Məhkəmə qərarları › İş №2-1(120)-1583/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1583/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1583/2020 17.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Lənkəran rayonu, Xolmili kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyi uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, ona veteran vəsiqəsi verilməmişdir. 1976-1978-ci illərdə SSRİ Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, 1979-1984-cü illərdə Kiyev Dövlət X3 təhsil aldığı müddətdə hərbi kafedranı bitirdiyindən SSRİ Müdafiə Nazirinin əmri ilə ona 1984-cü ildə leytenant, 1985-ci ildə Baş Leytenant hərbi rütbəsi verilmişdir. 20 yanvar əlilidir, 1991-ci ildə yaradılmış N nömrəli hərbi hissədə ordu sıralarına daxil olmuşdur. Şuşa istiqamətində Daşaltı əməliyyatında, Ağdam istiqamətində Şelli, Papravənd əməliyyatlarında, Tərtər istiqamətində Ağdərə, Kasapet, Drambon, Paqasaqomer 1, Paqasaqomer 2, Çıldıran, Sırxavən əməliyyatlarında iştirak etmişdir. Daha sonra N nömrəli hərbi hissənin tərkibində Laçın istiqamətində, Laçın dəhlizi, Səfiyan, Güləbird, Mığı dərəsi əməliyyatlarında, Xocavənd istiqamətində Muğanlı, Əmralı, Kurupatkin əməliyyatlarında iştirak etmişdir. Zabit vəsiqəsini Respublika Hərbi Prokurorluğu əməkdaşları tərəfindən istintaq zamanı ondan alınmışdır. Daha sonra sənədlərlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Hal-hazırda zabit vəsiqəsi nə hərbi prokurorluqda, nə də Ali Məhkəmədə yoxdur. Arxiv arayışını müvafiq sənədlərlə müdafiə nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim olunsa da, ona veteran vəsiqəsini verilməsi ilə bağlı müsbət qərar qəbul olunmamışdır. Onunla bir yerdə xidmət edən X4, X6, X5 hal-hazırda müharibə veteranı kimi vəsiqə ilə təmin olunublar. Bu günədək veteran vəsiqəsi ilə təmin olunmamış, zabit vəsiqəsi tələb olunmuşdur. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-2-ci maddəsinin 3-cü hissəsi, 255-ci maddəsinin b bəndi, 120-ci maddəsinin 2-ci hissəsi, 132-ci maddəsi və 220-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunmuş, xx.xx.1993-cü ildə həbs olunmuş, həbs olunarkən sənədləri, o cümlədən zabit vəsiqəsi götürülmüşdür. 14 il həbs cəzası almış, 2003-cü il 31 dekabr tarixdə əfv olunmuşdur.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışda qeyd edilib ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixədək olan əmrində iddiaçının xidməti barədə məlumat yoxdur. İddiaçının N nömrəli hərbi hissədə xidməti barədə arxivdə bəzi məlumatlar var, lakin iddiaçının xidmətinin sonu barədə məlumat yoxdur. Axrıncı dəfə iddiaçı xx.xx.1993-cü ildə ezamiyyətə gedib sonra onun xidməti barədə və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. İddiaçının atəşkəs elan olunana qədər haqda olması və ya xidmət keçməsi barədə məlumat yoxdur. Bundan əlavə iddiaçının zabit kimi Azərbaycan Ordusunda xidmət keçməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə subut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. İddiaçı tələblərinin rədd edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Xolmili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/H-11225 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli və təkrar xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Müdafiə Nazirliyində zabit qismində xidmət keçməyi, xx.xx.1993-cü il tarixdən sonra hərbi xidməti, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına və barəsində arxiv sənədlərində məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-10011 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 10 nömrəli əmrilə Hacıyev X1 Nazirliyinə xidməti iş üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 25 nömrəli əmrilə İddiaçı xidməti iş üçün 3 gün müddətinə Müdafiə Nazirliyinə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 27 nömrəli əmrilə İddiaçı xx.xx.1993-cü il tarixdə ezamiyyətdən qayıdıb xidməti işinə başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 166 nömrəli əmrilə İddiaçı yanvar-iyun 1993cü il tarixi üçün əmək haqqı ilə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 177 nömrəli əmrilə İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq 10 gün müddətinə Danetski vilayətinin “Xarçızski” şəhərinə məzuniyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı (Cəmil) Hacıverdi oğlunun xidməti barədə məlumat aşkar olunmamış və sorğuda xidmət müddəti dəqiq (aylarla) qeyd olunmadığına görə əlavə araşdırma apara bilmirlər. N nömrəli hərbi hissənin zabit-gizir heyətinin, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin N iyul-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı (Cəmil) Hacıverdi oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1200 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, Xolmili kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı barəsində SHXÇDX-nin Lənkəran rayon şöbəsinin arxiv uçot sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri, arxiv arayışı və s.) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar