Məhkəmə qərarları › İş №2-1(120)-1566/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1566/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1566/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin yüklülüyünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin yüklülüyünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4478/2024 nömrəli qərardadı ilə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli, MA- 01968/14 saylı kredit müqaviləsi bağlanmış və həmin kreditin təminatı kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda kredit müqaviləsi üzrə öhdəliklər icra olunmuş və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə fonda və reyestr xidmətinə məktublar ünvanlamış, lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktub əsasında ipoteka yüklülüyün azad olunmasından imtina olunmuşdur. Halbuki, o bank qarşısında öhdəliklərimi tam icra etmiş, onun banka borcu yoxdur, buna görə də ipoteka predmeti yüklülükdən azad olunmalıdır. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149, 150-ci maddəsinin tələblərini rəhbər tutub Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin yüklülüyünün ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X3 və üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı X7 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı X1 və üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyinin yerinə yetirildiyini, girov saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialının razılığını nəzərə alaraq mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 5 ünvanında yerləşən 51.90 kv.m sahədən ibarət yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi ilə müvafiq qeydiyyatın aparılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İL/7127359 müqavilə ilə müəyyən olunur ki, Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə X10, X2 və X15 arasında lizinq müqaviləsi bağlanmış, lizinq alana 60 ay müddətinə, illik 20 faizlə, 25.000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan ipoteka predmeti xx.xx.2018-ci il tarixli, ********** qeydiyyatlı, **********39-05101-093004 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1, mənzil 5 ünvanında yerləşən 51.90 kv.m sahədən ibarət yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialının adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********104 nömrəli məktubunda qeyd edilmişdir ki, “AmrahBank" ASC ilə X10 (lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli İL7127359/2018 saylı Daxili Lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən öhdəliklərin tam icra olunduğunu nəzərə alaraq, lizinq obyekti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.9 kv.m olan, **********39-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin tam mülkiyyətində olan 5 nömrəli mənzilə mülkiyyət hüququnun X5 (Şəxsiyyət vəsiqəsi: Seriya AZE********) adına qeydiyyata alınmasını və xx.xx.2018-ci il tarixli İL7127359/2018 saylı Daxili Lizinq müqaviləsinin qeydiyyatının ləğv edilməsini xahiş edirik. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********347 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MAS-01968/14 nömrəli Əsas kredit müqaviləsinin təminatı kimi X4 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 51.9 kv.m ümumi sahədən ibarət 5 nömrəli mənzil xx.xx.2014-cü il tarixli MAS-01968/14 nömrəli İpoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MAS-01968/14 nömrəli Əsas kredit müqaviləsi üzrə öhdəliklər ləğv prosesində olan "xxxx" ASC qarşısında tam icra olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 48.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq sözügedən əmlaka dair (Çıxarış: Seriya MH NQ0002129, reyestr nömrəsi: **********39-05101-093004, qeydiyyat nömrəsi: 230700833, qeydiyyat tarixi: xx.xx.2007-ci il) xx.xx.2014-cü il tarixli MAS-01968/14 nömrəli İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və xx.xx.2014-cü il tarixli MAS- 01968/14 nömrəli İpoteka müqaviləsi üzrə yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsini xahiş edirik. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********103 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə X10 (lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli İL7127359/2018 saylı Daxili Lizinq müqaviləsi üzrə lizinq obyekti olan olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.9 kv.m olan, **********39-05101- 093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli AR ƏMDK yanında Daşınmaz Əmlakın Reyestrindən RX ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət üzrə "xxxx" ASC-nin tam mülkiyyətində olan 5 nömrəli mənzil X5 istifadəsinə verilmişdir. Məlumat üçün sizə bildirmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Xahiş edirik ki, "xxxx" ASC ilə X10 (lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli İL7127359/2018 saylı Daxili Lizinq müqaviləsini qeydiyyata alasınız. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3081/2024 nömrəli məktubda qeyd edilmişdir ki, etibarnamə əsasında "xxxx" ASC-nin adından çıxış edərək 11 iyun 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı regional “ASAN Xidmət" Mərkəzinə müraciət edərək Masallı şəhərində yerləşən mənzil üzərində lizinqin qeydiyyata alınması üçün xahiş etmisiniz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş xx.xx.2018-ci il tarixli İL/7127359/2018 nömrəli lizinq müqaviləsi notariat qaydada təsdiq edilməmişdir. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub lizinq müqaviləsinin qeydiyyata alınmasından imtina edilərək təqdim etdiyiniz sənədlər sizə qaytarılır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəlləsinin 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəlləsinin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. Həmin Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdı. Həmin Məcəlləsinin 309.2-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir. Həmin Qanunun 48.2-ci maddəsində deyilir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 20.4-cü maddəsində deyilir ki, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Göründüyü kimi, iddiaçı öz əmlakını "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakı dövlət reysterində qeydə alınmışdır. Həmin kredit öhdəlikləri ilə əlaqədar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, məktubla müəyyən edilir ki, iddiaçı və müqavilənin digər tərəfləri müqavilə əsasında götürdükləri öhdəliklərini tam icra etmiş onların ipoteka saxlayan qarşısında hər hansı bir öhdəlikləri qalmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin mahiyyətini tam araşdırmamış, onun hüquqi marağı əmlaka dair yüklülük qeydinin ləğv edilməsi olduğu təqdirdə, ona məxsus Masallı şəhərində yerləşən mənzil üzərində lizinqin qeydiyyata alınması kimi icraat aparılmış, təqdim edilmiş xx.xx.2018-ci il tarixli İL/7127359/2018 nömrəli lizinq müqaviləsi notariat qaydada təsdiq edilməməsi əsas götürülməklə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub lizinq müqaviləsinin qeydiyyata alınmasından imtina edilərək təqdim edilmiş sənədləri geri qaytarılmışdır. Cavabdeh inzibati orqan ipoteka saxlayının bildirişi əsasında yüklülüyü qeydə alınmış əmlakı yüklülükdən azad etmək haqqında ipoteka saxlayanın məktubu olduğu təqdirdə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması ilə yüklülük qeydinin ləğv edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin yüklülüyünün ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli MAS 01968/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin yüklülüyünün ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar