Məhkəmə qərarları › İş №2-1(120)-1568/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1568/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1568/2021 16.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “iş stajı, əmək haqqı barədə arayışın verilməsi” barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən daxil olmuş işə baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “iş stajı, əmək haqqı barədə arayışın verilməsi” barədə iddia ərizəsi üzrə iş Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(112)- 6861/2021 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi 22 iyul 2021-ci il tarixli, 2-1(112)- 6861/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8.1.3-ci maddəsinin tələbini rəhbər tutaraq hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının yaşayış ünvanı ərazi yurisdiksiyası baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir Əsaslandırma hissəsi: Şirvan İnzibati Məhkəməsi mübahisə predmetinin daşınmaz əmlakla bağlı olmasına dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmadığından və iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduğu vaxt qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələbinə görə həmin iddiaya həmin məhkəmədə baxılmalı olduğundan işin iddiaçının yaşayış yeri üzrə məhkəməyə göndərilməsi düzgün deyildir. Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, həmin işə Şirvan İnzibati Məhkəməsində baxıla bilməz. Belə ki, iddiaçının iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının tələbi “1998-2006-cı illər üçün Şirvan (keçmiş Əli Bayramlı) şəhər Texniki İnventarlaşdırma İdarəsində iş stajı, əmək haqqı barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinin 1-ci bəndi inzibati mübahisələrin ərazi aidiyyətni müəyyən edir. Həmin bəndin 1-ci yarımbəndinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin bəndin 2-ci yarımbəndinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin bəndin 3-cü yarımbəndinə görə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin bəndin 3-1-ci yarımbəndinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin bəndin 4-cü yarımbəndinə görə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Sadalanan prosessual hüquq normalarının tələbindən göründüyü kimi, qanunverici yuxarıda sadalanan iddialar üzrə müstəsna aidiyyət qaydalarını müəyyən etməklə yanaşı digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən etmişdir. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlməməklə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 02.11.2021-ci il tarixli, 04/04-22/2896 nömrəli məktubunda qeyd olunur: “... Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Sorğunuza dair bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tarixli 607 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 471 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 03 dekabr 2002-ci il tarixli əmri ilə Komitənin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1ci bəndinə əsasən Mənzil-Kommunal Təsərrüfatı Komitəsi sədrinin 20 aprel 2001-ci il tarixli 55 saylı əmri ilə Komitənin tabeliyində olan müvafiq istehsalat birlikləri, müəssisə və təşkilatlar, o cümlədən Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Dövlət Tikinti və Arxitektura Komitəsinin tərkibinə keçmişdir. Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin 06 dekabr 2002-ci il tarixli 256 saylı əmri ilə sözügedən idarənin adı dəyişdirilərək Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi adlandırılmış və Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 07 mart 1997-ci il tarixli D-1848 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Nizamnaməsinin yeni redaksiyası təsdiq edilmişdir. Azərbaycan Respublikası ərazisində dövlət şəhərsalma kadastrının yaradılması və aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili barədə” 04 sentyabr 2000-ci il tarixli 159 nömrəli Qərarına və Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin 06 dekabr 2002-ci il tarixli 256 saylı əmrinə uyğun olaraq Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə və onun müvafiq yerli struktur bölmələrinə həvalə edilmişdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Baş idarə təsərrüfat hesablı prinsip ilə fəaliyyət göstərməklə, dövlət sifarişlərini həyata keçirərkən büdcədən maliyyələşdirilən hüquqi şəxs olmuş, sərbəst balansa, əsas və dövriyyə vəsaitlərinə malik olmuşdur. Həmin Nizamnamənin 1.6-cı bəndinə əsasən Baş idarə respublika ərazisində tabeliyində olan struktur bölmələrin üzərində dövlət nəzarətini həyata keçirmiş və icraedici səlahiyyətlərə malik olmuşdur. Sözügedən Nizamnaməyə əlavə edilmiş həmin İdarənin struktur bölmələrinin siyahısında Əli-bayramlı X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi də nəzərdə tutulmuşdur. Əli bayramlı X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin dövlət orqanı statusuna malik olub-olmaması ilə bağlı bildiririk ki, dövlət orqanının anlayışı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi (adı dəyişdirilmiş Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) Nizamnaməsinə əsasən təsərrüfat hesablı prinsip ilə fəaliyyət göstərdiyi üçün həmin idarə, habelə onun struktur bölmələri (o cümlədən, Əli bayramlı X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi) dövlət orqanı statusuna malik deyil və həmin idarələrdə işəmuzd işləyən şəxslər də daxil olmaqla, əməyi əməyin ödənilməsinin digər sistemləri ilə ödənilən işçilər dövlət qulluqçusu hesab edilmir. Göründüyü kimi iddiaçının əvvəllər işlədiyi müəssisənin dövlət orqanı, iddiaçının isə dövlət qulluqçusu statusu olmamışdır. Yəni, mübahisə dövlət qulluqçusu ilə inzibati orqan arasında yaranan xidməti hüquq münasibətləri ilə əlaqədar yaranmamışdır. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinin dispozitiv şərtlərindən aydın görünür ki, həmin norma dövlət qulluqçusu ilə dövlət orqanı arasında yaranmış xidməti hüquq münasibətləri ilə əlaqədar yaranmış inzibati mübahisələrə şamil olunur. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırki iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsində - Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki, iş materialarından görünür ki, cavabdeh Bakı şəhərində yerləşir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, aidiyyət qaydalarına əməl edilməklə verilmiş iddia ərizəsi sonradan aidiyyətin dəyişməsi səbəbindən digər məhkəməyə aid olsa da həmin iddiaya əvvəl daxil olmuş məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Məcəllə adlanacaq) 8.1.2-ci, həmin Qanunun 1.2.1-ci maddəsi ilə Məcəllənin 16.1-ci, həmin Qanunun 1.2.2-ci maddəsi ilə Məcəllənin 16.3-cü və həmin Qanunun 1.3-cü maddəsi ilə Məcəllənin 96.4-cü maddələrinə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarında qeyd edilir ki, “bu Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minir (maddə 2.1). Bu Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik bu qanun qüvvəyə minənədək inzibati məhkəmələrin icraatına qəbul edilmiş iddia ərizələrinə şamil edilmir (maddə 2.2)”. Məhkəmə qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hətta iddiaçının dövlət qulluqçusu statusu olmasa da və yeni dəyişikliklərə görə öhdəliyin icrası haqqında iddia növündə olan iddialara iddiaçının yaşayış yeri üzrə baxılması mümkün olsa da, hazırki iddia ərizəsi verildiyi vaxt aidiyyət qaydalarına uyğun düzgün verildiyindən və ərazi aidiyyəti üzrə işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi əsasları (iddiaçının dövlət qulluqçüsu olması) mövcud olmadığından həmin iddiaya əvvəl qəbul edilmiş məhkəmənin (Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin) icraatında baxılmalıdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan İnzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “iş stajı, əmək haqqı barədə arayışın verilməsi” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “iş stajı, əmək haqqı barədə arayışın verilməsi” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar