Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1562/2022 13.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, xx xxxx 1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayonunda kirayəçi yaşayır. O, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək gizir rütbəsi ilə Azərbaycan Respublikasında müxtəlif hərbi hissələrdə, gizir rütbəsi ilə həqiqi hərbi xidmət keçmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2016-cı il tarixdə“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həbi vəzifəsindən azad olunmuş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, İddiaçı Cavabdeh başçısının Sərəncamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir. Lakin, 2022-ci ilin əvvəllərindən həmin aylıq kirayə pulunun verilməsi dayandırılmışdır o səbəbdən ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şəbəsinin rəhbərliyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmağı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış vətəndaş olmadığını əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılmasının mümkün olmadığını bildirmişdir. Ailəlidir, ailə üzvləri həyat yoldaşından və övladlarından ibarətdir. Hesab edir ki, ona əvvəllər verilmiş müvəqqəti mənzil kirayəsi pulunun dayandırılması qanunsuz və əsassızdır. Ona görə də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi məqsədi ilə təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı Rayon İcra Hakimiyyəti Başçısının 16 oktyabr 2019-cu il tarixli 264 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüş və həmin tarixdən ona müvəqqəti yaşayış sahəsinin kirayəsi xərcləri ödənilmişdir. Dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsaitə olan təlabatın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş formada, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında cədvəl forması hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur. Lakin, 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəhbərliyi İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmağını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış şəxs olmadığını əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də İddiaçı 2022-ci ildən müvəqqəti yaşayış sahəsinin kirayə xərcinin ödənilməsindən imtina edilmişdir. Şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki,baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəniiddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olduğu kimi, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən dayandırıldığı vaxtdan (xx.xx.2022-ci il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qeyd olunan hissədə qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş və Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan xx.xx.1994-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin surətindən və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli məktubundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidməti müddəti başa çatdığı üçün) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından siyahının raılaşdırılması mümkün olmamışdır. - İşdə olan xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, kirayə verən X3 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini aylıq 190 manat olmaqla kirayəyə vermişdir. - İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********24 saylı məhkəməyə ünvanlanmış məktuba əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin əhatə etdiyi rayonlar (Ucar, Göyçay, Kürdəmir, Zərdab) üzrə İddiaçı Kürdəmir rayonu, Qarabucaq kəndində ümumibirgə mülkiyyətində 10.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin, sonradan sözügedən torpaq sahəsinin 1.23 ha hissəsi Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021ci il tarixli, 4Ə-208 saylı alqı-satqı müqaviləsinəəsasən "xxxx" MMC-nə, 4.36 ha hissəsi Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə- 264 saylı alqı-satqı müqaviləsinəəsasən X8 oğluna, 3.30 ha hissəsi Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1062 saylı alqı-satqı müqaviləsinəəsasən X1. Lakin, yerdə qalan 1.19 ha (yeni elektron uçot məlumatlarına əsasən 1.06 ha) torpaq sahəsinəİddiaçı və ailə üzvləri tərəfindən çıxarış alınmamışdır. İddiaçı ümumibirgə mülkiyyətində Kürdəmir rayonu, Qarabucaq kəndində JN-002F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyəəsasən 0.12 ha həyətyanı torpaq sahəsi vardır. - İşdə olan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 264 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “...ehtiyatda olan zabit İddiaçı imtiyazlı mənzil növbəsinə götürülmüşdür.” - İşdə olan Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2022 il tarixli, 2/419-2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsaitə olan təlabatın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş formada, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında cədvəl forması hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur. Lakin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şəbəsinin rəhbərliyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmağı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarının 1-ci hissəsində göstərilən yaşa, xəstəliyə, ailə vəziyyətinə və ştatlarının ixtisarına görə ehtiyata buraxılmış vətəndaş olmadığını əsas götürərək təqdim olunmuş siyahının razılaşdırılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də əsassız olaraq təyin olunaraq ödənilən müvəqqəti yaşayış sahəsinin kirayə xərcinin ödənişi dayandırılmışdır. - İşdə olan xx.xx.2022-ci tarixli Cavabdeh Qarabucaq qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı Kürdəmir rayon İHB-nin Qarabucaq qəsəbə İƏD-nin Qarabucaq qəsəbəsində anası X2 təssərrüfatında qeydiyatda olmaqla hazırda ərazidə yaşamır. Kürdəmir rayon İHB-nin Qarabucaq qəsəbə İƏD-nin ərazisində İddiaçı məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1274 saylı məktubuna əsasən, 1976-cı il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixdək müddətli, xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ a” bəndinə ( xidməti müddəti başa çatdığı üçün) əsasən ehtiyata buraxılmışdır. İddiaçı qeydiyyat kartasının kserosurəti ünvana göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və yafərdi yaşayış evinin tikintisi üçüntorpaq sahəsialanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının NazirlərKabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydadakompensasiya ödənilir:1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ehtiyatda olan gizir İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müddətli, xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ a” bəndinə ( xidməti müddəti başa çatdığı üçün) müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsi) əsasən kirayə verən X3 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini aylıq 190 manat olmaqla kirayəyə vermişdir. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 264 nömrəli sərəncamı ilə ehtiyatda olan gisir İddiaçı imtiyazlı mənzil növbəsinə götürülmüşdür. Cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmadığı əsas gətirilərək İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 264 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edildiyindən və hazırda da mənzil növbəsində olduğundan ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi bərpa edilməlidir. Başqa sözlə, iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinə əsas onun adının cavabdehin xx.xx.2019-cu il tarixli, 264 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilməsidir. Cavabdeh isə iddiaçının adının mənzil növbəsindən olan şəxslərin siyahısından çıxarılması barədə müvafiq sərəncam qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci qərardadına əsasən, ’’Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1562/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1562/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver