Məhkəmə qərarları › İş №2-1(120)-1548/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1548/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1548/2025 16.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “X2 adına qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixində Lənkəran şəhərində doğulmuşdur. X1, anası isə X8r. Ailədə dörd övladdan biridir. Doğumu Lənkəran şəhər VVAQ şöbəsində xx.xx.1992-ci il tarixində 144 nömrəli akt qeydi ilə qeydə alınıb və bununla bağlı doğum haqqında şəhadətnamə verilib. Sonrakı həyatında da bütün sənədləşmələri həmin doğum haqqında şəhadətnamə əsasında aparılıb. xx.xx.2015-ci ildə isə X5 ilə nikaha daxil olduqdan sonra doğum haqqında akt qeydlərində dəyişiklik edilərək soyadı Cəbiyeva kimi qeydə alınıb. 2024-cü ilin iyul ayında anası X16 6 saylı Bakı “Asan xidmət” mərkəzindən ailə tərkibi haqqında arayışın alınması üçün müraciət edib. Bununla bağlı anasına xx.xx.2024-cü il tarixli, 05/09İS/064673-24 nömrəli ailə tərkibi haqqında arayış təqdim edilib. Arayışdan görünür ki, ailə üzvləri kimi valideynləri və bacı-qardaşından başqa siyahıda xx.xx.1989-cu il təvəllüdlü X9 və xx.xx.1992-ci il təvəllüdlü X2 adları qeyd edilib. Siyahıda adları qeyd edilən, lakin tanımadığı həmin şəxslərlə bağlı araşdırma apardıqda valideynlərinə bildirilib ki, X17 vətəndaşlıq vəziyyəti aktlarında səhvən qardaşları kimi qeydə alınıb, X10 isə odur və onun doğumu fərqli tarixlərdə, fərqli adla qeydə alındığından o, fərqli ad və təvəllüddə 2 dəfə qeydə alınmışdır. Atası Qanuni nümayəndə doğumunun fərqli ad və fərqli təvəllüddə qeydə alınmasının səbəbini araşdırdıqda məlum olub ki, o, doğulduqdan sonra babası X11 atasının doğumunun qeydə alınması üçün VVAQ orqanına müraciət edərək ona aid doğum haqqında şəhadətnaməni almasını bilmədən özü atasından məlumatsız Lerik rayonunun VVAQ orqanına müraciət edərək onun adına yeni doğum haqqında şəhadətnamə alıb və həmin akt qeydində adını Gülgəz, doğum tarixi xx.xx.1992-ci il, doğum yerini isə Lerik rayonu Piran kəndi kimi qeydə aldırıb. Nəticədə onun doğumu iki fərqli adda, fərqli təvəllüddə və fərqli yerdə qeydə alınıb. Yaranmış bu uyğunsuzluq onun və ailəsinin sənədləşmə işlərinə çətinliklər yaratdığından, onlar xx.xx.2024-cü ildə Cavabdehnə ərizə ilə müraciət edərək X2 adına səhvən qeydə alınmış akt qeydinin ləğv edilməsini xahiş etmişlər. Lakin qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2- 64/2024 saylı cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edərək məhkəməyə müraciət etməyini tövsiyyə edib. Hesab edir ki, yol verilmiş bu yanlışlıq aradan qaldırılmalı və Lerik VVAQ orqanında səhvən qeydə alınmış doğum haqqında akt qeydi ləğv edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1991-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmçinin cavabdeh inzibati orqanın ünvanı Lerik rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.1992-ci il tarixli, 373442 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası Qanuni nümayəndə, anası X6r. xx.xx.2015-ci il tarixli, AZ-İ№ 036401 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Cəbiyeva (Hüseynli) Sevinc Eldar qızı arasında xx.xx.2015ci il tarixdə rəsmi nikah akt qeydi bağlanmışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/810-1224 nömrəli məktubunda qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydasının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərinin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. xx.xx.1992-ci il tarixli, 06 saylı doğum haqqında akt qeydindən görünür ki, X10 xx.xx.1992-ci ildə Lerik rayonun anadan olmuş, atası Qanuni nümayəndə, anası X6r. Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 07 Noyabr 2024-cü il tarixli 2-1 (120)-4452/2024 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alması barədə məlumat Pedaqoji Universitetin arxivində aşkarlanmamışdır. Məlumat olaraq bildirmək istəyirlər ki, arxivdə aparılan araşdırmalar nəticəsində xx.xx.1991-ci il təvəllüdlü İddiaçı yox, eyni təvəllüdlü X7 məxsus müvafiq sənədlər mövcuddur. Arxiv materiallarına əsaslanaraq guman olunur ki, sizin axtardığınız adam X15 ola bilər. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 doğumu, nikahı, övladlarının doğum akt qeydlərinin surətini ünvanınıza göndəririk. Qanuni nümayəndə ilə X3 birgə nikahından olan övladlarının ölümü barədə məlumat vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı. X2 doğumu haqqında akt qeydinin surətinin verilməsi üçün Cavabdehnə müraciət etməyiniz xahiş olunur. İddiaçı nikahı və övladlarının doğum akt qeydlərinin verilməsi üçün 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etməyiniz xahiş olunur. xx.xx.1992-ci il tarixli, 144 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X15 xx.xx.1991-ci ildə Lənkəran rayonun anadan olmuş, atası Qanuni nümayəndə, anası X6r. Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ADPU-nun arxiv sənədlərinə əsasən Cəbiyeva (əvvəlki soyadı Hüseynova) Sevinc Eidar qızı 2013-cü üdə “Riyaziyyat müəllimliyi” ixtisasının rus bölməsini əyani olaraq bitirmiş və ona A № 016541 saylı adi diplom verilmişdir. Orta Təhsil haqqında B № 606332 nömrəli atestatın surətindən görünür ki, 1991-ci il təvəllüdlü X4 2009-cu il tarixdə atestat verilmişdir. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2025-ci il tarixli, 70 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, X15 həqiqətən, 02 iyul 2013-cü il tarixli 3/142 saylı saylı əmrə əsasən universitetin “Riyaziyyat müəllimliyi” ixtisası/ rus bölməsi/ üzrə əyani şöbəsini bitirmiş, ona riyaziyyat müəllimliyi ixtisası üzrə ali bakalavr dərəcəsi və A № 016541(qeydiyyat:382/13) saylı adi diplom verilmişdir. Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə haqqında ümumi məlumatdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X13 Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat ixtisası üzrə təhsil almışdır. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, həmin istiqamətdə səhvlərə yol verilib-verilməməsini müəyyən etməli və qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanun: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində mövcud olduqda müvafiq məlumatlar həmin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.2-1. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”: İİİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi qaydası

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi Lerik şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə barəsində tərtib olunmuş 6 saylı doğum haqqında akt qeydinin ləğv olunmasıdır, belə ki, iddiaçı barəsində yanlışlıqla iki dəfə fərqli tarixlərdə doğum akt qeydi tərtib edilmişdir. xx.xx.1992-ci il tarixli, 06 saylı doğum haqqında akt qeydindən görünür ki, X10 xx.xx.1992-ci ildə Lerik rayonun anadan olmuş, atası Qanuni nümayəndə, anası X6r. xx.xx.1992-ci il tarixli, 144 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X15 xx.xx.1991-ci ildə Lənkəran rayonun anadan olmuş, atası Qanuni nümayəndə, anası X6r. Məhkəmə müəyyən edir ki, hər iki akt qeydi iddiaçıya məxsusdur və X10 adında ailənin övladı olmamışdır, ümumiyyətlə o ad və soyadda şəxs yoxdur. Həmçinin iş materiallarında olan bütün hüquqmüəyyənedici sənədlər də İddiaçı aid olmuşdur. Belə olan halda iddiaçı barəsində iki doğum haqqında aktın mövcudluğu qanunvericiliyin tələblərinə zidd olaraq onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdehnə qarşı X2 adına qeydə alınmış xx.xx.1992-ci il tarixli, 06 nömrəli doğum akt qeydinin ləğv olunmasını tələb etməkdə etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən X2 adına qeydə alınmış doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 68-ci , 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. X10 barəsində tərtib olunmuş xx.xx.1992-ci il tarixli, 6 saylı doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar