Məhkəmə qərarları › İş №2-1(120)-1539/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1539/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1539/2023 31.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxx 1962-ci ildə anadan olmuşdur, 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh 31 oktyabr 2022-ci il tarixli, **********8 saylı məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(120)1539/2023 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 01 iyul 2022-ci ildə 60 yaşı tamam olmuşdur. Onun 60 yaşına uyğun tələb olunan 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq zərərli iş stajı vardır. Onun xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olması məhkəmənin sorğusu əsasında göndərilmiş inzibati icraat materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 425 nömrəli arayışı və NZ ******* nömrəli hərbi bilet ilə, xx.xx.1982xx.xx.1984-cü illərdə SMD-2 də, xx.xx.1984-xx.xx.1985-ci illərdə SMD-də, xx.xx.2003xx.xx.2004-cü illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2004-xx.xx.2006-cı illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2006-xx.xx.2021-ci illərdə qatar tərtibçisi işləməsi məhkəmənin sorğusu əsasında göndərilmiş inzibati icraat materiallarında olan xx.xx.1982-ci il tarixli, NT-İ № ******* nömrəli əmək kitabçası və “Azərbaycan Dəmir Yolları QSC-nin arayışı ilə, 1986- 1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləməsi və əmək haqqı alması məhkəmənin sorğusu əsasında göndərilmiş inzibati icraat materiallarında olan İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışı, NT-İ № ******* nömrəli əmək kitabçası, həmçinin məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivi tərəfindın göndərilmiş kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (Nəqliyyat 21-ci bölməsinin 21.4-ci bəndində) göstərilən vəzifədə 12 il 6 aydan artıq iş stajı, həmçinin ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. Onun xx.xx.2006-xx.xx.2021-ci illərdə Azərbaycan Dövlət Dəmiryolunda işlədiyi qatar tərtibçisi vəzifəsi qeyd olunan Siyahıda (Nəqliyyat 21-ci bölməsinin 21.4-ci bəndində) qatar tərtibçiləri adı altında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-37472/2023 nömrəli etirazından görünür ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin güzəştli vəzifəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının tələb olunan 25 il ümumi sığorta stajına nisbətdə 23 il 06 ay 20 gün sığorta stajının olmasıdır. Yəni cavabdeh inzibati orqan iddiaçının İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışında göstərilən 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işlədiyi dövrlərə dair təqdim edilmiş arxiv arayışında il ərzində işlədiyi adam günləri miqdarının qeyd edilməməsi səbəbindən həmin illəri sığorta stajı kimi qəbul etmir. Məhkəmə cavabdehin mübahisələndirdiyi dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləmiş və əmək haqqı almışdır. Həmçinin arayışın illik qazanc hissəsində 1986-cı il üzrə 4305, 1987-ci il üzrə 3519, 1988-ci il üzrə 2535, 1989-cu il üzrə 4048, 1990-ci il üzrə 4585, 1991-ci il üzrə 3519, 1992-ci il üzrə 38420, 1993-cü il üzrə 195840, 1994-cü il üzrə 212940, 1995-ci il üzrə 932800, 1996-cı il üzrə 560000 olması qeyd edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-22RA/2-100/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Dövlət Arxivində, 15-ci fondda mühafizə olunan və saxlanılan 1986-1996-cı illərdə İmişli rayonunda fəaliyyət göstərmiş “Qələbə” kolxozunun, kolxozçuların son hesablaşma kitablarında adam günü normaları qeyd olunmamışdır. Rayon ərazisində fəaliyyət göstərmiş kolxozların İmişli rayon Dövlət Arxivində mühafizə olunan son hesablaşma kitablarında yerinə yetirilmiş adam günləri heç də tam olaraq göstərilməmişdir. Kollektiv təsərrüfatlar olan kolxozlarda illik qazanc kolxozun ümumi gəlirindən asılı olduğu üçün bu göstəricilər fərqli olmuşdur. Hətta kolxozun tərkibində fəaliyyət göstərmiş briqadalarda da bu fərqlidir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin 30 sentyabr 2022ci il tarixli, 108 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması, həmçinin adam günü normalarının yerinə yetirilməməsi barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləməsi ilə bağlı əmək stajı, həmçinin də xx.xx.1982-xx.xx.1984-cü illərdə SMD-2 də, xx.xx.1984-xx.xx.1985-ci illərdə SMD-də, xx.xx.2003-xx.xx.2004-cü illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2004xx.xx.2006-cı illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2006-xx.xx.2021-ci illərdə qatar tərtibçisi işləməsi, həmçinin xx.xx.1980-xx.xx.1982ci illərdə hərbi xidmətdə olması sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar