Məhkəmə qərarları › İş №2-1(120)-1562/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1562/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1562/2025 10.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına (bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı )qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Ağcabədi Təmir Tikinti Sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən ona yəni İddiaçı 65 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırımışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonu Rəncbərlər kəndində doğulmuşdur. 01 iyun 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 03 iyun 2024-cü il tarixdə çalışmanın son yaş həddinə çatma əsası ilə işdən azad olunmuşdur. Qeyd olunanlar lazımi forma və qaydada tərtib olunmuş əmək kitabçası ilə öz təsdiqini tapir. Qanunla müəyyən olunmuş yaş həddinə çatdığına görə sığortaolunana yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan 02 iyul 2024-cü il tarixdə 3-17- 1/2-H-151149/2024 nömrəli məktubu ilə onun müraciətinə cavab olaraq bildirmişdir ki, “təqdim etdiyi əmək kitabçasına və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 12238,03 manat təşkil edir, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir.“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) sığorta staj imza daxil edilməsi mümkün hesab edilmir.Cavabdeh inzibati orqan ona yaşa görə pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Çünki, əmək kitabçasında qeyd edilmiş Ağcabədi Təmir Tikinti Sahəsində xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək işlədiyi dövrün işə qəbul və işdən çıxma qeydlərinin kiril qrafikalı möhürlə təsdiqlənməsi onun təqsiri üzündən olmamışdır və işin qeyd olunan halı onun pensiya hüququndan məhrum olunmağı üçün əsas ola bilməz. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan işlədiyi dövr iş stajı kimi hesablanacağı təqdirdə 25 ildən artıq sığorta stajı yaranacaqdır ki, bu da qanunvriciliyin tələbləri baxımından ona yaşa görə əmək pensiyası almaq hüququ verəcəkdir. Çünki qeyd olunan illərdə işlədiyi əmək kitabçası ilə təsdiqini tapır və bu faktlar işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı həmin illərin onun sosial sığorta stajına hesablanmasından cavabdeh inzibati orqan tərəfindən imtina edilməsidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 224303/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əmək kitabçasının surətinə əsasən sığorta stajı 25 ildən az (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 3 gün sığorta stajına uyğun olaraq 8741,34, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3496,69 manat olmaqla, ümumilikdə 12238,03 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək idiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri kiril qrafikalı mğhürlə təsdiqləndiyi üçün) iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyildir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü Həsənov X7 rayonu Rəncbərlər kəndində doğulmuşdur. Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatdadır. Ağcabədi rayonu Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 203 №-li xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda Ağcabədi rayonu Rəncbərlər kəndində qeydiyyatdadır və yaşayır. ДТ seriyalı 758193 №-li, xx.xx.1981-ci il tarixli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1976-cı ildə X8 Texnikomuna daxil olmuş, xx.xx.1981-ci il tarixli qərarla ona texnikinşaatçı ixtisası verilmişdir ( 4 il 7 ay 25 gün). НЗ seriyalı ******* №-li hərbi biletin surəyindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur ( Hərbi xidmət dövrü təhsil müddəti ilə üst-üstə düşür). ИТ seriyalı ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı; xx.xx.1981-ci ildə Ağcabədi şəhəri 46 saylı X2 5-ci dərəcəli quraşdırıcı vəzifəsinə qəbul olunmuş ( Əmr 61-2, xx.xx.1981); xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 60-1, xx.xx.1985) -(3 il 11 ay 29 gün ) xx.xx.1985-ci il tarixdə Ağcabədi Təmir-Tikinti sahəsinə 5-ci dərəcə ilə ştatdankənar tikinti ustası qəbul edilmişdir ( Əmr № 63, xx.xx.1985); xx.xx.2002-ci ildə İdarə fəaliyyətin dayandırdığı üçün vəzifəsindən azad edilmişdir (xx.xx.2002)- (16 il 7 ay). Məhkəmənin müvafiq sorğularına əsasən: Ağcabədi rayon Dövlət Arxivinin 122 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda (Arxiv arayışında) qeyd olunmuşdur ki, Ağcabədi rayon Təmir-Tikinti sahəsinin sənədləri Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunmur. Bu səbəbdən İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2002-ci il tarixədək işləyib-işləməməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 3-21-2-14/2-6320/2024, xx.xx.2024-cü il və 3-21-2-14\2-11376/2024 saylı, xx.xx.2024-cü il tarixli eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, Ağcabədi Təmir Tikinti sahəsi adlı hüquqi şəxs vergi uçotuna alınmayıb və dövlət qeydiyyatında olması və ya hüquqi varisliyi barədə heç bir məlumat aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin 3-16-5/2-11-9099/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən quruma dair qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2- 18559/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 316 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Qarabağsutikinti” törəmə müəssisəsinin tabeliyində olmuş Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən Ağcabədi Tikinti Sahəsinin əmlakının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmələri xx.xx.2014-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçi dəyişmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirəmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına ( emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-151149/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş əmək kitabçasına və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmtdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 3 gün sığorta stajına uyğun olaraq 8741,34 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 3496,69 manat olmaqla ümumilikdə 12238 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün ( işdən çıxma qeydləri kiril qarafikalı möhürlə təsdiqləndiyindən ) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərədə tutulan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin ediməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müraciət etməyi tövsiyyə olunur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: ... 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; ... Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir … 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; … 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;

İPM:

58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1959-cu il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 65 yaşı pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydinin kiril qrafikalı möhürlə təsdiqlənməsi) sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Cavabdehin imtina məktubunda və ya iddia tələbinə dair yazılı mülahizəsində iddiaçının əmək kitabçasının dövrün doldurulma qaydası pozulduğundan yəni,işdən çıxma qeydi kiril qrafikalı möhürlə təsdiqlənməsi, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd olunur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bu barədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işdən çıxması zamanı işdən çıxma əmrinin kiril və ya latın qrafikalı möhürlə təsdiq olunması ilə bağlı cavabdeh inzibati orqanın qeyd etdiyi imtinanın əsası kimi mütləq göstərici mövcud deyildir. Bundan əlavə, cavabdehin istinad etdiyi eyni fakt bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili, təsdiq olunma qaydası barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə özlüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyi müəyyən olunmamışdır. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajı yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2- 1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları) Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən iddiaçıya 65 yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilmiş xx.xx.1985-xx.xx.2002-ci illərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən həmin dövrdə müəssisədə (Ağcabədi Təmir Tikinti Sahəsində) işlədiyini təsdiq edən əmək kitabçasındakı qeydlərə dair əmək kitabçasının doldurulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı pozuntu müəyyən olunmadığından həmin dövr iddiaçıya pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajına daxil edilməlidir. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3-17-1/2-269551/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş X3 məxsus 066426 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, sonuncu xx.xx.1969-cu il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçı ilə eyni müəssisədə işləmişdir. Beləliklə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı Ağcabədi şəhəri 46 saylı X1 3 il 11 ay 29 gün, Ağcabədi Təmir-Tikinti sahəsində 16 il 7 ay təşkil edir ki bu da soncunun ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 20 il, 6 ay 29 gün əmək stajına malik olduğunu sübut edir. İddiaçının X8 Texnikomunda aldığı təhsil müddəti ( 4 il 7 ay 25 gün) ilə birlikdə sığorta stajı 25 il 2 ay 24 gün təşkil edir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Yekun olaraq məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən imtinanın əsası iddiaçıya münasibətdə ədalətsiz olmaqla yanaşı, inzibati orqanın apardığı inzibati praktikanın yanlış olması deməkdir və vətəndaşın inzibati orqana etimad hüququnun təminatını pozmuşdur. Danılmaz faktdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2002-ci illərdəki əmək stajı barədə onun əmək kitabçasında qeydlər mövcuddur və bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehə aid olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, sonuncunun işlədiyi müddətin yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox təşkil edir. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən hər ikisi də ödənmiş hesab olunmalıdır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Belə olan halda iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin onun əmək stajına əlavə edilməklə, 65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar