Məhkəmə qərarları › İş №2-1(120)-1541/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1541/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1541/2025 10.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4440/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi (məhkəmə-psixiatriya) ekspertizası təyin edilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” fakültəsində təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra 2015-ci ildən N saylı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətə qəbul edilmişdir. İlk dəfə 22 avqust 2015-ci il tarixdə düşmən tərəfindən minaatanlarla atəşkəsin pozulması nəticəsində xəsarət almış və bu barədə müvafiq arayış təqdim edilmişdir. Qeyd edilən vaxt göstərdiyi xidmətlərə görə medalla təltif edilmişdir. Vətən müharibəsi başladıqdan sonra 02 oktyabr 2020-ci ildə mina partlaması nəticəsində “Mina partlayış zədələnməsi, barotravma, qapalı kəllə beyin travması, sol almacıq nahiyyəsinin sıyrılmış, sol gözaltı nahiyyəsinin hematoması, burun nahiyyəsinin sıyrılmış yarası” xəsarətlərini almışdır. Aldığı xəsarətlərdən getdikdə psixi vəziyyəti pisləşməyə doğru getdi. Belə ki, müharibədən sonra xidmət etdiyi təxminən 1 il 6 ay ərzində psixi vəziyyəti pisləşdiyi üçün dəfələrlə tibbi müayinələrdən keçmişdir. Artıq psixi vəziyyəti kəskinləşdiyi üçün onu ilk olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirdilər. 24 yanvar 2023-cü il tarixdə verilmiş “Xəstəlik haqqında şəhadətnamədə” onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu qeyd edilmişdir və qərara əsasən, o, ordu sıralarından tərxis edilmişdir. Tərxis edildikdən sonra 6 dəfə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş və 27 may 2024-cü ildə təqdim edilmiş “Xəstəlik haqqında şəhadətnamədə” onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu qeyd edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyi ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin traxması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F07.0” diaqnozu qoyulmuşdur. Ona “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. 19 iyul 2024-cü il tarixdə müayinədən keçdikdən sonra 08 avqust 2024cü il tarixdə ona ünvanlanmış sms-də “Diaqnoz əlillik təyin etməməsi səbəbindən” ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina barədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Belə ki, ona qoyulmuş diaqnoz iddia ərizəsinə əlavə etdiyi arayışlar, xəstəlik haqqında şəhadətnamə və rəy ilə tam şəkildə təsdiq edilmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınan KBT) şəxsiyyət pozuntusu, affektiv epizodlar. tez-tez dekompensasiyalar. koqnitiv funksiyaların enməsi ilə. anamnezində intihar cəhdləri. Əhvalın üzvi mənşəli (affektiv) pozuntu. Mərkəzə göndərilmənin. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Şirvan şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 5195 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-bevin travması. bas-beyin silkələnməsindən sonrakı adır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalarla, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli davamlı nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 3,5 (üç tam onda bes) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsidə keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ kürək və sağ bazu nahiyələrinin kor qəlpə yaralanmasına (xx.xx.2015) görə aparılmış yaraların İ (birincili) cərrahi işlənməsi, vad cismin xaric edilməsi əməliyyatından sonrakı (2015) bərkimiş dəri çapıqları, Sağ kürək sümüyünün yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11672/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13726/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar; koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 4086/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi iclasda iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə istinadən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 5195 nömrəli Xəstəlik haqqında şəhadətnamədə İddiaçı aldığı travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi qeyd edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 5204 nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F 07.0. İddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Tibb müəssisəsinin 29 iyun 2024-cü il tarixli, Y00202921YNL nömrəli Forma 88 göndərişi əsasında iddiaçıya F07.0 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınan KBT) mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funkisyaların enməsi ilə, anamnezində intihar cəhdləri diaqnozu qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, 1439 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin 2-ci tabor tibb məntəqə rəisi vəzifəsində xidmət edən tibb xidməti leytenantı İddiaçı xx.xx.2015-ci il tarixdə düşmən tərəfindən atılan minaatanın mərmisinin partlaması nəticəsində xəsarət alan hərbi qulluqçulara ilk tibbi yardım göstərərkən “sağ bazunun və çiyin qurşağının kor qəlpə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 140 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə müayinə olunmuş “M.P.Z. Barotravma. Q.K.B.T. Sol almacıq nahiyyəsinin sıyrılmış, sol göz altı nahiyyənin hematoması. Burun nahiyyəsinin sıyrılmış yarası” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli, 15378 nömrəli arayışında qeyd edilmişdir ki, Qiyaslı X2 nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpə) (2015). “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, Stasionar müayinədən sonra şəhadətləndirilmişdir. Müdafiə Nazirliyi Baş X3 Bölməsinin 9962 nömrəli çıxarış epikrizində qeyd edilmişdir ki, Xəstə HHK-a təqdim edilib. “Xəstəliklər cədvəli”nin 14 a, 17 b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən şəhadətlənib. Tövsiyələr: hərbi həkim komissiyasının qərarını yerinə yetirmək üçün, kafi halda öz hərbi hissəsinə yazılır. Ordu sıralarından təxris olunanadək xidməti vəzifələrinin icrasından azad edilməsi uyğundur. Yaşadığı ərazi üzrə həkim-psixiatr və həkim nevroloq qeydiyyatına durmaq və daim qoruyucu müalicə qəbul etmək. N nömrəli hərbi hissə qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 37/2 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində Azərbaycan Respuplikasının ərazi bütövlüyü uarunda gedən döyüşlərdə “Mina partlayış zədələnməsi. Barotravma. Qapalı kəllə beyin travması. Sol almacıq nahiyyəsinin sıyrılmış, sol gözaltı nahiyyənin hematoması. Burun nahiyyəsinin sıyrılmış yarası” xəsarətini almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-5813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qabul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4440/2024 nömrəli qərardadı ilə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2025-ci il tarixli 177 nömrəli rəyində qeyd edilmişdir ki, 1-ci, 2-ci və 4-cü suallara cavab: İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi və anamnezində psixotik epizodlar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il). … Məhkəmənin mövqeyi: Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 5195 nömrəli Xəstəlik haqqında şəhadətnamədə İddiaçı aldığı travmanın səbəbi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi qeyd edilmişdir. Həmçinin Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 5204 nömrəli həkim psixiatr komissiyasının rəyində də iddiaçının müayinəsi nəticəsində ona təyin edilmiş diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F 07.0 kimi olmuşdur. Tibb müəssisəsinin sonuncu 29 iyun 2024-cü il tarixli, Y00202921YNL nömrəli Forma 88 göndərişi əsasında iddiaçıya F07.0 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınan KBT) mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funkisyaların enməsi ilə, anamnezində intihar cəhdləri diaqnozu qoyulmuşdur. Həmin göndəriş əsasında cavabdeh tərəfindən əlillik qiymətləndirilmiş və Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı ilə diqanoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçıda olan xəstəliklərin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 177 nömrəli rəyi ilə İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi və anamnezində psixotik epizodların (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) mövcudluğu müəyyən edilmişdir. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən 29 iyun 2024-cü il tarixli, Y00202921YNL nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.2-ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının barəsində tərtib olunan sözügedən göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar