Məhkəmə qərarları › İş №2-1(120)-1561/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1561/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1561/2022 03.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı «cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxx 1975-ci il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuşdur. Kürdəmir rayonunda kirayəçi yaşayır. O, 1993-cü il tarixdə 1997-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1997-ci il tarixdən xx.xx.2015-cı il tarixədək gizir rütbəsi ilə Azərbaycan Respublikasında müxtəlif hərbi hissələrdə, gizir rütbəsi ilə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həbi vəzifəsindən azad olunmuş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, Cavabdeh başçısının Sərəncamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir. Lakin, 2022-ci ilin əvvəllərindən (xx.xx.2022-ci il tarixdən) həmin aylıq kirayə pulununu verilməsi dayandırılmışdır o səbəbdən ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şəbəsinin rəhbərliyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmağını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış vətəndaş olmadığımı əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılması mümkün olmadığını bildirmişdir. O, müharibə veteranıdır. Qeyd edir ki, ailəlidir, ailə üzvləri həyat yoldaşından və övladlarından ibarətdir. Hesab edir ki, ona əvvəllər verilmiş müvəqqəti mənzil kirayəsi pulunun dayandırılması qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli xx.xx.2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Göründüyü kimi, bu qərarda mənzil növbəsinə götürülmüş, yaşayış sahəsi olmayan Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya şəklində ödənilməsi nəzərdə tutulan pul ödəncidir. Bir daha qeyd edir ki, o nöqsanla, xidmətə uygunsuzluqla və yaxud, hərbi xidmət zamanı cinayət törətdiyi əsasları ilə deyil, nöqsansız xidmət edərək 20 ildən çox həqiqi hərbi xidmət illərinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Yaşayış sahəsi olmadığı üçün hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə mənzil növbəsinə götürülmüşdür. Yaşa görə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçularla xidmət illəri kifayət etməklə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara niyə fərq qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində, eləcə də iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı rayon İcra Hakimiyyəti Başçısının 24 may 2016-cı il tarixli 89 nömrəli əmri ilə mənzil növbəsinə götürülmüş və həmin tarixdən ona müvəqqəti mənzil kirayə xərci ödənilmişdir. 2022-ci ilin əvvəlində iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxıldığı müəyyən edilmiş və müvəqqəti mənzil kirayə xərcinin ödənilməsindən xx.xx.2022-ci il tarixdən imtina edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı ilə bağlı iclası onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil kirayə xərcinin bərpa edilərək ödənilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 2/427/2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatlarının ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil olunur. Sizin müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi məqsədi ilə təqdim etdiyiniz sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, Siz “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmısınız. Həmçinin bildirir ki, Dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsaitə olan təlabatın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş formada, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında cədvəl forması hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur. Lakin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şəbəsinin rəhbərliyi Sizin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmağınızı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış vətəndaş olmadığınızı əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də Sizə əsassız olaraq təyin olunaraq ödənilən müvəqqəti yaşayış sahəsinin kirayə xərcinin ödənişi tərəfimizdən dayandırılmışdır. İş materiallarında olan Seriya AZE ******** nömrəli, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.10975-ci il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********422 nömrəli vətəndaşın hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1993xx.xx.1997, xx.xx.1999-xx.xx.1999, xx.xx.1999-xx.xx.2014 və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İş materiallarında olan 017154 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı müharibə iştirakçısı olmaqla yanaşı həmçinin müharibə veteranıdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 89 nömrəli Sərancamından görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına və ona kirayə haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Kürdəmir rayonu, Muradxan kəndində ata evində qeydiyyatda olan İddiaçı mənzil növbəsinə götürülmüş və həmin tarixdən müvəqqəti mənzil kirayə xərci ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əhatə etdiyi rayonlar üzrə İddiaçı ümumbirgə mülkiyyətində Kürdəmir rayonu, Muradxanlı kəndində JN-0417 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 4.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki X3 ilə İddiaçı arasında xx.xx.2030-cu il tarixədək aylıq 200 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Mərkəzi Aran filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı yalnız müharibə veteranı adına görə xx.xx.2019-cu il tarixdən 80 manat Prezident təqaüdü təyin edilmiş və hazırda həmin ödəniş davam etdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli arayışından görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata təxris olunmuşdur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxx 1975-cı ildə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixli, **********422 nömrəli vətəndaşın hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1993-xx.xx.1997, xx.xx.1999-xx.xx.1999, xx.xx.1999-xx.xx.2014 və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsində hərbi qeydiyyatdadır. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 89 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir, lakin sonradan iddiaçıya verilən mənzil kirayəsi pulu dayandırılaraq əsas gətirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmağınızı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış vətəndaş olmadığınızı əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılmasının mümkün olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqı təkrar ödənilməsi ilə baglı müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən hesab etmişdir ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmiş, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə kirayə üçün kompensasiya nəzərdə tutulsada, bu kompensasiya öz arzusu ilə həqiqi hərbi xidmətdən buraxılmış şəxslərə şamil edilməmişdir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hisəsinə əsasən, səhhətinə (xəstəliyinə) görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qərardadda qeyd edilmişdir ki, tərəf Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında xidmət edibsə bu hüquqdan yararlana bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadından da göründüyü kimi hərbi qulluqçunun müvəqqəti mənzil kirayə pulundan yararlanması üçün üç amil olmalıdır: - Hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi; - Hərbi qulluqçunun yuxarıda qeyd edilən birinci qrupda qeyd edilən subyektlərin dairəsinə aid edilməsi (xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar) - Hərbi qulluqçunun icra hakimiyyəti orqanında mənzil növbəsinə durması. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 15 ildən artıq həqiqi hərbi xidmət keçdiyi (xx.xx.1993-xx.xx.1997, xx.xx.1999-xx.xx.1999, xx.xx.1999-xx.xx.2014 və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək), qeyd edilən birinci qrupda qeyd edilən subyektlərin dairəsinə düşdüyü (xidmət müddəti başa çatdığına görə) və mənzil növbəsinə götürüldüyü (rayon İcra Hakimiyyəti Başçısının 24 may 2016-cı il tarixli 89 nömrəli sərəncamı ilə) müəyyən edilmişdir. Bu baxımdan, məhkəmə cavabdeh inzibati orqanın imtina və etiraz dəlilləri razılaşmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar