Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1532/2025 13.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsinə qarşı “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsinə qarşı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin müracəti əsasında Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında o, "xxxx" MMC-də direktor vəzifəsində işlədiyinə görə "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 14809,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-286/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunmuşdur. Qeyd olunanlara əsasən məlum olur ki, onunla "xxxx" MMC arasında hal-hazırda hər hansı hüquqi bağlılıq mövcud deyildir. Ona görə də sözügedən müəsissə ilə əlaqədar onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericikdə təsbit olunmuş normaların tələblərinə zidd olmaqla bərabər onun hüquqlarını da pozur. Belə ki, onun və ailə üzvlərinin səhhəti ilə əlaqədar onlar ölkə xaricində müayinədən keçməli və müəyyən müalicələr almalıdırlar ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olması səbəbindən onlar bu hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi xahişi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Azərbraycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsi tərəfindən ona ünvanlanmış 12 iyun 2024-cü il tarixli məktub ilə müraciəti öz həllini tapmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün qeyd edir ki, onun yuxarıda qeyd olunan müəssisədə faktiki hər hansı bir fəaliyyəti olmamışdır. Yaranmış borc onun həmin müəssisəyə direktor təyin olunduqdan əvvəlki dövrə təsadüf etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, baş idarə aşağıda qeyd olunan əsaslara istinadən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin mahiyyəti ilə bağlı bildirir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, vergi ödəyicisi kimi iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan 46513,36 manat borcunun ödənilməsini təmin etmək üçün rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4328/2022 saylı qətnaməsi ilə məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.1.2-1 -ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bildiririk ki, iddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs "Qafqaz MTZ” MMC-nin dövlət büdcəsinə olan 46513,36 manat borcuna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, həmin hüquqi şəxs tərəfindən borc tam şəkildə ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Həmçinin məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirik ki, iddiaçı Mirzəyev X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-286/2024 saylı qətnaməsinə əsasən onun "xxxx" MMC ilə əmək münasibətlərinin başa çatdığını, hazırda mövcud olmadığını qeyd etsə də, həmin MMC ilə bağlı hüquqi şəxslərin dövlət reyestrindəki cari məlumatlarda icra orqanının rəhbəri hələ də İddiaçıdur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Kürdərmir rayon Məhkəməsinin 2(041)-286/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkldə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüquqnunun X3 həvalə edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh “QAFQAZ MTZ’’ MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin Qafqaz MTZ MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qafqaz MTZ MMC-nin dövlət büdcəsinə 14809,65 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 31703,71 manat olmaqla, ümumilikdə 46513,36 manat borcu əsas götürülərək vergi orqanı tərəfindən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4328/2022 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququnuz müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Əsaslar aradan qalxdıqdan sonra ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxılacaqdır. Müraciətinizə əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi barədə məhkəmə qərarı ilə bağlı bildiririk ki, hüquqi şəxsin dövlət reyestrindəki məlumatları dəyişdirmək qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Həmçinin həmin məhkəmə qərarında onun icrası ilə bağlı Dövlət Vergi Xidmətinkı üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan əlavə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, rəhbəri olduğunuz QAFQAZ MTZ Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixdə 0706-K3-326 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Hüquqi şəxsin təsisçisinin xx.xx.2010-cu il tarixli qərarı ilə həmin hüquqi şəxsə rəhbər təyin edilmisiniz və sənədlər kağız daşıyıcıda qeydiyyat orqanına təqdim olunmuşdur. Həmin hüquqi şəxsdə rəhbər dəyişikliyi faktı dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Odur ki, hüquqi şəxsdə dəyişikliklə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin uçotda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Yuxarıda qeyd edilənlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü, 24.1.2-1 -ci maddələri ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən Qafqaz MTZ Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyiciləri qrupuna daxil deyil və xx.xx.2024-cü il tarixə vergilər üzrə vərəqədə 10406,98 (on min dörd yüz altı manat doxsan səkkiz qəpik) manat, AR-nın CPM-nin 53cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə borc vərəqəsində 14709,65 (on dörd min yeddi yüz doqquz manat altmış beş qəpik) manat, Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 31703,71 (otuz bir min yeddi yüz üç manat yetmiş bir qəpik) manat ödənilməyən borc məbləği mövcuddur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-286/2024 nömrəli qətnaməsinə əsasən İddia tələbi qismən təmin edilməklə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041 )-286/2024 nömrəli qətnaməsindən Apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edimiş, "xxxx" MMC-nin (VÖEN: **********) 21,07.2022-ci il tarixə dövlət büdcəsinə olan 14809,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün xx xxxxxxx 1953-cü ildə Ağcabədi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə vergilər üzrə vərəqədə 10090.13 manat səyyar vergi yoxlaması üzrə (əsas: xx.xx.2011-ci il tarixli **********465642 nömrəli qərar), 200 manat hesabatların vaxtında təqdim edilməməsi, 100 manat aktivlər barədə məlumatın təqdim edilməməsi səbəbindən tətbiq edilmiş maliyyə sanksiyası olmaqla cəmi 10390.13 manat, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində 14709.65 manat və muzdlu işlə əlaqədar məcburi dövlət sosial sığorta haqqı üzrə vərəqədə 31703.71 manat (saldo) olmaqla ümumilikdə 56803.49 manat borcu vardır. İddiaçıya məxsus ИТ-İ№ ******* nömrəli, xx.xx.2001-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-yə direktor vəzifəsinə təyin edilən vaxt başqa zavodda baş mexanik vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən həmin zavoddan işdən çıxıb xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası “X6” QSC-də işləmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Miqrasiya Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Vintervert Niderlanda qarşı” işində göstərmişdir ki, Konvensiyanın "qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)” (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin hər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar. Vergi Məcəlləsinin 23.1. 15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Belə ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İş materiallarından göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına - "xxxx" MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır. Yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt - vergi borcunun olması şərti tam aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "Qafqaz MTZ” MMC-nin (VÖEN: **********) 21,07.2022ci il tarixə dövlət büdcəsinə olan 14809,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Kürdərmir rayon Məhkəməsinin 2(041)-286/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasındakı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı vergi orqanına müraciət etsə də, reyestrdə rəhbər dəyişikliyi aparılmamış, yalnız formal olaraq reyestrdə iddiaçının adı qalmışdır. Faktiki və rəsmi olaraq isə iddiaçının həmin müəssisə ilə heç bir hüquqi bağlılığı qalmamışdır. “İnzibati İcraat haqqında” Qanunun: 12-ci maddəsinə əsasən: Hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1.) İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2) İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. (maddə 12.4.) 24.1 -ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69 və 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Məhkəmə qərarından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1532/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1532/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver