Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1543/2023 02.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə (Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binasının İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-1543/2023 saylı qərardadı ilə Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması və iddia tələbinin dəqiqləşdirilərək “Əli- Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binasının İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı 120.0 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Həmin sərəncam əsasında o və bələdiyyə arasında xx.xx.2004-cü il tarixli, 507 nömrəli torpaq icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 44 illik icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüquqlarının onun üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində isə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata almaması tələbi ilə Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi onun müraciətindən əsassız olaraq imtina etmişdir. İddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci də maddələrinin tələblərinə tam əməl olunmamışdır. Müvafiq idarə və təşkilatların razılıq məktubları İddiaçı tərəfindən alınmışdır. Ona görə də İddiaçı hesab edir ki, çıxarışın verilməsi üçün heç bir mane qalmamışdır. Bütün bunları nəzərə alaraq çıxarışın verilməsi üçün qətnamə çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2 iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-3303/2022 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməli, lakin həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, ailəli, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********77 nömrəli məktubunda qeyd edilmişdir: Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binasınına dair hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməli, lakin həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi, eləcə də qeyri-yaşayış binasına dair yuxarıda göstərilən hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsi Sədrinin xx.xx.2004-cü il tarixli 63 nömrəli sərəncamından görünür ki, şəhər sakini İddiaçı Bələdiyyə Hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi və ticarət obyektinn tikintisi üçün şəhərin Xəqani küçəsində yerləşən ərazidən 120,0 (yüz iyirmi) kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanması barədə qərar qəbul edilmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinn xx.xx.2010-cu il tarixli icazə sənədinə əsasən, Xaqani küçəsində İddiaçı ticarət və xidmət obyekti tikintisinə icazə verir. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli aktından görünür ki, Tikinti aparan İddiaçı ticarət və xidmət obyekti tikmək məqsədi ilə şəhərin Xəqani küçəsində ayrılmış torpaq sahəsində əlavə olunan eskiz-layihə üzrə yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 507 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, X6 ilə Bələdiyyə arasında xx.xx.2004-cü il tarixdən xx.xx.2048-ci il tarixə qədər Əli-Bayramlı şəhəri, Xəqani küçəsində yerləşən ümumi sahəsi 120.0 kv.m olan torpaq sahəsinin müvəqqəti istifadə üçün icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. İşdə olan X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X5 məxsus şəhərin Xəqani küçəsində yerləşən qeyri-yaşayış binasının tikintisi başa çatmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-330/2023 nömrəli məktubundan göstərilmişdir ki, tədqiqat obyektinə təyin edilmiş baxışda idarənin mütəxəssisi X7 iştirak etmiş, baxışın nəticələrinə uyğun mütəxəssis rəyi və yerquruluşu planı hazırlanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin 03 mart 2023-cü il tarixli, 3-21-3-38/2-483/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə olumuş yerquruluşu planında qeyd olunmuşdur. İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin 2004-cü ildə (torpaq sahəsi ayrılan zaman) hansı məlumat bazasında istinad edilərək ayrılması mümkün olmamışdır. Lakin, hal-hazırda elektron baza məlumatlarında bələdiyyə mülkiyyətinə məxsus, yaşayış məntəqələri torpaqları kateqoriyasında olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyildir. Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi təyinatına görə icarə predmeti ola bilər. Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin 18 aprel 2023-cü il tarixli, 3-21-3-38/2-934/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli,63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (avtoyuma) döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. Əli- Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (avtoyuma) eskiz layihədə göstərilən vəziyyətinə uyğun yerləşmişdir, həmin qeyri-yaşayış binası layihədə göstərilən texniki göstəricilərlə uyğundur və təyinatı üzrə istifadəyə yararlıdır. Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli,63 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası (avtoyumanın) bir mərtəbəli, mişar daşından tikilmişdir və üçüncü şəxslərin hüquqlarını pozmur. Həmin tikilinin tikinti texiki normalara, şəhərin (həmin ərazinin) baş planına, təyinatı üzrə istismara yararlı olub olmamasına eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükə törədibtörədməməsinin cavablandırılması mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı 120.0 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Həmin sərəncam əsasında o və bələdiyyə arasında xx.xx.2004cü il tarixli, 507 nömrəli torpaq icarə müqaviləsi baqlanmış və torpaq sahəsi 44 illik icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüquqlarının onun üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində isə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata almaması tələbi ilə Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyi təqdim edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmamışdır. İnşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar daxildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılması barədə imtina məktubunda qeyd etmişdir, məhkəmə təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin 2004cü ildə (torpaq sahəsi ayrılan zaman) hansı məlumat bazasında istinad edilərək ayrılması mümkün olmamışdır. Lakin, hal-hazırda elektron baza məlumatlarında bələdiyyə mülkiyyətinə məxsus, yaşayış məntəqələri torpaqları kateqoriyasında olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsi Sədrinin xx.xx.2004-cü il tarixli 63 saylı sərəncamından çıxarışa əsasən, İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilmiş, ticarət obyektinin tikintis üçün şəhərin Xaqani küçəsində yerləşən ərazisindən 120.0 kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanması barədə sənəd mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göstərilən normaya əsasən isə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli aktından görünür ki, tikinti aparan İddiaçı ticarət və xidmət obyekti tikmək məqsədi ilə şəhərin Xəqani küçəsində ayrılmış torpaq sahəsində əlavə olunan eskiz-layihə üzrə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə (Şirvan şəhər İcra Hakimiyyətinn xx.xx.2010-cu il tarixli icazə sənədi, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli aktından) Şirvan şəhəri, Xaqani küçəsində qanunamüvafiq qaydada ticarət obyektinin tikinti işlərinin aparılması, həmin tikintinin aparılmasına icazə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və mütəxəssis cavabdeh sözügedən torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılmalı olduğunu və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməli, lakin həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməli olmasını əsas gətirərək iddiaçıya göndərilmiş imtina məktubunda əlaqələndirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman yəni, qeyri-yaşayış binasının tikildiyi və tikintisinin başa çatdığı zaman həmin torpaq sahəsinə dair Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı və Şirvan şəhər İcra Hakimiyyətinn xx.xx.2010-cu il tarixli icazə sənədi, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli aktı, Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 507 nömrəli torpaq icarə müqaviləsi hüquqlarının qeydiyyatı üçün əsas olmuşdur ki, iddiaçı da həmin sənədi cavabdehə təqdim etmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Əli-Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı və Şirvan şəhər İcra Hakimiyyətinn xx.xx.2010-cu il tarixli icazə sənədi, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli aktı, Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 507 nömrəli torpaq icarə müqaviləsini mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Həmçinin İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus şəhərin Xəqani küçəsində yerləşən qeyri-yaşayış binasının tikintisi başa çatmışdır. Nəzərə alınmalıdır ki, həmçinin cavabdeh orqan “torpaq sahəsinin plan və ölçü” sənədinin və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyi təqdim etməməsi və Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmaması səbəbi ilə də imtina etmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmamasında iddiaçının məsuliyyəti olmadığı üçün və Hüquqların qeydiyatı üzrə təqdim olunmalı sənədlərin içərisində “Torpaq sahəsinin planı və ölçüsü”nün və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyinin olmamasına gəldikdə, həmin sənədin verilməsi hazırda DƏDRX-in səlahyyətlərində olduğundan, onun ərizə ilə birlikdə təqdim olunmamasına zərurət qalmır. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X9 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə qarşı “Əli- Bayramlı şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş mütəxəssis xərcinin, həmçinin ekspertiza xərcinin iddiaçıya aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının, onun üzərində yerləşən qeyri-yaşayış binasının İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1543/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1543/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver