Məhkəmə qərarları › İş №2-1(120)-157/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-157/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-157/2020 18.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Saatlı şəhəri, Cavanşir küçəsi, ev 47-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X1 (Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 19-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı 2-ci dərəcəli əlilliyə görə təyin olunan sosial müavinətin dayandırıldığı tarixdən bərpa olunması və hesablanıb ödənilməsi, ailə başçısının itirilməsinə görə pensiyasından qanunsuz tutulan məbləğin geri olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il tarixdən,yəni 2-ci dərəcəli əlilliyə görə təyin olunan sosial müavinətin dayandırıldığı vaxtdan bərpa olunması və hesablanıb ödənilməsi, ailə başçısının itirilməsinə görə pensiyasından qanunsuz tutulan məbləğin geri olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçıməhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2006-cı ildə Minbaşıyev Murad Əlişirin oğlu ilə rəsmi nikah münasibətinə daxil olmuş və nikahları Saatlı rayon VVADQ şöbəsində 16.12.2006-cı ildə 298 saylı nikahla qeydə alınmışdır. Birgə nikahdan 14.02.2008-ci ildə Minbaşıyeva Arzu Murad qızı və Minbaşıyev Əlişirin Murad oğlu adlı iki uşaqları anadan olmuşdur. Həyat yoldaşı Minbaşıyev Murad Əlişirin oğlu 20.06.2010-cu ildə beyinə qansızma səbəbindən vəfat etmişdir. “pensiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən himayəsində olan iki azyaşlı uşaqlarının yetginlik yaşına çatana kimi Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 09.07.2010-cu il tarixdən etibarən ailə başçısının itirməyə görə ona pensiya təyin edilmişdir. Qanunun tələbinə görə sözügedən pensiya yalnız ailə başçısının itirilməsinə görə təyin olunan pensiya növüdür. 2016-cı il tarixdə onun sağ əli biləkdən travmatik amrlutasiya olunmuş və bu səbəbdən ona AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona 12.08.2016-cı il tarixdə müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bununla bağlı ona Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 21.06.2016-cı il tarixdən etibarən 2-ci dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. 2017-ci ildə cavabdeh qanunsuz olaraq 2-ci dərəcəli əlilliyə görə ona təyin olunmuş pensiyanın ödənilməsini dayandırmış, ailə başçısının itirilməsinə görə olan pensiyadan qanunsuz pul tutmaları aparmışdır. Bununla bağlı cavabdehə rəsmi müraciət edərək əsassız olaraq pensiyadan tutulan pulların geri olaraq ona ödənilməsini, eləcə də 2-ci dərəcəli əlilliyə görə ona təyin olunan pensiyanın bərpa olunmasını tələb etsə də cavabdehin özünün 09.09.2019-cu il tarixli, **********9 saylı məktubu ilə onun müraciətinə imtina ilə cavab vermişdir. Belə olan halda onun və ailə başçısını itirmiş iki azyaşlı uşaqlarının konstitusion hüquqları pozulur və pensiya almaq hüququ məhdudlaşır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən vətəndaşa 09.07.2010cu il tarixdən etibarən ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilərək ödənişə göndərilib və bu günədək İddiaçı əmək pensiya ödənilir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 22.06.2016-cı il tarixdən İİ qrup əlillik təyin edilib. Vətəndaşın müraciəti əsasında ona əlillik təyin edilən gündən 222927 nömrəli şəxsi iş üzrə İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişə göndərilmişdir. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Audit şöbəsi tərəfindən şöbədə aparılan araşdırmalar zamanı İddiaçı İİ qrup əlilliyə görə təyin edilmiş sosial müavinət işi qanunsuz hesab edilmiş və 01.10.2017-ci il tarixdən etibarən dayandırılmışdır. Qanunsuz təyin olunmuş sosial müavinət işi üzrə 22.06.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr ərzində vətəndaşa ödənilmiş 841 manat məbləğində vəsait şöbənin Sosial müavinətlər sektorunun məsul işçisi tərəfindən büdcə hesabına geri ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, 16.08.2016-cı il tarixli, 060889 nömrəli vəsiqənin, AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12.06.2016-cı il tarixli çıxarışının, nikah haqqında şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmumlu tələblə inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçı 2-ci dərəcəli əlilliyə görə təyin olunan sosial müavinətin dayandırıldığı tarixdən bərpa olunmasını və hesablanıb ödənilməsi, ailə başçısının itirilməsinə görə pensiyasından qanunsuz tutulan məbləğin geri olaraq ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16288458 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı09.08.1985-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Saatlı şəhəri, Cavanşir küçəsi, ev 47-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin çıxarışından görünür ki, İddiaçı 12.08.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan 16.08.2016-cı il tarixli, 060889 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli əlildir. İşdə olan 16.12.2006-cı il tarixli, AZ-İ 289378 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Minbaşıyev Murad Əlişirin oğlu ilə X4 16.12.2016cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.12.2016-cı il tarixdə 298 nömrə ilə qeyd edilmişdir. İşdə olan 05.07.2010-cu il tarixli, AZ-İ 412408 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Minbaşıyev Murad Əlişirin oğlu 20.06.2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.07.2010-cu il tarixdə 61 nömrə ilə qeyd edilmişdir. İşdə olan Dövlət Sosial X5 rayon şöbəsinin iddiaçıya ünvanladığı 09.09.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, 09.07.2010-cu il tarixdən etibarən ailə başçısını itirdiyinə görə əmək pensiyası alır. Əlavə olaraq isə Saatlı rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən 21.06.2016-cı il tarixdən etibarən İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. 2017-ci ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Audit şöbəsi tərəfindən şöbədə aparılan növbəti araşdırmalar zamanı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsi (əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir) əsas götürülərək əlilliyə görə sosial müavinət işini haqlı olaraq dayandırılmışdır. Bu səbəbdən də ərizəsində iddia etdiyi məsələlərin həlli mümkünsüzdür. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə;http://www.eqanun.az/alpidata/framework/data/11/c_f_11566.htm 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən müavinətin növlərindən biri də əlilliyə görə müavinətdir. Həmin qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir. Məhkəmə müəyyən etdi ki, cavabdeh tərəfindən İddiaçı İİ qrup əlilliyə görə təyin edilmiş sosial müavinət qanunsuz hesab edilmiş və 01.10.2017-ci il tarixdən etibarən dayandırılmışdır. Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin 14.11.2019-cu il tarixli, **********3 nömrəli etirazında da qeyd edilmişdir ki, “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İddiaçı İİ qrup əlilliyə görə təyin edilmiş sosial müavinət işi qanunsuz hesab edilmiş və 01.10.2017ci il tarixdən etibarən dayandırılmışdır. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya 09.07.2010-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyindən onun hazırki iddia tələbi əsaslı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş subutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı 2-ci dərəcəli əlilliyə görə təyin olunan sosial müavinətin dayandırıldığı tarixdən bərpa olunması və hesablanıb ödənilməsi, ailə başçısının itirilməsinə görə pensiyasından qanunsuz tutulan məbləğin geri olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı 2-ci dərəcəli əlilliyə görə təyin olunan sosial müavinətin dayandırıldığı tarixdən bərpa olunması və hesablanıb ödənilməsi, ailə başçısının itirilməsinə görə pensiyasından qanunsuz tutulan məbləğin geri olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar