Məhkəmə qərarları › İş №2-1(120)-1558/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1558/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1558/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərara aldı: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayon icra və probasiya şöbəsində 1 dərəcəli ədliyyə qulluqçusu rütbəsilə icra məmuru vəzifəsində işləyib. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 125-K nömrəli əmri ilə 60 yaşı tamam olduğundan ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatmaqla pensiyaya çıxmağı ilə əlaqədar olaraq ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. O, həmin sənədləri pensiya hesablanıb təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. X3 xx.xx.2024-cü il tarixdə ona göndərilən cavab məktubunda qeyd edilir ki, Əmək pensiyaları haqqında Qanunun 9.7-ci maddəsinə əsasən, Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 35 il qulluq stajı olan Ədliyyə işçilərinin yaşa görə Əmək pensiyası hüququ vardır. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 35 ildən az olduğundan ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunun tələbləri baxımından mümkün deyildir. Cavabdehin həmin hərəkətini düzgün hesab etmir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluqda olmanın yaş həddi 60 yaşdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə uyğun olaraq verilmiş arayışa əsasən onun qulluqda olma stajı 28 il 11 ay 9 gün təşkil etməsini nəzərə alaraq ona pensiya hesablanmalıdır. Eyni zamanda təşkilat pensiya təyinatı üçün nəzərdə tutulmuş onun hesabında toplanmış pensiya kapitalını da nəzərə almamışdır. Belə ki, onun pensiya kapitalı qanunla nəzərdə tutulduğundan xeyli çox, yəni 65 min manatdan çox təşkil edir. Onu dövlət orqanı pensiya çıxmaqla əlaqədar işdən azad etdiyi üçün Konstitusiyanın 38-ci maddəsinə müvafiq olaraq pensiya almaq hüququ da təmin edilməlidir. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış xx.xx.2020-cü il tarixli **********8 nömrəli imtina məktubunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az (19 il 11 ay 19 gün), xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q- 84397/2024 nömrəli imtina məktubunda isə xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 35 ildən az olması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 9.7.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.7.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il quiluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin Qanunun 20.19-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizm funksiyalarının 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlilliyi müəyyən edilmiş, ədliyyə orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) də ədliyyə işçisi kimi əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, ədliyyə orqanlarında xüsusi rütbələr nəzəıdə tutulan vəzifələrdə İddiaçı qulluq stajı 35 ildən az olduğundan, 65 yaşı tamamlanmadığından və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmadığından ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından iddiaçının “ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan İmişli rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. xx.xx.2024-cü il tarixli, 125-K nömrəli əmrdə qeyd edilmişdir ki, Ədliyyə orqanlarında qulluqda olmanın yaş həddinə çatmış İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru 1 dərəcəli ədliyyə qulluqçusu İddiaçı pensiyaya çıxması ilə əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.1 və 40.1.1-ci maddələrinə müvafiq olaraq ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilsin. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, sabiq ədliyyə işçisi İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 28 il 11 ay 9 gün təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajınız 35 ildən az olduğundan sizə ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ədliyyə Nazirliyi İnsan resursları idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmiş, o cümlədən xx.xx.1997-xx.xx.2007-ci il tarixlərdə - Hüquqi X1 üzrə İmişli bölgə şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmiş, həmin qurum ləğv edildiyindən xx.xx.2007-ci il tarixindən nazirliyin sərəncamında olmuş, xx.xx.2008-xx.xx.2024-cü il tarixlərdə isə İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləmiş, yaş həddinə çatması barədə ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil etmişdir. İddiaçı Ədliyyə Nazirinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, 60 yaşının tamam olmasını nəzərə alaraq,“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən Ədliyyə orqanlarında qulluqkeçməyə xitam verilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilkin olaraq xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə bir il müddətinə (xx.xx.2016-cı il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə, İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. X2 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1997-2024-cü illərdə Ədliyyə Nazirliyinin Hüquqi X1 İdarəsinin İmişli bölgəsi üzrə şöbəsində aparıcı mütəxəssis, aparıcı məsləhətçi vəzifələrində, İmişli rayon məhkəmə icraçıları qrupunda, İmişli rayon icra qrupunda, İmişli rayon icra bölməsində, İmişli rayon icra şöbəsində, İmişli rayon icra və probasiya şöbəsində məhkəmə icraçısı vəzifəsində iş müddətinizlə bağlı bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli 119-İİİQ nömrəli Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 11 -ci hissəsinə əsasən Nazirliyin aparatı və onun strukturuna daxil olan penitensiar xidmət, Nazirliyin yerli, regional qurumları, təhsil müəssisələri, elm, ekspertiza və tibb idarələri, mətbuat orqanları, digər təyinatlı qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Qeyd edilənlərə əsasən 1997-2024-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X1 İdarəsinin İmişli bölgəsi üzrə şöbəsində aparıcı mütəxəssis, aparıcı məsləhətçi vəzifələrində (xüsusi rütbə nəzərdə tutulan vəzifələr olduğu halda), İmişli rayon məhkəmə icraçıları qrupunda, İmişli rayon icra qrupunda, İmişli rayon icra bölməsində, İmişli rayon icra şöbəsində, İmişli rayon icra və probasiya şöbəsində məhkəmə icraçısı vəzifəsində iş müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 9.7.1. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. 9.7. (1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyası) Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.11. Ədliyyə orqanlarında 35 il qulluq etmiş, həmin orqanlarda qulluğunu davam etdirən ədliyyə orqanlarının işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”: 2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; 2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; 2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya ədliyyə qulluqçusu kimi pensiya təyini ilə əlaqədardır. Ədliyyə qulluqçusunun pensiya təminatı isə 23-cü maddə ilə tənzimlənir və həmin Maddədən görünür ki, Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd olunmalıdır ki, hazırkı inzibati mübahisənin həlli ilə əlaqədar ədliyyə orqanlarında qulluq stajına uyğun olaraq ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılmasına dair Qanunun yuxarıda göstərilən 9.7-ci maddəsinin köhnə redaksiyasının tələbinin aydınlaşdırılması zəruridir. Belə ki, maddənin tələbindən də göründüyü kimi 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyaya əsasən 25 il qulluq stajı pensiya təyinatı üçün əsas hesab edilirdi. Lakin, maddənin tələbindən də göründüyü kimi 25 il ədliyyə qulluq stajı özüözlüyündə göstərilən şərtə uyğun olaraq pensiya təyinatına əsas vermir. Belə ki, göstərilən qulluq stajının məhz xüsusi rütbə nəzərdə tutan vəzifə üzrə olması mütləqdir. Maddənin tələbindən də göründüyü kimi xüsusi rütbənin olmaması da pensiya təyinatı halını istisna etməsə də, vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə olması mütləqdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya həmin dövrə münasibətdə pensiya hüququnun yaranması üçün qanunvericinin müəyyən etdiyi nə 25 illik qulluq stajı, nə də ki, yaş şərti ödənməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən isə ədliyyə işçisinə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərt xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajın olmasıdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan maddənin tələbinə əsaslanmaqla da iddiaçının pensiya hüququ yaranmır. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının ədliyyə orqanlarında qulluq illəri xx.xx.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. Həmçinin İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və hal-hazırda 61 yaşı vardır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya ədliyyə qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər ödənilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar