Məhkəmə qərarları › İş №2-1(120)-1536/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1536/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1536/2021 07.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 4 saylı Regional Ərazi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı “1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 10 avqust 1961-ci il tarixdə anadan olmuşdur, 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləmişdir. O, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Cavabdeh 17 iyul 2021-ci il tarixli, **********5 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(120)-1536/2021 saylı qərardadı ilə iddia tələbinə “1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyası 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, qarşılıqlı yoxlama aktını, arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 06 dekabr 2021-ci il tarixli, **********8 saylı etiraz məktubunun, Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 27 oktyabr 2021-ci il tarixli, **********6 nömrəli məktubunun, X7 Filialı tərəfindən göndərilmiş arxiv kitabından çıxarışın, pensiya işinin və ona əlavə olunmuş sənədlərin, o cümlədən Sabirabad rayon İcra Hakimiyyəti Nizami kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.12.2021-ci il tarixli, 947 nömrəli arayışının, həmçinin əslinə baxış keçirilərək iş materiallarına əlavə olunmuş doğum haqqında arayış və şəhadətnamələrin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 10 avqust 2016-cı ildə 55 yaşı tamam olduğu vaxt onun çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 5 uşağının olması və həmin uşaqları 8 yaşına kimi təbiyə etməsi iş materiallarında olan doğum haqında şəhadətnamələrin təsdiq edilmiş surəti ilə, o cümlədən Saatlı rayon İcra Hakimiyyətinin Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.12.2021-ci il tarixli, 947 nömrəli arayışı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 10 ildən artıq sığorta stajına malik olduğundan, onun pensiya yaşı (60 yaş) 5 il azaldılmaqla 55 yaşına çatdığı 10 avqust 2016-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh iddiaçının 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə təyin olunmuş əmək pensiyasını 01.03.2021-ci il tarixdən dayandırmışdır. İddiaçının 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsi X8 filialının 23 iyun 2017-ci il tarixli, 299 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İş materiallarında olan 22.05.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı adına verilmiş 23 iyun 2017-ci il tarixli, 299 nömrəli arxiv arayışı yerində yoxlanılmış və yoxlama zamanı əmrlər əmr kitabları ilə, əmək haqqı əmək haqqı cədvəlləri ilə üzləşdirilmiş və heç bir kənarlaşma faktı aşkar olunmamışdır. İddiaçının 5 uşağının olması və həmin uşaqları 8 yaşına kimi təbiyə etməsi iş materiallarında olan pensiya işi, doğum haqında arayış və şəhadətnamələr ilə, o cümlədən Sabirabad rayon İcra Hakimiyyətinin Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.12.2021-ci il tarixli, 947 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçının 10 ildən artıq sığorta stajına malik olması, Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 27.10.2021-ci il tarixli, **********6 nömrəli məktubu ilə də təsdiq olunur. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. 01.07.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. 01.07.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsinə dair X8 filialının 23 iyun 2017-ci il tarixli, 299 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 27.10.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilir: “...xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 10.08.2016-cı il tarixdən 55 yaşından 19 il sosial sığorta stajı ilə 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün 10 il sığorta stajı tələb olunurdu. İddiaçı təqdim etdiyi sənədlərə əsasən (Saatlı rayon Dövlət Arxivinin 23.06.2017-ci il tarixli 299 saylı arayışına əsasən) 19 il sığorta stajı hesablanmışdır ki, bu da ona 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, 1978-1996-cı illərdə əmək kitabçasında kolxozçunun ictimai işlərdə iştirakı qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olduğu halda İddiaçı 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığından pensiyası 01.03.2021-ci il tarixdən dayandırılmışdır. Belə ki, Saatlı rayon Dövlət Arxivinin 23.06.2017-ci il tarixli 299 saylı arayışında İddiaçı 1978-1996-cı illərdə “Nizami” adına kolxozda əmək stajına dair qeydlər aparılmışdır. 1978-1987-ci illərdə “Nizami” adına kolxozda minimum adam günü 180, yerinə yetirilən adam günü 1978-ci ildə 187, 1979-cu ildə 191, 1980-ci ildə 194, 1981 -ci ildə 188, 1982ci ildə 210, 1983-cü ildə 201, 1984-cü ildə 193, 1985-ci ildə 186, 1986-cı ildə 184, 1987ci ildə 183 gün, 1988-1996-cı illərdə minimum adam günü 120, yerinə yetirilən adam günü 1988-ci ildə 164, 1989-cu ildə 172, 1990-cı ildə 151, 1991 -ci ildə 148, 1992-ci ildə 132, 1993-cü ildə 126, 1994-cü ildə 137, 1995-ci ildə 142, 1996-cı ildə isə 123 gün hesablanmışdır. İddiaçı təqdim etdiyi sənədlər əsasında ümumilikdə 19 il sığorta stajı toplanır. İddiaçı təhsil illəri, digər idarə və müəssisələrə aid heç bir sosial sığorta stajı təqdim etməmişdir, 01.01,2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabında pensiya kapitalı yoxdur. Nəzərə almağınızı xahiş edirik”. Göründüyü kimi İddiaçı əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən sığorta stajı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X8 filialının 23 iyun 2017-ci il tarixli, 299 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 1978-1996-cı illərdə Saatlı rayonu “Nizami” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 10.08.2016-cı il tarixdən 5 uşaqlı ana kimi yaşa görə təyin edilmiş əmək pensiyasının 01.03.2021-ci il tarixdən (pensiyanın dayandırıldığı vaxtdan) bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar