Məhkəmə qərarları › İş №2-1(120)-156/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-156/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-156/2021 09.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi İddiaçı oğlunun (hüquqşünas, Saatlı rayonu, Kamallı kəndində yaşayan) iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin qismən, yəni ona aid hissədə ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, onun Ə522ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı oğlu xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə İddiaçı oğlunun xidmətdən xaric edilməsi barədə Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə162-001-20 saylı əmrinin ona aid hissədə ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə İddiaçı oğlunun xidmətdən xaric edilməsi barədə Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə162-001-20 saylı əmrinin ona aid hissədə ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilmiş, Sabirabad rayon Polis şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı oğlu şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 17 il 3 ay 14 gün müddətində DİO-da qüsursuz xidmət etmişdir, hal-hazırda polis mayoru rütbəsi daşıyır. xx.xx.2020-ci il tarixdə əsassız və qanunsuz olaraq DİO-dan xaric edilmişdir. Ona yalnız əmək kitabçası təqdim olunmuş, işdən çıxarılması barədə əmr təqdim olunmamış, yalnız məhkəmə tərəfindən sorğu edilərsə, təqdim ediləcəyi bildirilmişdır. Əmək kitabçasındakı qeyddən məlum olur ki, DİN-nin xx.xx.2020-ci il tarixli Ə522ş/h nömrəli əmrinə əsasən DİO-da xidmətdən xaric olunmuşdur. O, DİO-da, eləcə də Sabirabad RPŞ-nin X4 sahə rəisi vəzifəsində xidmət etdiyi müddətdə daima Azərbaycan Respublikasının Konstitusiyasını, Polis haqqında qanunu və digər normativ hüquqi aktları rəhbər tutmuş, polis andına sadiq olmuş, ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı dönmədən mübarizə aparmış, vətəndaşlara qarşı hər zaman nəzakətli, diqqətli olmuş, xidməti müddətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. Bu səbəbdən də dəfələrlə həvəsləndirici və digər mükafatlarla təltif olunmuşdur. Hesab edir ki, Sabirabad RPŞ-nin rəisi Namiq Camalovun ona qarşı qərəzli münasibəti əsasında işdən azad olunmuşdur. Belə ki, qardaşı tutulanda Ağsu RPŞ-də işləmiş və bu barədə dərhal raportla məlumat vermişdir, lakin rəis hələ məhkəmə qərarı yoxdur deyib raportu qeydiyyata almamışdır. xx.xx.2020-ci il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə polis sahə rəisi təyin olunarkən xx.xx.2020-ci il tarixdə artıq qardaşı barədə cinayət işi üzrə icraata xitam verilmişdir. Ona görə də Sabirabad RPŞ-yə məlumat verməyə ehtiyac görməmişdir. Bundan başqa, o, ailəsinə qazanc gətirən yeganə şəxs olmuş, həyat yoldaşı evdar xanımdır, bir azyaşlı övladı var, yaşlı valideynləri də onun himayəsindədir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Sabirabad rayon Polis şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə522ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) Sabirabad RPŞ-nin X4 polis sahə rəisi polis mayoru İddiaçı oğlu xx xxxxxx 2020-ci il tarixdən xidmətdən xaric edilmişdir. Əsas: Azərbaycan Respublikası DİN-in xx xxxxxx 2020-ci il tarixli Ə162-001-20 nömrəli əmri. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli Ə162-001-20 nömrəli əmrinə əsasən, Daxili İşlər Nazirliyinin Q48-12, Q21- 12 nömrəli qərarlarının, 130-05, 016-09, 356-09, 357-09, 358-09 nömrəli əmrlərinin tələblərini pozduğuna, üzərinə düşən xidməti vəzifələri yerinə yetirmədiyinə, “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarəti həyata keçirmədiyinə, profilaktik qeydiyyatda olan, əvvəllər cinayət törətmiş şəxslərlə, münaqişəli ailələrlə aparılan işi normativ hüquqi aktların tələbləri səviyyəsində qura bilmədiyinə, cinayətlərin və inzibati xətaların qarşısının alınmasında, əhali arasında aparılan maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından istifadə etmədiyinə, qardaşı X7 cinayət məsuliyyətinə cəlb olunması barədə xidmət etdiyi orqanın rəhbərliyinə məlumat vermədiyinə, anket məlumatlarında həmin faktı gizlətdiyinə, xidməti yoxlama zamanı özünü qeyri-səmimi apardığına və bununla da daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Sabirabad RPŞ-nin X4 polis sahə rəisi polis mayoru İddiaçı oğlu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materialında olan İddiaçı oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin məhkəmə sorğusu əsasında təqdim etdiyi şəxsi işinin xidmət siyahısından görünür ki, xidmətdə olduğu 18 il 9 ay 18 gün müddətində barəsində 12 həvəsləndirmə, 5 intizam tənbehi tətbiq edilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə daxil olan ərizəsində X10 xidmət etdiyi ərazidə Sabirabad RPŞ-nin rəisinin əmisi sayılan X6 üçün narkotik satan Esmira adlı qadını ifşa etdiyi üçün qurama ittihamlarla DİO-dan azad edildiyini bildirmişdir. İş materialında olan Binəqədi rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarına əsasən, X7 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinin seçilməsinə dair xx.xx.2019-cu il tarixli və cinayət işi üzrə icraatın dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş, X7 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İş materialında olan ünvan 1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən, Ədilov X11 RPŞ-də xidmət etdiyi müddətdə qardaşı Qədim Ədilovun barəsində 2019-cu il tarixdə cinayət işinin başlanması və həbs olunması ilə bağlı şifahi olaraq Ağsu RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə, iş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli Ə162-001-20 nömrəli əmri ilə müəyyən olundu ki, Sabirabad rayon polis şöbəsinin X4 polis sahə rəisi polis mayoru İddiaçı xidməti fəaliyyəti yoxlanılarkən onun tərəfindən Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının tələblərinin pozulması hallarına yol verilməsi müəyyən edilmişdir. Belə ki, polis mayoru İddiaçı xidməti fəaliyyətini Daxili İşlər Nazirliyinin 016-09, 356-09, 357-09, 358-09 nömrəli əmrləri ilə təsdiq edilmiş “Polis sahə rəisinin işinin təşkilinə dair”, “Polis sahə məntəqəsi haqqında” Təlimatların, “İnzibati sahə haqqında” və “Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında” Əsasnamələrin tələbləri səviyyəsində qura bilməmiş, onun tərəfindən cinayətlərin profilaktikası, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, inanılmış, əvvəllər məhkum olunmuş şəxslərlə, münaqişəli ailələrlə aparılan iş qənaətbəxş olmamışdır. Polis mayoru İddiaçı inzibati sahənin pasportunun tam və dolğun aparılmasını, inzibati sahənin pasportunda olan məlumatların X1 Sisteminə işlənilməsini, eləcə də Daxili İşlər Nazirliyinin 358-09 nömrəli əmrinin 3.1-ci bəndinin tələblərinə zidd olaraq xx.xx.2019-cu il tarixdən xidmət apardığı Sabirabad rayonu, Moranlı kəndində yerləşən, ona təhkim edilmiş polis sahə məntəqəsinin girişində özünə aid məlumatları və qəbul günlərini əks etdirən lövhənin asılmasını təmin etməmişdir. Daxili İşlər Nazirliyinin Q48-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında” Təlimatın tələblərini pozaraq polis mayoru İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X2 üzərində zəruri nəzarət tədbirlərini həyata keçirməmiş, nəticədə qeyd olunan şəxs nəzarətdən kənarda qalmışdır. Polis mayoru İddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 016-09 nömrəli əmrinin 4.6-cı və 4.7-ci bəndlərinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş X3 barəsində açılmış profilaktik yığım işində həmin şəxslə aparılmış profilaktik tədbirlər barədə müvafiq sənədlər qovluğa əlavə edilməmişdir. DİN-nin 016-09 nömrəli əmrinin 5-ci, 6-cı, 7-ci bəndlərinin və 357-09 nömrəli əmrinin tələblərini pozaraq polis mayoru İddiaçı xidmət apardığı müddət ərzində əlaqəyə inanılmış şəxs cəlb etməmiş, inzibati sahədə yaşayan şəxslərin İctimai Şura üzvlüyünə qəbul olunmasına təşəbbüs göstərməmiş, cari ilin müvafiq dövrü ərzində ümumiyyətlə vətəndaş qəbul etməmişdir. DİN-nin 016-09 nömrəli əmrinin 2.6-cı bəndinin tələblərinə zidd olaraq polis mayoru İddiaçı xidmət apardığı inzibati sahədə inzibati xətaların aşkarlanmasında və inzibati xəta törədən şəxslərin müəyyən olunmasında da fəaliyyəti qənaətbəxş olmamış, xidmət müddətində öz təşəbbüsü ilə heç bir inzibati xəta aşkar etməmişdir. Polis sahə rəisi polis mayoru S.X13 Nazirliyinin xx.xx.2012-ci il tarixli Q21-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”ın, 016-09 nömrəli əmrinin və “Mülki silahın dövriyyəsi ilə bağlı tədbirlərə dair” xx.xx.2017-ci il tarixli G7-001-17 nömrəli göstərişinin tələblərini pozaraq inzibati sahədə yaşayan mülki silah sahiblərinin istifadəsində olan ov silahlarının saxlanılması vəziyyətini yoxlamamış, bu barədə raport tərtib etməmiş, silah sahibləri ilə profilaktik və izahedici söhbətlər aparmamış, həmin şəxslərə silah və sursatların saxlanılma qaydaları barədə bildirişlər təqdim etməmişdir. Bununla yanaşı, polis mayoru İddiaçı DİN-nin 130-05 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 15-ci və 17ci maddələrinin tələblərini pozaraq qardaşı X7 2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci, 2019-cu ildə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması, eləcə də mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə barəsində Saatlı rayon polis şöbəsində axtarış işinin olması ilə bağlı xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməmiş, anket məlumatlarında həmin faktı gizlətmiş, xidməti yoxlama zamanı özünü qeyri-səmimi aparmaqla polis adına xələl gətirən hərəkətlərə yol vermişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli Ə162-001-20 nömrəli əmri ilə Daxili İşlər Nazirliyinin Q48-12, Q21-12 nömrəli qərarlarının, 130-05, 016-09, 356-09, 357-09, 358-09 nömrəli əmrlərinin tələblərini pozduğuna, üzərinə düşən xidməti vəzifələri yerinə yetirmədiyinə, “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarəti həyata keçirmədiyinə, profilaktik qeydiyyatda olan, əvvəllər cinayət törətmiş şəxslərlə, münaqişəli ailələrlə aparılan işi normativ hüquqi aktların tələbləri səviyyəsində qura bilmədiyinə, cinayətlərin və inzibati xətaların qarşısının alınmasında, əhali arasında aparılan maarifləndirmə işlərində ictimai Şura üzvlərinin imkanlarından istifadə etmədiyinə, qardaşı X7 cinayət məsuliyyətinə cəlb olunması barədə xidmət etdiyi orqanın rəhbərliyinə məlumat vermədiyinə, anket məlumatlarında həmin faktı gizlətdiyinə, xidməti yoxlama zamanı özünü qeyri-səmimi apardığına və bununla da daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Sabirabad RPŞ-nin X4 polis sahə rəisi polis mayoru İddiaçı oğlu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı isə əmrdə qeyd olunanları əsassız və qanunsuz hesab edib, qərəzli olararaq X5 xaric edildiyini qeyd edərək, həmin əmrin ləğv edilməsini xahiş edir. Lakin məhkəmə araşdırması zamanı əmrdə qeyd olunan halları təkzib edən sübutlar müəyyən olunmamışdır. Həmçinin iddiaçı qardaşı X7 cinayət məsuliyyətinə cəlb olunması barədə xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməməsini belə əsaslandırmışdır ki, Sabirabad RPŞ-nin Qaragüney PB-yə polis sahə rəisi təyin olunarkən artıq qardaşı barədə cinayət işi üzrə icraata xitam verilmişdir. Ona görə də Sabirabad RPŞ-yə məlumat verməyə ehtiyac görməmişdir. Halbuki məhkəmə iclasında tədqiq olunmuş İddiaçı oğlunun xidmət siyahısına əsasən, o, Sabirabad RPŞ-nin xx.xx.2019-cu ildə Qaragüney PB-yə polis sahə rəisi təyin olunmuş, qardaşı barədə cinayət işi üzrə icraata isə 4 ay 20 gün sonra – xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu fakt iddiaçının tələbi ilə bağlı qeyri-səmimi olduğunu sübuta yetirir. Mübahisələndirilən inzibati aktda da iddiaçının xidməti yoxlama zamanı özünü qeyri-səmimi aparması göstərilmişdir. «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin 15-ci maddəsinə əsasən yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin 17-ci maddəsinə görə, müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Həmin Kodeksin ümumi müddəallarında həmçinin, qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən; İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. 4) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 114-cü maddəsinə əsasən, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən; İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; 7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. İİ. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsasən, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə162-001-20 saylı əmrində sadalanan əsaslarla İddiaçı əsaslı olaraq «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yenə həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə sübuta yetirildiyindən iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin qismən, yəni ona aid hissədə ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar