox müddət) poçt vasitəsilə məhkəməyə müraciət edilmişdir ki, belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, o, gələcəkdə yenidən yeni Forma-088 tərtib edilməsi məqsədilə müvafiq xəstəxanaya müraciət etməli, yeni Forma-088 tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməli və tələbindən imtina olunacağı təqdirdə müddətlə bağlı prosessual qaydalara əməl etməklə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Eləcə də, iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya məktublarla yuxarıda qeyd edilən məsələ ilə bağlı hüquqi yardım göstərmişdir. Bir daha İddiaçı izah olunur ki, hazırki tələbi ilə bağlı cavabdeh tərəfindən tələb olunan göndərişi tibb müəssisəsi tərəfindən düzgün doldurularaq cavabdeh inzibati orqan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə yenidən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı İİİ qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1531/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1531/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver