Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1554/2025 23.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsinə dаir ərizə təqdim еdərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılmasını, cavabdeh kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saxlanılmasını, digər cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı, iddia tələbi və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ döyüşlərinin iştirakçısı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbəylik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, 1988-1991-ci illərdə Ağdam rayonun Xatunbəyli kəndində özünü müdafiə dəstəsinin tərkibində erməni quldur birləşmələrinə qarşı döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Onun ərizəsinə xx.xx.2014-cü il tarixdə AR-sı Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən cavab verilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin 23 yanvar 2023-cü il tarixli cavab məktubunda isə göstərilmişdir ki, onun təqdim etdiyi Ağdam İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 02/1337 və xx.xx.2022-ci il tarixli, 02/466 nömrəli arayışlarında adının müvafiq adlı siyahıda olması qeyd edilsə də,siyahının hansı hüquqi qüvvəsi olan arxiv sənədləri əsasında tərtib olunmasını təsdiq edən sənəd yoxdur. Təqdim etdiyi sənədlər “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün ona veteran statusu verilməsi mümkün deyildir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, 1988-ci il tarixdən könüllü olaraq Ağcabədi rayon hərbi komissarlığına müraciət etmiş və 1992-ci ildə daxil olmaqla yuxarıda qeyd etdiyi kimi Ağdam rayonun Xatunbəyli kəndində özünü müdafiə batalionun tərkibində döyüşlərdə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Lakin əksər hallarda yerli icra hakimiyyəti orqanları yeni siyahıları tərtib edərkən döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad olunmadan, kənd icra nümayəndələri tərəfindən verilmiş arayışlara və ya sadəcə şahid ifadələrinə əsaslanaraq bu siyahıları tərtib etmişdilər. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nda müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının uyğun olaraq qərar qəbul edir. Hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübuetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Habelə analoji iş üzrə X4 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixili, 2-1(102)- 61/2023 nömrəli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi siyahı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hesab edirik ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 02/1337 saylı arayışına əsasən 1988-1991-ci illərdə Ağdam rayonunun Xatunbəyli kəndində təşkil olunmuş özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 81 nömrəli arayışından görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı həqiqətən Qarabağ hadisələri ilə əlaqədar olaraq, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayına qədər könüllü olaraq keçmiş Ağdərə rayonunun Xatınbəyli kəndində yaradılmış kənd özünümüdafiə dəstələrinin tərkibində erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında fəal iştiak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 02/1337 nömrəli arayışından görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı 1988-1991-ci illərdə Ağdam rayonunun Xatınbəyli kəndində təşkil olunmuş özünümadafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavinin xx.xx.2022-ci il tarixli, 02/466 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbə sakini İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər könüllü olaraq Ağdam rayonunun Xatınbəyli kəndində yaradılmış özünümüdafiə dəstələrinin tərkibində erməni silahlı birləşmələrinə qarşı aparılan döyüşlərdə iştirak etməsi barədə onunla döyüşlərdə iştirak etmiş şəxslərin iştirakları ilə xx.xx.2017-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi müvafiq siyahı və yuxarıda qeyd olunan akt əsasında İddiaçı 1988-1991-ci illərdə Ağdam rayonunun Xatınbəyli kəndində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 01 noyabr 2017-ci il tarixli 02/1337 saylı arayış verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı xx.xx.2023-cü il tarixli, 3-43/2-H-2xx/xx/2023 nömrəli məktubundan görünür ki, Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 02/1337 və xx.xx.2022-ci il tarixli, 02/466 nömrəli arayışlarında adının müvafiq adlı siyahıda olması qeyd edilsə də siyahının hansı hüquqi qüvvəsi olan arxiv sənədləri əsasında tərtib olunmasını təsdiq edən sənəd yoxdur. Odur ki, təqdim etdiyi sənədlər “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün (döyüş əməliyyatlarında iştirakını sübut edən sənəd yoxdur), veteran statusunun verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-4/2-1063/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Mövcud sənədlərdə İddiaçı 1988-1991-ci illərdə Ağdam rayonu Xatunbəyli kəndində özünü müdafiə dəstəsinin tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-31-35/2-18/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli, 81 saylı arayış, keçmiş Ağdərə rayonunun Xatınbəyli kənd sakinləri və vətəndaşınla birlikdə həmin dövrdə könüllü olaraq Xatınbəyli kənd özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş Hindarx qəsəbə sakinlərinin iştirakı ilə xx.xx.2017-cı il tarixdə tərtib olunmuş akta əsasən verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-43-96/2-106/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin həmin dövrdə qüvvədə olan 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin tələblərinə uyğun olaraq, Ağcəbədi rayon sakinləri X7 və X5 adları, Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 2017-ci il 24 yanvar tarixli 02/56 nömrəli arayışı ilə təsdiq edilmiş siyahıda qeyd olunmuşdur. Bu səbəbdən, onlara Xidmət tərəfindən 2017-ci il 20 sentyabr tarixli 9 nömrəli qərar ilə müharibə veteranı adı və müvafiq veteran vəsiqələri (MV 00375 nömrəli və MV 00373 nömrəli) verilmiş, həmin vəsiqələr hazırda qüvvədədir və onların verilməsinə əsas olan sənədlər təqdim olunur. Məhkəmə xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı ilə birlikdə 1989-cu ilin noyabr ayının 21-dən 1990-cı ilin fevar ayının axrına qədər Ağdərə rayonunun Xatınbəyli kəndində xidmət etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İnzibati orqan iddiaçının tələbinə xidməti tam təsdiqlənmədiyi əsası ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 81 nömrəli arayışından görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı həqiqətən Qarabağ hadisələri ilə əlaqədar olaraq, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayına qədər könüllü olaraq keçmiş Ağdərə rayonunun Xatınbəyli kəndində yaradılmış kənd özünümüdafiə dəstələrinin tərkibində erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında fəal iştiak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 02/1337 nömrəli arayışından görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı 1988-1991-ci illərdə Ağdam rayonunun Xatınbəyli kəndində təşkil olunmuş özünümadafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, inzibati orqan tərəfindən inzibati icraat aparan araşdırma formal xarakter daşımamalı, onunla eyni dövrdə döyüşən və veteran vəsiqəsi alan və məhkəmədə şahid qismində iştirak edən X7 və X5 ifadələri, Ağdam rayon İcra Hakimiyyəti Başçısının xx.xx.20178-ci il tarixli, 02/1337 saylı dəyüşlərdə iştirakı və siyahıya salınması barədə arayışı, hərbi biletində olan qeydləri, qardaşı X6 1994-cü ildə şəhid olması hallarrına nəzər yetirməlidir. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Hazırkı mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, qəbul edilən qərar inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına olunmadığından, qərar hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh olunmamalıdır. Bu baxımdan, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, qərardan apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmədiyindən qeyd edilən qərardan cavabdeh inzibati orqan tərəfindən şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1554/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1554/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver