Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1545/2025 20.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə inzibati işə 20 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xəstəliyinə uyğun olaraq əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin ekspert komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8227/2024 nömrəli xx.xx.2024-cu il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarının ləğv edilməsi və müddətsiz 2-ci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Yenidən iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin ekspert komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5127/2024 nömrəli “Diaqnoz təsdiqini tapmadı” qərarının ləğv edilməsi və müddətsiz 2-ci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçının nümayəndəsi və vəkili İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 №-li qərarının ləğv olunması, İddiaçı təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 5 il döyüşmüşdür. 1992-ci ilin avqust ayından, 1996-cı ilin noyabr ayınadək döyüşlərdə iştirak etmişdir. Topçu vəzifəsini icra etmişdir. Düşmənin neçə texnikasını və canlı qüvvəsini məhv etmişdir. Bununla bağlı neçə təşəkkürnamələri var. Döyüşlərdə fərqlənmişdir. xx.xx.2012-ci ildə ona təyin olunmuş ömürlük 2-ci dərəcəli əlillik səbəbsiz yerə dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Sağ ağciyərin səpələnmiş vərəmi.Pnevmoskleroz TÇ İİ dərəcə.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.Səbəbi ilə imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati akt əsasında təyin olunmuş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır. Belə ki, təcrübədə əlilliyin təyinatını aparan orqana qarşı müvafiq iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən: Agentliyin 3-17-4/2-24428/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Agentlik tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. xx.xx.2024-cü il tarixində saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç.134) əyani müayinəyə dəvət olunmuşdur.Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri ( məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə-”İZ formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s) gətirməyi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir. İddiaçı aid: xx.xx.2012-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3 İ sinif -Bəzi infeksion və parazitar => A15-A19-Vərəm =>A15-Tənəffüs orqanlarının bakteroloji və histoloji təsdiq edilmiş vərəmi =>A15.0-Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed... Diaqnozun mətni: Sağ ağciyərin səpələnmiş vərəmi.Pnevmoskleroz TÇ İİ dərəcə..Diaqnoz öz təsdiqini tapmaması-Səbəb Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir.... Agentliyin Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-1-14173/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 20 (iyirmi) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir.Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərinin əyani müayinəsini həyata keçirmiş, 9 (doqquz) nəfər vətəndaş isə müayinəyə gələmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ümumilikdə 20 (iyirmi) nəfər barəsində qərar verilmiş və aşağıdakıları müəyyən etmişdir. Yardımlı rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ona “Sağ ağciyərin səpələnmiş vərəmi. Pnevmoskleroz. Tənəffüs çatmamazlığı ikinci dərəcə." diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-A-13460/2024 nömrəli məktub əsasında xx.xx.2024- cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı ləğv edilsin, xx.xx.2012-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Agentliyin 15 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 №-li. xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş ikinci dərəcəli müddətsiz əlillik əlilliyin qiymətləndirilməsi nəticəsində ləğv edilmiş, ləğv edilmə tarixli xx.xx.2024-cü il qeyd olunmuşdur. Agentliyin 3-17-4/2-27622/2024 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanl bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X8 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Agentliyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-4/1-Ə-13216/2024 nömrəli müraciət ərizəsində yaşadığı Yardımlı rayonu üzrə bəzi vətəndaşların adlarını qeyd edərək əlillik vəziyyətlərinin saxta olduğunu bildirmişdir. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qurupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-13460/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Yardımlı rayonu Separadi kənd sakini X7 xx.xx.2024-cü il tarixli ərizəsindəki siyahıda İddiaçı adı 14-cü sırada qeyd olunmuşdur. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə müayinə olunmuş Agentliyin sosial ekspert komissiyasının 3-17-4/3-3-8227/2024 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5127/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnoz öz təsdiqini tapmadı” qərarının ləğv edilməsi, xx.xx.2012-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. “X2 İnstitutu” X10 3-28-9/2-588/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2024-cü il tarixli göndərişi ilə İnstituta müraciət etmişdir. Müvafiq müayinələrdən sonra İddiaçı “Xroniki bronxitin kəskinləşməsi. Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlaməti: fibroz, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuş və ambulator kitabçadan çıxarış verilmişdir. Məkumat üçün qeyd edilmişdir ki: “Sağ ağciyərin səpələnmiş vərəmi.Pnevmoskleroz.Tənəffüs çatmamazlığı ikinci dərəcə” diaqnozu barədə İddiaçı məxsus ambulator tibbi kitabçada heç bir qeyd yoxdur. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 854/2024 №-li ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3,5-7.Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Sağ ağciyərin səpələnmiş vərəmi, pnevmoskleroz, TÇ İİ dərəcə” diaqnozu xəstənin anamnestik, kliniki, labarator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş heç bir patofunksional dəyişiklik aşkar olunmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsinə spirometriya zamanı “FVC=77 % (yetmiş yeddi faiz), FEV1-81% (səksən bir faiz), FEV1/FVC=110 % ( yüz on faiz), PEF=57 5 ( əlli yedi faiz) restruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur” müəyyən edilmişdir. Həmçinin həkim-ekspertlər tərəfindən ətraflı müayinə üçün “X2 İnstitutu”nuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Xroniki bronxitin kəskinləşməsi” şəklində göstərilmiş, orada aparılmış spirometriya müayinəsinin nəticəsinə əsasən restruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventiliyasiya pozğunluğu qeyd olunmuş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. 4,8,9.Vətəndaş İddiaçı düçar olduğu xəstəlik tam reabilitasiya mərhələsindədir, belə ki, aparılmış uzunmüddətli müalicələr nəticəsində “Sağ ağciyərin səpələnmiş vərəmi, pnevmoskleroz, TÇ İİ dərəcə” sovrularaq yerində fibroz toxuma əmələ gəlmişdir.Şəxsin müayinəsi zamanı hal-hazırda onun əlavə müayinə və müalicəsinə zərurət yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” ... Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından müəyyən edilir ki, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Belə ki, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, öz təşəbbüsü ilə başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi əlilliyin ləğvi barədə qərarda istinad edilən əlillik təyinatlarının əsaslılığnın müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə bağlı əyani müayinəyə iddiaçı çağrıldığı, gəlmədiyi səbəbindən əlillik təyinatı barədə qərar ləğv edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə başlanılması mümkündür, lakin öz təşəbbüsü ilə icraatın başlanılması iddiaçı barəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə şübhə doğuracaq əsaslı şübhələrin mövcud olduğu hallarla bağlılığı zəruridir ki, məhkəmə həmin halların nədən ibarət olmasını iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə yox məhz iddiaçı barəsində aparılan yeni inzibati icraat sənədlərində müəyyən etməlidir. Başqa sözlə cavabdeh iddiaçını əyani müayinəyə çağırarkən, hansı səbəbdən əlilliyin ləğv edilməsi məsələsinə baxdığını qeyd edərkən təkcə “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi ilə kifayətlənməməli, istər iddiaçının əyani müayinəsinə cəlb edilməsi barədə sənədlərdə, öz təşəbbüsü ilə inzibati icraatın aparılması barədə sənədlərdə, ən əsası da iddiaçı barəsində əlverişli inzibati aktın ləğvinə əsas olmuş qərarda konkret olaraq iddiaçıya təyin edilmiş əlilliyin şübhə doğurma əsaslarını əsaslandırılmalıdır. Lakin, iş materiallarından görünür ki, “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi istisna olmaqla cavabdehin öz təşəbbüsü ilə inzibati icraatın başlanılması səbəbləri barədə hər hansı məlumat mövcud olmamışdır. Təkcə iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildirişdə əlilliyin təyininə əsas olmuş qərarın düzgünlüyünə şübhə yaradan sübutların təqdim edildiyinə istinad edilmişdir ki, həmin sübutların nədən ibarət olması, qərarın düzgünlüyünə şübhə olunan hallar barədə də heç bir məlumat mövcud olmamışdır. Başqa sözlə inzibati orqan reallıqda həqiqiliyi istisna edilməyən halları özlüyündə müəyyən edərək heç bir rəsmiləşmə aparmadan canlı müayinəyin keçirilməsinə çalışmış, əyani müayinə baş tutmadıqda da şəxsin əlilliyinin səhv olması qərarına gəlmişdir. Halbuki, ən azından əlilliyin təyininin qanunsuz hesab edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın əsaslandırılmasından isə söhbət gedə bilməz. Halbuki, cavabdeh nəzərə almalıdır ki, iddiaçı da həqiqətən də əlilliyin təyininə əsas olan xəstəliklər mövcud olmasa belə bu barədə qəbul ediləcək qərar inzibati icraatla bağlı qanunvericiliyin təkcə maddi yox, prosessual hüquq normalarının tələblərinə görə də düzgün olmalıdır. Qəbul edilən qərarın əsaslandırılmaması prosessual pozuntudur ki, inzibati işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bütün bunlar nəzərə alınmaqla inzibait aktın əsaslandırılmış olması barədə cavabdehin qərarlarının ləğvi barədə mövqe nümayiş etdirmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın həmin təcrübəyə uyğun olmadığı aşkar görünür. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “əlillik təyinatlarının əsaslağının müxtəlik risk qrupları üzrə araşdırılmasına” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, onun tam reabilitasiya olması barədə qərar qəbul etmişdir. Cavabdeh nə məhkəmə sorğusuna cavab kimi təqdim etdiyi sənədlərdə, nə də ki məhkəmə icraatı zamanı əlilliyin ləğv edilməsi barədə qərarı təqdim etməmişdir ki, bu da qərarın mövcud olmadığına dəlalət edir. X8 adlı şəxsin “Yardımlı rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması” ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, iddiaçı tam reabilitasiya olunsa belə, həmin hal qanuni əsaslarla təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pozuntu təkcə inzibati icraat gedişində və qəbul edilən qərarda təyin edilmiş əlilliyin ləğvinə əsas ola biləcək inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması və əlilliyin ləğv edilməsinin əsaslandırılmaması ilə bağlı olmamış, cavabdeh əyani müayinəyə iddiaçını çağırarkən də növbəti prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əyani müayinə barədə məlumatı olmamış, həmin şəxs əyani müayinəyə çağrılmasına baxmayaraq, iddiaçının iştirakı olmadan müddətsiz olaraq təyin olunmuş əlilliyin təyinatı dayandırılmışdır. Bununla bağlı vurğulanması zəruridir ki, maraqlı şəxsin inzibati icraatda iştirakının təmin edilməsi vəzifəsi təkcə bildirişin göndərilməsi ilə bağlı olmayıb, həmin şəxsin iştirakının təmin edilməsinə yönəlmiş bütün tədbirlərin həyata keçirilməsini də ehtiva edir. Doğrudur cavabdeh tərəf iddiaçının bildiriş göndərək onu əyani müayinə dəvət etməsinə istinad etsə də, məhkəmə həmin halların əyani müayinəyə iddiaçının dəvət edilməsi üçün kifayət hesab etmir. Belə ki, əyani müayinə barədə onsuz da tam məlumatın olmadığı bildirişin düzgün ünvana çatdırılmadığı iş materialları ilə müəyyən edilir. Hər bir halda qeyd olunan xüsusat əlilliyin təyini barədə qərarın qüvvədə saxlanılmasına əsas yarada biləcək əyani müayinənin aparılmasını istisna edən hal hesab edilmir. Məhkəmə məlumatlandırma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatda şəxsin inzibati icraatda iştirakını zəruri edən analoji mövqe inzibati məhkəmə icraatı üçün də keçərlidir ki, məhkəmə tərəfindən hətta ilkin baxışından uğurluluğun mövcud olma ehtimalı aşağı olan, eləcə də iddianın mümkünlüyü baxımından istisna edilməsi üçün ciddi əsasların olduğu işlər üzrə də şəxsin məhkəmə iclasında iştirakını təmin edir və etməlidir. Əks halda şəxsin iştirakı olmadan qəbul edilən qanuni qüvvəyə minməmiş qərar və qərardadların prossesual baxımından qanuniliyi əlavə yoxlama predmeti olur ki, necə ki, məhkəmənin qəbul etdiyi qərar və ya qərardad prosessual baxımından qanuni olmalıdır və bu qanuniliyin ən mühüm elementlərindən biri kimi şəxsin iştirakının təmin edilməsi dayanır, həmin tələblər inzibati orqanlar üçün də keçərlidir. Belə olduğu təqdirdə də cavabdeh inzibati orqan hər hansı üzrlü səbəb göstərmədən onun barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvi ilə bağlı şəxsi inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla məlumatlandırmağa, iştirakını təmin etməyə borcludur. Hazırkı iş üzrə isə həmin məlumatlandırma həyata keçirilməyinə baxmayaraq, iddiaçının iştirakını təmin edilmədən, əyani müayinədə iştirakı olmadan iddiaçının əlilliyi ləğv edilmişdir. Belə ki, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamış, iddiaçının əyani müayinədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “tam reabilitasiya olunma” barədə qərar qəbul edilməklə dayandırıldığından, əllik məhz həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə analoji mövqedən çıxış etmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli xxxxxxx0004 №-li qərarı ləğv edilsin. xx.xx.2024-cü il tarixli xxxxxxx0004 №-li qərarı ləğv edildiyi tarixdən cavabdehin üzərinə 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin (elektron altsistemdə) bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1545/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1545/2025
20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver