Məhkəmə qərarları › İş №2-1(120)-1537/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1537/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1537/2025 27.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il təvəllüdlüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsi tərəfindən 1993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralanmışdır. Yaralanmanın nəticəsi-Diaqnoz “Sağ budun orta 1/3-nin dəlip keçən güllə yarası, sağ diz oynağının açıcı kontrakturası” Hərbi travmadır, Azərbaycan Respublikasınm müdafiəsi zamanı alınmışdır. Bu günədək müharibə veteranı adı və vəsiqəsi ona verilməyib, hüquqları pozulub, müraciətləri nəticəsizdir, ona laqeyd münasibət göstərilir. Çıxış yolu tapa bilmir. O, dəfələrlə həm yazılı, həm də şifahi olaraq Müdafiə Nazirliyi Aparatı Nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmişdir. Lakin oradan da müxtəlif bəhanələr gətirərək ona müharibə veteranı adı verməkdən imtina etmişlər. Odur ki, o, konstitutsiyon hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 230 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. Yaralandığı üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 23 nömrəli əmrilə qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 92 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM- 13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-B-7680/2024 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-B-253-1/2024 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 230 №-li əmrilə (əsas: səh.-20, §7, sıra-124) xx.xx.1993-cü il tarixdə Lerik RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə “kursant” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 17 №-li əmrilə (əsas: §5, sıra-17; qeyd: əmrdə adı “Amin” yazılmış, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İ MAT-un hərbi qulluqçusu X2 xx.xx.1994-cü il tarixdən ərzaq təminatından çıxarılaraq, Pereküşkül qəsəbəsinə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1 №-li əmrilə (əsas: səh.-3, §3; qeyd: əmrdə adı “Amin” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən 1-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, “atıcı” vəzifəsinə təyin edilmişdir. Yaralandığına görə xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin hərbi hospitalına müalicəyə göndərildiyi üçün 7 MAT-un hərbi qulluqçusu, sıravi X2 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü ii tarixli, 23 №-li əmrilə (əsas: §5; qeyd: əmrdə adı “Amin” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmiş, vəzifəsi qeyd olunmamış, adının qarşısında “1 MCB” yazılmışdır) xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Lerik RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 92 №-li əmrilə (əsas: səh.- 38, §10, sıra-477; qeyd: əmrdə adı “Amin” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmiş, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, ərizədə N №-li hərbi hissə üzrə xidmət dövrü dəqiq (il və aylar) qeyd olunmadığından İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 432 nömrəli Qərarından görünür ki, Lənkəran RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, barəsində amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və xx.xx.1994-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikaının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sağ budun orta 1/3-nin dəib-keçən güllə yarası, sağ diz oynağının açıcı kontrakturası” (Azərbaycan Respublikası SHXÇDX-nin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 974 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 410 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 31,03.1994-cü il tarixli, 4251 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan Lənkəran Qarnizonu hərbi prokurorunun “amnistiya aktına əsasən materialın rədd edilməsi barədə” 01 iyun 1998-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində olan material Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya aktının təsiri altına düşdüyündən rədd edilmişdir. Həmin qərardan aydın olur ki, İddiaçı 15 oktyabr 1993-cü il tarixdə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəyə göndərilmiş, bir müddət sonra N saylı hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Füzuli, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, 15 fevral 1994-cü il tarixində Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatı zamanı yaralanmış, müalicə olunması üçün N saylı hərbi hospitala göndərilmiş, müalicəsi qurtardıqdan sonra bir daha hərbi hissəyə qayıtmamış və xidmətini davam etdirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2594 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1993-cü il tarixdə Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1975-ci il təvəllüdlü «Бабаев Амин Мирзага» oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 230 №-li əmrilə (əsas: §-7, səh-20, sıra-124, əmr rus əlifbası ilə yazılmışdır) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 17 №-li əmrində (əsas: §-5, sıra-17, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) İ MAT-ın hərbi qulluqçusu «Бабаев Амин Мирзага» oğlu xx.xx.1994-cü il tarixdən ərzaq təminatından çıxarılaraq, Pereküşkül qəsəbəsinə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1 №-li əmrində (əsas: §-3; səh-3, sıra-18, əmr rus əlifbası ilə yazılmışdır) N №-li hərbi hissədən göndərilmiş, xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, 1-ci motoatıcı taborda atıcı vəzifəsinə təyin olunmuş, sıravi «Бабаев Амин Мирзага» oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 23 №-li əmrilə (əsas: §-5, əmrdə vəzifəsi qeyd olunmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi «Бабаев Амин Мирзага» oğlu yaralandığına görə, xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin hərbi hospitalına müalicəyə göndərilərək xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Lerik RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü «Бабаев Амин Мирзага» oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 09 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 92 №-li əmrilə (əsas: §-10, səh-38, sıra-477, əmr rus əlifbası ilə yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan RespublİKası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17- 4/2-3511/2025 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Lerik Rayon Mərkəzi Xəstəxanasının 2645003AAD5U nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən N00059228İNF və B00121984HXX nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər və müraciəti əsasında İddiaçı müvafiq olaraq xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 15 oktyabr 1993-cü il tarixdə N saylı hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 17 №-li əmri ilə xx.xx.1994-cü il tarixdən ərzaq təminatından çıxarılaraq, Pereküşkül qəsəbəsinə N №-li hərbi hissənin sərəncamına göndərilmiş, N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, yaralandığına görə xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin N saylı hərbi hospitalına müalicəyə göndərilmiş, xx.xx.1994-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikaının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı yaralanmanın nəticəsi olaraq “Sağ budun orta 1/3-nin dəib-keçən güllə yarası, sağ diz oynağının açıcı kontrakturası” diaqnozu təyin edilmiş, İddiaçı əlillik vəziyyəti Lerik Rayon Mərkəzi Xəstəxanasının 2645003AAD5U nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının onun yaralandığı tarixdən 23 il sonra xx.xx.2017-ci il tarixdə aparılmasına baxmayaraq, əlillik səbəbinin 23 ildən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi onun bu əlilliyi faktiki olaraq Füzuli, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında yaralandığına görə xx.xx.1994-cü il tarixdən müalicəyə göndərildiyi və xx.xx.1994-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikaının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirildiyi zaman qazandığını təsdiq edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin ücüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun hərbi hissəni özbaşına tərk etdiyinə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd olunduğu kimi, iş materiallarından müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 15 oktyabr 1993-cü il tarixdə N saylı hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 17 №-li əmri ilə xx.xx.1994-cü il tarixdən ərzaq təminatından çıxarılaraq, Pereküşkül qəsəbəsinə N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edərkən yaralanmış, xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin hərbi hospitalına müalicəyə göndərilmiş, həmin tibb müəssisəsində “Sağ budun orta 1/3-nin dəib-keçən güllə yarası, sağ diz oynağının açıcı kontrakturası” diaqnozu ilə müalicə almış, xx.xx.1994-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və şəhadətnamədə xəstəliyi ilə əlaqədar “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qeyd edilmiş və müalicədən sonra hərbi hissəyə qayıtmamışdır. İddiaçı əlillik vəziyyəti Lerik Rayon Mərkəzi Xəstəxanasının 2645003AAD5U nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İddiaçı N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, uzun müddət hərbi hospitalda müalicə aldığına görə hərbi hissə komandirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan məhkəmə hesab edir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. İddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Məhkəmə hesab edir ki, iddiaçının “Xəstəlik haqqında şəhadətnamə”sində onun döyüş əməliyyatları zamanı 1994-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin 1995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman mütləq işin xüsusi halları ilə əlaqələndirilməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağı, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağı nəzərə alınmaqla mübahisənin həllində ədalət meyarı önə çəkilə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlə (hərbi biletlə) təsdiq edildiyindən və belə status alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar