Məhkəmə qərarları › İş №2-1(120)-1563/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1563/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1563/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixdə Astara şəhərində anadan olmuş, xx.xx.1972-ci il tarixdə 63 nömrəli Astara şəhər Peşə məktəbinə daxil olmuş xx.xx.1973-cü il tarixdə həmin məktəbi bitirmiş, 3-cü dərəcəli suvaqçı ixtisası verilmişdir. Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1976-ci il tarixdə hərbi xidmətə çağırılmış, hərbi xidməti başa vurduğuna görə xx.xx.1978-ci il tarixdən hərbi xidmətdən tərxis olunaraq Astara rayonuna qayıtmışdır. xx.xx.1979-cü il tarixli 58 nömrəli əmrlə briqadaya suvağçı işinə qəbul edilmiş, xx.xx.1981-ci ilt arixli 99 nömrəli əmrə əsasən verdiyi ərizəyə əsasən işdən azad olunmuşdur. Rusiya Federasiyası Volqoqrad Vilayəti Voljski 1732 nömrəli avtomobil kalonunda xx.xx.1982-ci il tarixli əmrlə səhər marşurutunda sürücü təyin olunmuş, xx.xx.2002-ci il tarixli 276 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunduqdan sonra Astara rayonu qayıtmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2013-cü il tarixli 11 nömrəli əmrlə gözətçi işinə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2014-cü il tarixli 17 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2014-cü il tarixli 4 "xxxx" nömrəli əmrlə yenə Astara-Nəqliyyat ASC-yə sürücü işinə qəbul edilmiş, xx.xx.2016-ci il tarixli 02 saylı əmrlə işdən azad edilmişdir. Beləliklə ümumi stajı 29 il 3 ay 13 gün təşkil edir. Hazırda 66 yaşı vardır. 67 yaşı sentyabr ayının 9-da tamam olacaqdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi X1 müraciət etmiş, ərizəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən baxılmış və ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı direktoru Mail Məmmədovun imzası ilə göndərilmiş 23 sentyabr 2022ci il tarixli **********1 saylı məktublarında imtina üçün əsas olaraq göstərilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrü Rusiya Federasiyasının ərazisində olduğu üçün sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunandan (25 il) az olduğu qeyd edilmişdir (15 il 3 ay 6 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı (01,09.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 15 il 3 ay 6 gün təşkil edir. Bildiririk ki, Qanunun 23.1-ci maddəsinə uyğun olaraq vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsinə baxmayaraq, qarşı tərəf (Rusiya Federasiyası) müqaviləni ratifikasiya (təsdiqlənmə) etməmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrü Rusiya Federasiyasının ərazisində olduğu üçün sözügedən dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, iddiaçının xx.xx.1979-cu il tarixli AT-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" ASC-nin xx.xx.2022-cil il tarixli arayışına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2016- cı il tarixədək "xxxx" ASC-də sürücü işləməsi qeyd olunsa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, iddiaçı 65 yaşı tamam olduğu tarixdə aktiv vergi ödəyicisi (VÖEN **********) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının fəaliyyəti xx.xx.2022-ci il tarixdə dayandırılmış və ona xx.xx.2022-ci il tarixdən 180,00 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən halhazıradək 220,00 manat məbləğinə çatdırılmaqla ödənilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçı M. Quliyevin “yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə cıoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1973-cü il tarixli, 65 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Astara şəhər Peşə məktəbinə daxil olmuş, xx.xx.1973-cü il tarixdə həmin məktəbi bitirmiş və 3-cü dərəcəli suvaqçı ixtisası verilmişdir. İşdə olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1979-cu il tarixli, AТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2016-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 2013-ci il aprel ayının 2-dən "xxxx" MMC-yə gözətçi işinə qəbul edilmişdir. xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildən "xxxx" ASC-yə sürücü işinə qəbul edilmişdir. xx.xx.2016-cı ildə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövr ərzində sosial ayırmalar olmuş, dövlətin nəfinə müəssisə adından köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-232059/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 15 il 3 ay 6 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Bu səbəbdən də İddiaçı əmək kitabçasının surətində qeyd edilən xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrü Rusiya Federasiyasının ərazisində olduğu üçün sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-302741/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan qəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Qeyd etmək istəyirik ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" MMC-nin (SUN:**********1; VÖEN:**********) 2013-cü il üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı dair məlumat qeyd olunmamışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında 2014- cü il üzrə "SamSem” MMC, 2014-2016-cı illər üzrə sığortaedən 'Astara-Nəqliyyat'1 ASC-yə (SUN:**********7; VÖEN: **********) dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatı aşkar edilməmişdir. İddiaçı fərdi şəxsi hesab məlumatlarının araşdırılması üçün "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixində 3-17-1/2-290209/2024 nömrəli məktubla müraciət olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-102/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2010-cu il tarixdə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D-3084 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilən arayışa əsasən uçot məlumat bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Uçot məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti hazırkı dövrdə aktivdir. Muzdlu işçilərin əmək haqqı və ondan hesablanmış vergi məbləğləri barədə məlumatın vergi orqanı tərəfindən yalnız xx.xx.2019-cu il tarixdən sonrakı dövrlər üzrə təqdim edilməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-58395/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hökuməti ilə digər dövlətlərin hökumətləri arasında sosial təminat (pensiya təminatı) sahəsində olan münasibətlər müvafiq sahədə əməkdaşlıq haqqında bağlanmış sazişlərə uyğun tənzimlənir. xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra - Müqavilə) 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair inzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edilmiş, lakin inzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 02 aprel 2013-cü ildən "xxxx" MMC-yə (VÖEN **********1) gözətçi işinə qəbul edilmiş, 15 oktyabr 2014-cü il tarixdə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı "xxxx" MMC-də (VÖEN **********1) bir il səkkiz ay on üç gün işləmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 29 dekabr 2014-cü ildə "xxxx" ASC-yə (VÖEN **********) sürücü peşəsinə işə qəbul edilmişdir. 25 iyun 2016-cı ildə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. O "xxxx" ASC-də bir il, beş ay, iyirmi yeddi gün işləmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin surətinə və digər sənədlərə əsasən onun sığorta stajı 15 il 3 ay 6 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ X4 Maddə 1. Anlayışlar Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;

2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi 1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar

1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.

2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.

3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi

1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.

4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı) Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə məsələyə hüquqi qiymət verərkən ümumi iş stajına münasibətdə qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci ii tarixə qədər keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti dövrü cəmləndikdə müəyyən olunur ki, onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası ərazisindəki ümumi iş stajı ümumilikdə 15 il 3 ay 6 gün təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. (İddiaçının xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası ərazisində sığorta stajı tamamlanmadığı üçün məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğu verilməsi məqsədəmüvafiq hesab edilməmişdir). Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Rusiya Federasiyasının ərazisində işlədiyi müddətin sonuncunun sığorta stajına daxil edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında”müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilsə də, müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmamışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Belə ki, iki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasına başlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci tarixinədək Rusiya Federasiyasının ərazisində işlədiyi müddət onun sığorta stajına daxil oluna bilməz. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən edilməsi məqsədilə onu qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçalarından müəyyən olunur ki, o xx.xx.1995-cü il tarixdən sonra Azərbaycan Respublikası Ərazisində əmək fəaliyyəti ilə məşğul olmadığından iddiaçının fərdi hesabının sığorta hissəsində qanunla tələb olunan məbləğdə pensiya kapitalının toplanmasını mümkünsüz edir. Eləcə də, mübahisənin digər hissəsi iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2014cü il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2016- cı il tarixədək "xxxx" ASC-də sürücü işləməsi ilə bağlıdır ki, həmin hissə də inzibati orqanın etirazına əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması müəyyən edilmişdir. Həmin hissə ilə bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, o, gələcəkdə hüquqi marağına uyğun xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2016- cı il tarixədək "xxxx" ASC-də sürücü işlədiyi illərin sığorta stajına əlavə edilməsi məqsədilə ilk öncə qeyd edilən illər üzrə məcburi dövlət sosial sığorta ödənişlərin ödənilməsi və ya hesabatların (B1 və B3 kodları üzrə) tam (şəxsin adı qeyd edilməklə) təqdim edilməsi məqsədilə işlədiyi MMC-in rəhbərliyinə müraciət etməli, MMC tərəfindən tələbi icra olunaraq iddiaçıya məxsus məcburi dövlət sosial sığorta ödənişləri üzrə hesabatlar təqdim edilərsə müvafiq tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməlidir. MMC tərəfindən tələbi icra edilmədiyi təqdirdə inzibati orqana qarşı yuridiksiya üzrə müvafiq ümumi (rayon/şəhər) məhkəməsində qeyd edilən əsaslar üzrə iddia qaldırmaq hüququ vardır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-ci il tarixdən 2018-ci ilin 1 iyul tarixinə kimi pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş dövrlər üzrə qeydə alınmadığından ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilən yaşı tamam olduğuna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər (fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı) onun tərəfindən ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar