Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1532/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2021-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.06.1968-15.09.1973 və 10.07.1977-31.12.1978-ci illərdə Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. 01.06.1968-15.09.1973 və 10.07.1977 - 31.12.1978-ci illərdə Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işləmiş və əmək haqqı almışdır. Bu barədə arxiv arayışı vardır. Lakin həmin illərdə adı çəkilən sovxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. O, ərizə ilə Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasnın təyin olunması barədə müraciət etmişdir. Həmin şöbənin 06.08.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, 01.06.1968-15.09.1973 və 10.07.1977-04.02.1978-ci illərdə Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfındən təyin edilir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. DSMF Lənkəran 7 saylı Regional ərazi filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməklə “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. Həmin Qanunda qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin olunmuş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stağına daxil edilir. İddiaçı göstərilənlərə əsaslanaraq, işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı DSMF-nin Lənkəran şəhər filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, onun təqdim etdiyi əmək kitabçasında 19 il 6 ay 27 gün, hərbi xidmətdə olduğu dövr, 2 il 22 gün də daxil olmaqla, ümumilikdə 21 il 7 ay 19 gün sosial sığorta stajı mövcud olur ki, bu da iddiaçının qanunvericiliklə tələb olunan sosial sığorta stajına malik olmaması səbəbindən imtina üçün əsas olmuşdur. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasında olmayan, özünün işlədiyini iddia etdiyi 01.06.1968-ci il tarixdən 15.09.1973-cü il tarixədək Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi aşağıda göstərilən səbəblərdən əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsində onun xx.xx.1955-ci il təvəllüdlü olduğu görünür. İş materiallarında olan, X8 rayon filialı tərəfindən təqdim olunmuş arxiv arayışlarında iddiaçının 1968-1973; 1977-1978-ci illərdə yuxarıda qeyd olunan sovxozda işlədiyi və əmək haqqı alıdğı aylarla bağlı məlumatlar əks olunmuşdur. 1. İddiaçı iş materiallarında olan 1968-1970-ci illərə dair arxiv arayışında onun işə daxil olma və işdən azad olunma barədə əmri müəyyən olunmamışdır. 2. Arxiv arayışının digər hissəsində isə iddiaçının 14.10.1971-ci il tarixində 134 №-li əmrlə sovxoza fəhlə qəbul olunduğu, 15.09.1973-cü ildə 124 №-li əmrlə sovxozdakı işindən azad olunduğu qeyd olunmuşdur. 3. Daha sonra iddiaçının arxiv arayışı əsasında 10.07.1977-ci ildə 74 nömrəli əmrlə sovxoza işə qəbul olduğu, 1978-ci ilin aprel ayına qədər isə işdən azad olunması ilə bağlı əmri müəyyən edilməmişdir. Təqdim edilən arxiv arayışlarına münasibət olaraq bildirmək istəyirlər ki, xx.xx.1955-ci il təvəllüdlü bir şəxsin həyatın normal axışında əmək fəaliyyətinə başlaması mümkün deyildir. Qeyd olunan tarixdə iddiaçı 13 yaşına çatmışdır. Məhz bu səbəbdən iddiaçının işə daxil olma və işdən azad olunma barədə əmrləri mövcud deyildir. Çünki qanunvericiliklə əmək fəaliyyətli yaş həddinə çatmayan şəxslərin belə fəaliyyət növləri ilə məşğul olması qadağan edilir. Eyni zamanda arxiv arayışında təqdim edilən əmək haqqı aldığı aylar barədə cədvəl də belə olan halda şübhə doğurmaya bilməz. İşin qanunvericilik baxımından əsaslandırmasına gəldikdə isə; “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 nömrəli Konvensiya mövcuddur ki, burada adından da məlum olduğu kimi işə qəbulun yaş həddi müxtəlif kriteriyalar gözlənilmək şərtilə müəyyən edilmişdir. Konvesiyasnın birinci maddəsi qeyd edir ki, bu Konvensiyanın qüvvədə olduğu müddətdə, hər bir üzv dövlət, uşaq əməyinin istismarını və işə qəbul üçün minimum yaş səviyyəsinin yeniyetmələrin fiziki və əqli inkişafına uyğun bir səviyyəyə qədər tədricən artırılmasını təmin etmək üçün milli siyasət həyata keçirməyi öhdəsinə götürür. Bu o deməkdir ki, həm Azərbaycan SSR-i, həm də müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikası üzərinə Konvensiyadakı müddəalara riayət edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd edək ki, X5 əvvəllər SSRİ tərəfindən qəbul olunmuş Konvensiyalarının qüvvəsinin Azərbaycan Respublikası ərazisinə şamil edilməsi barədə Azərbaycan Milli Məclisinin 3 iyul 1993-cü il tarixli 637 nömrəli qərarında “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 nömrəli Konvensiya da yer almışdır. Konvensiyanın birinci maddəsinə əsasən müəyyən edilmiş minimum yaş, icbari təhsil yaşından aşağı, heç bir halda isə, on beş yaşdan aşağı olmamalıdır. İddiaçının isə təqdim edilən arxiv arayışında işlədiyi illər nəinki 15 deyil, 13-14 yaş aralığını özündə ehtiva edir. Konvensiyasının 3-cü maddəsində isə qeyd olunur ki, “Təbiətinə görə və ya həyata keçirildiyi şərtlərə görə, bir yeniyetmənin sağlamlığı, təhlükəsizliyi və ya əxlaqına zərər verə biləcək hər hansı bir işə və ya digər işə qəbul üçün minimum yaş həddi 18-dən az olmamalıdır. Bildiyimiz kimi Azərbaycan SSR-nin tarixində sovet dövrü müəyyən mərhələ təşkil edir və ziddiyyətlərlə dolu olsa da, bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində də irəliləyişlərin, inkişafın baş verməsi obyektiv qiymətləndirilməlidir. Belə ki, əhalinin savadsızlığının tədricən aradan qaldırılması, təhsilin pulsuz olması, kütləvi xarakter alması və sistem halında formalaşdırılması, təhsilin dünyəviliyinin təmin olunması məhz sovet dönəmi ilə bağlıdır. Yeni hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai təhsilin artıq icbari elan edilməsi, 1935-1958-ci illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin həyata keçirilməsi, şübhəsizdir. Məhz icbari təhsilin olduğu bir dönəmdə hər hansı bir şəxsin rəsmi şəkildə dövlət idarə, müəssisələrində, həmçinin digər təşkilatlarında əmək fəaliyyəti məşğul olması ağlabatan olmadığı kimi eyni zamanda qanuna uyğun deyildir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının yuxarıda qeyd olunalara əsasən, 1968-1970-ci illərdə işləməsi ilə bağlı iş materiallarında olan arxiv arayışındakı illər qanunvericiliyə zidd olduğu üçün sosial sığorta stajına daxil edilə bilməz. Belə oldğu təqdirdə İddiaçı, əmək kitabçasına əsasən 19 il 6 ay 27 gün, hərbi xidmətdə olduğu 2 il il 22 gün, arxiv arayışlarına əsasən 14.10.1971-15.09.1973-cü illər ərizində 1 il 11 ay 1 gün, 03.07.1977-04.02.1978-ci illərdə 7 ay 1 gün işləmişdir ki, bu da ümumilikdə 24 il 1 ay 21 gün edir. Qanunvericiliklə isə əmək pensiyasının təyinatı üçün tələb olunan minumum staj 25 il olduğundan, hazırki vəziyyətdə 07.03.2020-ci ildə pensiya yaşına çatmış iddiaçıya malik olduğu 24 il 1 ay 21 gün stajla əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuş, 22 may 1974-cü il tarixdən 18 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 22 gün); Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda 1968-1970-ci illərdə mövsümlü fəhlə kimi əmək haqqı almış, lakin işə qəbulu və işdən azad olması barədə əmrləri müəyyən olmamışdır. Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozun 14 oktyabr 1971-ci il tarixli, 134 nömrəli əmrilə sovxoza fəhlə qəbul edilmiş, Lənkəran rayon Xomili kənd Jdanov adına sovxozun 15 sentyabr 1973-cü il tarixli, 124 nömrəli əmrilə sovxoz fəhləliyindən azad edilmişdir. Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozun 10 iyul 1977-ci il tarixli, 74 nömrəli əmrilə, 03.07.1977-ci il tarixdən sovxoza fəhlə qəbul edilmiş, sovxozun 1978-ci ilin aprel ayına qədər əmrlər kitabı yoxlanılmış, işdən azad olması barədə əmri müəyyən olmamışdır. İddiaçının həmin illərdə qeyd olunan sovxozda işləməsi Azərbaycan Respublikası X8 filialı tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, A/486 və A/486-1 nömrəli arxiv arayışları ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 17.09.1976-cı il tarixli, 277/n nömrəli əmrlə Sumqayıt Şüşə zavodunun kəsici şöbəsinə şüşəçi şagird kimi təyin olunmuş, 08.07.1977-ci il tarixli, 140 nömrəli əmrlə öz ərizəsinə əsasən azad edilmişdir. 04.02.1978-ci il tarixli, 29 nömrəli əmrlə Lənkəran rayon Jdanov adına sovxozun 9 nömrəli briqadasına fəhlə təhkim edilmiş, 06.02.1990-cı il tarixli, 20 nömrəli əmrlə Lənkəran rayon Jdanov adına sovxozun 9 nömrəli briqadanın fəhləliyindən azad edilərək, sovxozun 9 nömrəli tərəvəzçilik briqadasına briqadir vəzifəsinə təyin edilmişdir. 01.11.1996-cı il tarixli, 71 nömrəli əmrlə Azərbaycan Respublikasında keçirilən torpaq islahatı ilə əlaqədar olaraq M.Əzizbəyov adına sovxozun ləğv olunmasına əsasən işdən azad edilmişdir. 01.11.1996-cı il tarixli, 01 nömrəli Sərancamla torpaq islahatı ilə əlaqədar olaraq M.Əzizbəyov adına sovxozun əvəzinə payı bəlli olan Xolmili istehlak kooperativi yaradılmış və Xolmili istehlak kooperativinin 9 saylı icarə kooperativinə icarə başçısı təyin edilmiş, 01.12.1997-ci il tarixli, 28 nömrəli Sərancamla Respublikada keçirilən aqrar islahatı və pay torpaqlarının vətəndaşlara verilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan 28.07.1981-ci il tarixli, Aİ № 599698 saylı “Orta təhsil haqqında” Atestatın surətindən görünür ki, 1955-ci ildə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş İddiaçı 1981-ci ildə Lənkəran rayon qiyabi orta məktəbin tam kursunu bitirmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 06.08.2021-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, 01.06.1968-01.09.1970, 14.10.1971-15.09.1073, 10.07.1977-04.02.1978-ci illər üzrə iş stajınınz əmək kitabçasında əksini tapmadığı üçün tələb olunan 25 il sığorta stajınız olmadığına görə Sizə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının sovxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 01.06.1968- 01.09.1970, 14.10.1971-15.09.1073, 10.07.1977-31.12.1978-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi Azərbaycan Respublikası X8 filialı tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, A/486 və A/486-1 nömrəli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmət illəri, əmək kitabçasında qeyd olunan iş illəri və 14.10.1971-15.09.1073, 10.07.1977-31.12.1978-ci illərdə sovxozda işlədiyi illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 01.06.1968-01.09.1970-ci illərdə sovxozda işə qəbul barədə əmr olmadan mövsümlü fəhlə kimi işləməklə əmək haqqı aldığından, iddiaçının həmin illərdə iş vaxtı aldığı əmək haqqına görə hissəvi müddət (əmək haqqı aldığı aylar üzrə) kimi nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməli və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. İddiaçının 07.03.2020-ci il tarixdə 64,6 yaşı tamam olmuş və qanunvericiliyin tələbinə əsasən onun həmin vaxtdan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının məktəbli olduğu dövrdə işləməsinin şübhəli olması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1968-1973-cü illərdə məktəbli olsa da, onun yalnız adı orta məktəbdə getmiş, ailədə 14 nəfər uşaq olmaqla ailələri böyük olduğundan və maddi vəziyyətləri yaxşı olmadığından valideynləri ilə birlikdə 1968-ci ildən sovxozda işləməyə başlamış və işlədiyi aylar üzrə əmək haqqı almışdır. Bundan əlavə, iş materiallarında olan X10 filialının direktoru X6, filialın arxivçisi X4 və filialın arxivçisi X1 iştirakı ilə tərtib edilmiş 31 avqust 2021-ci il tarixli Aktda göstərilmişdir ki, X10 filialı tərəfindən İddiaçı verilmiş Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda 1968-1973-cü, 1977-1978-ci illərdə işləməsi barədə iş stajı və əmək haqları ilkin sənədlər əsasında yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, X8 filialı tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, A/486 nömrəli və 09.07.2021-ci il tarixli, A/486-1 nömrəli arxiv arayışlarında (hal-hazırki 31.08.2021-ci il tarixli, B/246-1 nömrəli və 31.08.2021-ci il tarixli, B/246-2 nömrəli) qeyd olunan bütün iş stajları düzgün yazılmışdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən dövrdə məktəbli olsa da, sovxozda da işləyərək əmək haqqı almışdır. Bunun əksinə dair, yəni iddiaçının həmin müddətdə sovxozda işləmədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin müddətdə iddiaçının 13-14 yaş aralığında olması iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının sovxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun sovxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası X8 filialının 09.07.2021-ci il tarixli, A/486- 1 nömrəli arxiv arayışında göstərilən Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi 1968, 1969 və 1970-ci illərə dair iş stajı hissəvi müddət (əmək haqqı aldığı aylar üzrə), Azərbaycan Respublikası X8 filialının 09.07.2021-ci il tarixli, A/486 və A/486-1 nömrəli arxiv arayışlarında göstərilən Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi 14.10.1971-15.09.1073, 10.07.1977-31.12.1978-ci illərə dair iş stajı, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası X8 filialının 09.07.2021-ci il tarixli, A/486-1 nömrəli arxiv arayışında göstərilən Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi 1968, 1969 və 1970-ci illərə dair iş stajı hissəvi müddət (əmək haqqı aldığı aylar üzrə), Azərbaycan Respublikası X8 filialının 09.07.2021-ci il tarixli, A/486 və A/486-1 nömrəli arxiv arayışlarında göstərilən Lənkəran rayon Xolmili kənd Jdanov adına sovxozda işlədiyi 14.10.1971-15.09.1073, 10.07.1977-31.12.1978-ci illərə dair iş stajı, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1532/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1532/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver