Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1534/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin 11 fevral 2025-ci il tаriхli, 2-1(120)- 1534/2025 nömrəli qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1664/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2021-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra reablitasiya agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əliliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçının pensiyasının 5 il ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2018-ci ildən ödənilməli olduğu halda xx.xx.2021-ci ildən ödənilməsinə başlanmışdır. Göstərilənlərə əsasən iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasını hesablayaraq kart hesabına birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddiaçının müraciəti imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya “Əlillik” altsistemində olan məlumatlara əsasən bildiririk ki, İddiaçı əlilliyinin xx.xx.2018-ci il tarixində etibarsız edilməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2018-ci il tarixindən dayandırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1664/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişini xx.xx.2021-ci il tarixindən (sözügedən məhkəmə qərarından 3 il əvvəl) 222,80 manat məbləğində bərpa edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu səbəbdən əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksiəşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 268,62 manat müəyyən edilib, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 303,75 manata, xx.xx.2024-cü il tarixindən 337,77 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış pensiya məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2024-cü ilin iyun ayından İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, İddiaçı əlilliyi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında bərpa edildiyi üçün pensiyasının ötən dövrünün xx.xx.2018-ci il tarixindən hesablanaraq ona ödənilməsi Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qavdasında sikavət vermək hüququnuz vardır. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı vəkili Nümayəndə2 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİ. İddianın növü və mümkünlüyü İddia tələbi xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). 10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçıya ötən dövr görə pensiyanın ödənilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi İddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilərək, xx.xx.2021-ci il tarixdən ödənişin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırıldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməklə xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər əlilliyə görə əmək pensiyasının iddiaçıya ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1664/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin edilmiş birinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində əlilliyi etibarsız hesab edilmiş, daha sonra məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə əlilliyi bərpa edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi, onun pensiya ödənişlərinin dayandırılması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Bu səbəddən də cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq etməklə iddiaçının müraciəti qismən təmin edərək onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə işin faktiki hallarına əsasən, iddiaçıya ilk olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişi həyata keçirilmiş, daha sonra həmin əlillik qiymətləndirilməsi etibarsız hesab edilmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əlillik qiymətlədirilməsi bərpa edilmişdir. Həmin haldan sonra cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmiş, lakin keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda iddiaçı ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 32.1-1-ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, qeyd olunan maddənin məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciətini etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəkmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnu bərpasına nail olmuşdur. Göründüyü kimi bu hadisələrdə iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Adıçəkilən norma hüquqların yaranmasını özündə ehtiva etsə də, bu mübhisə üzrə isə yaranmış hüquqlardan deyil pozulmuş hüquqların tam şəkildə bərpasından söhbət gedir. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. Odur ki, məhkəmə cavabdehin bu arqumentini qəbul etmir və hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası üzrə keçmiş dövrün fərq məbləğləri tam şəkildə ödənilməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1534/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1534/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver