Məhkəmə qərarları › İş №2-1(120)-1570/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1570/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1570/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı əmək müqaviləsi bildirişinin qeydə alınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə (bundan sonra mətndə Cavabdeh) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə ƏƏSMN) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Füzuli rayonu, General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə X1 Sisteminin (MEİS) “əmək və məşğulluq” altsisteminə (ƏMAS) daxil edilməsi və 15 fevral 20 iyun 2023-cü il dövrü (126 gün) əhatə edən müddət üzrə hamiləliyə və doğuma görə ona müavinat verilməsi vəzifəsinin öz səlahiyyətləri daxilində müvafiq olaraq, 1-ci Cavabdehnə və 2-ci cavabdhe ƏƏSM-nə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində yalnz Cavabdeh göstərilməklə iddiaçı X3 Füzuli rayonu, General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə X1 Sisteminin (MEİS) əmək və məşğulluq altsisteminə (ƏMAS) daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 may 2019cu il tarixli F-321 nömrəli əmrinə əsasən Füzuli rayonu,Zobcuq qəsəbəsində yerləşən 33 nömrəli tam orta məktəbindən Füzuli rayonu, General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbinə yerdəyişmə etmişdir. Yerdəyişmə etməyi ilə bağlı onunla yazılı əmək müqaviləsi bağlanmış və bu barədə müvafiq daxili əmr imzalanmışdır. O, xx.xx.2023-cü il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Bu səbəbdən də ona 15 fevral-20 iyun 2023-cü il dövrünü (126 gün) əhatə edən hamiləliyə və doğuma görə müavinətin ödənilməsi ilə bağlı ƏƏSMN müraciət etmişdir. Lakin Cavabdeh tərəfindən təqdim edilən haqq-hesab cədvəlində və digər sənədlərdə uyğunsuzluq aşkar edildiyinə görə ona müavinət ödənilməsindən imtina edilmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. İşə qəbul olunmağı ilə bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə əmək müqaviləsi bildirişləri Cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. ƏƏSMN tabeliyində X10 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, “əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman onunla Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi arasında aktiv əmək müqaviləsinin mövcud olduğu müəyyən edilmişdir. Əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərməyi səbəbindən geri tarixə bağlanmış əmək müqaviləsində müvafiq düzəlişin aparılması texniki cəhətdən mümkün olmamışdır. Onun təkrar müraciətinə Cavabdeh Füzuli və Xocavənd rayonları üzrə təhsil idarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, yerdəyişmə ilə bağlı onunla yazılı əmək müqaviləsi bağlanmış, məktəbin müvafiq daxili əmri ilə rəsmiləşdirilmiş, lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Elektron Hökümət” portalı üzərindən qeydiyyata alınmamışdır. Bu barədə ƏƏSMN tabeliyində X10 Xidmətinə məlumat verilmişdir. Lakin müraciətləri nəticəsiz qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməyi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları: Məhkəmənin müvafiq sorğularına əsasən Cavabdeh: 3-29-38/2-33/2025 saylı, xx/xx/2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbinə xx.xx.2019-cu il tarixdən müddətsiz əsaslarla texnologiya müəllimi vəzifəsinə təyin edilmişdir. Müəssisənin direktoru X4 tərəfindən İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlanmış, şəxsi işi hazırlanmışdır. İddiaçı işə təyin olunma haqqında əmri məktəbin daxili əmr kitabında yazılmışdır, lakin əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. X4 01 dekabr 2020-ci il tarixdən direktor vəzifəsi səlahiyyətlərinin icrası Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan X12 həvalə edilmişdir. X5 tərəfindən İddiaçı ilə əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək məşğulluq” altsisteminə daxil edilməmişdir. Hazırda sözügedən müəssisədə direktor vəzifəsinə xx.xx.2022-ci il tarixdən X8 təyin edilmişdir. X8 tərəfindən xx.xx.2022-ci il tarixdən İddiaçı ilə əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək və məşğulluq altsisteminə” daxil edilmişdir. İddiaçı hamiləliyə və doğuşa görə məzuniyyət ödənişi xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial-Sığorta Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmiş və xx.xx.2024-cü il tarixdə DSMF-nin Sosial Sığorta Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təsdiq edilərək "xxxx" ASC-nin Füzuli rayon filialından şəxsin ******************** nömrəli kart hesabına ödənilmişdir. 3-29-38/2-394/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən fəaliyyət göstərdiyindən İddiaçı Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə X1 Sisteminin əmək məşğulluq altsisteminə daxil edilməsi barədə müraciəti təmin etmək imkan xaricindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi əmək müqavilələrinin reyestrində onun əmək müqaviləsi bildirişinin daxil edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Regional Təhsil İdarələrinin nümunəvi” Əsasnaməsinin 3.1.7-ci bəndində qeyd olunmuşdur ki, təhsil müəssisələrində məktəb sənədlərinin aparılması və saxlanması qaydalarına riayət olunmasına nəzarət etmək Təhsil İdarələrinin vəzifəsidir. Əsasnamədən göründüyü kimi Əsasnamədə əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə X1 Sisteminin (MEİS) “əmək və məşğulluq” altsisteminə (ƏMAS) daxil edilməsi Təhsil İdarəsinin nə hüquqları nədə vəzifələri kimi nəzərdə tutulmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlanmışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırkı tələblə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı əmək müqaviləsi bildirişinin qeydə alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar