Məhkəmə qərarları › İş №2-1(120)-1556/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1556/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1556/2020 08.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X2 qarşı «iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidməti vəzifələrini yerinə yetirərkən xidmətdə olduğu zaman ağır xəsarət (hərbi travma) almağı nəticəsində səhhətinin və sağlamlığının pozulması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X2 göndərilməklə ondan iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1980-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonu Bəylər kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Saatlı rayon hərbi komissarlığı tərəfindən xx.xx.1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və döyüş bölgəsi olan Qazax rayonu Quşçuayrım kəndi ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli, 277 saylı əmri ilə xx.xx.1998-ci il tarixdən hərbi xidmətə gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlarına daxil edilməklə ona “əsgər” hərbi rütbəsi verilmişdir. Müddətli hərbi xidmət keçmə dövründə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman xx.xx.2000-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan atəş nəticəsində başından ağır yaralanmışdır. xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi döyüş bölgəsi olan Tovuz rayonu ərazisində yerləşən N saylı hərbi hissədə (hərbi hospitalda) müayinə və müalicə olunmuşdur. Hərbi hospitalda iki dəfə başından cərrahiyyə əməliyyatı olunmuş və ona “Başın sağ yarısının yumuşaq toxumalarının, sümüksüzlüyüyünün dəlib keçən güllə yarası, Baş-beyin silkələnməsi” yaralanma diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 257 saylı qərarına əsasən yaralanma səbəbi: “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” müəyyən olunmuşdur. Atəş nəticəsində aldığı travmatik zədələnmə onda başbeyin pozulması və beyin maddəsinin zədələnmələrinin nəticələri onda tez-tez baş verən kəskin başağrısı, əsəbilik və yuxupozulmaları kimi ağır xəstəliklər yaratmışdır. Bununla bağlı ona hərbi xidmət keçmə dövründə başından aldığı yaralanma (travma) səbəbindən əililliyin təyin edilməsi üçün xx.xx.2020-ci il tarixli, ******* AALWV saylı göndərişlə (FORMA 88) Saatlı rayon 34 saylı X2 müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdə ona əlilliyin verilməsindən imtina edilmişdir. İmtinaya “Diaqnoz əlllik əlaməti təyin etməməsi, ətraflı Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarına əsasən meyara uyğun gəlmədiyi üçün əlil hesab edilmir” kimi səbəblər göstərilmişdir. Cavabdeh tərəfindən ona əlilliklə bağlı verilən imtina səbəbini qanunsuz və əsassız hesab edir. Belə ki, ona mülki şəxs kimi yox, hərbi xidmətlə əlaqəsi olan hərbi travma alan şəxs kimi əlillik təyin edilməli idi. Halbuki, hərbi xidmətlə əlaqədar olan əlilliklə bağlı təyinatlar məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə uyğun aparılır. Lakin cavabdeh orqan bunu nəzərə almamış, nəticə etibarı ilə ona əlilliyin təyin edilməsinə qanunsuz olaraq imtina verilmişdir. Buna görə də o, məhkəmədə cavabdeh orqana qarşı iddia qaldırmağa məcbur olmuşdur. Göstərilənlərə əsaslanaraq, hərbi xidməti vəzifələrini yerinə yetirərkən xidmətdə olduğu zaman ağır xəsarət (hərbi travma) almağı nəticəsində səhhətinin və sağlamlığının pozulması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında işlasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı müddətli hərbi xidmət keçmə dövründə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman, yəni xx.xx.2000-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan atəş nəticəsində başından ağır yaralanması nəticəsində səhhətinin və sağlamlığının pozulması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X3 iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim Ekspertizası haqqında” Əsasnamənin 1.2-ci bəndində əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin Respublika X4 bazasında Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamədə aşağıdakı qaydalar müəyyən olunmuşdur: - 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və X10 Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. - 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. - 3.1.3. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEKin vəzifələrindən biridir. - 4.26. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. - 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 6.5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamə üzrə müəyyən edilən qaydalarla birmənalı olaraq əlillik dərəcəsinin və onun səbəbinin TSEK-in qəbul etdiyi qərarlara əsasən müəyyən olunduğu təsbit edilmişdir ki, həmin qərardan da məhkəməyə şikayət verilməsi Əsasnamədə nəzərdə tutulmuşdur. Başqa sözlə, qeyd olunanlar onu deməyə əsas verir ki, TSEK-in qərarları inzibati akt sayılır. Çünki həmin qərarlar hüquqi nəticə yaradan hakimiyyət tədbirini özündə əks etdirir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində verilən anlayışından da görünür ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir . Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş, lakin həmin qərardan o, şikayət verməmiş və hal-hazırda da həmin qərar ləğv olunmamış, etibarsız sayılmamışdır. Məhz «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsində də nəzərdə tutulur ki, nzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə işin sübutlarla müəyyən edilən hallarına əsasən qeyd edir ki, TSEK tərəfindən qəbul edilmiş qərar ona məlum olmuş, lakin həmin qərar onun tərəfindən mübahisələndirilməmiş, belə olan halda, həmin qərar hüquqi cəhətdən qüvvədə olmuş və etibarlılıq xüsusiyyətinə malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hərbi əlilliyin təyin edilməsi üzrə iddia tələbinə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X3 cavab verməli inzibati orqan hesab olunmadığından həmin inzibati orqan tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. Göründüyü kimi, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X1 səlahiyyətinə aid olmayan məsələnin nizama salınmasını ondan tələb edir ki, qanunvericiliyin tələbi baxımından Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X3 əlillik dərəcəsinin verilməsi ilə bağlı iddia tələblərinə cavabdehlik daşımır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələbi ilə bağlı ilkin olaraq iddiaya cavab verməli olan inzibati orqana müraciət etməsini və həmin müraciətdən imtina olunmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı məhkəmə hazırlıq iclasında iddia tələblərini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23.1-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı X2 qarşı «iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar